Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında Milli Məclisdə təmsil olunan YAP üzvlərinə parlamentin buraxılması təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub. Deputatlar yekdilliklə bu təklifi dəstəkləyiblər. 5-ci çağırış Milli Məclisin buraxılması mövcud parlamentin dövlət başçısının həyata keçirdiyi uğurlu və çevik siyasətə adekvat olmaması, son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılır. Bu baxımdan YAP Siyasi Şurası islahatlara dəstək məqsədilə Milli Məclisin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini məqsədəuyğun hesab edir. Bununla da Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi elan olunub. Seçkinin nə zaman keçiriləcəyi ilə bağlı qərar verilməsə də, artıq ölkədə parlament seçkilərinə hazırlığa start verilmiş sayılır. 

“Unikal” qəzetinə müsahibə verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə də bu mövzu atrafında söhbətləşdik. 

-Sərdar bəy, demək olar ki, ölkədə parlament seçkilərinə hazırlıq başlayıb. Amma müxalifətdə deyəsən, iki fikir hakimdir. Seçkidə iştirak etmək istəməyənlər də var. Sizcə, müxalifət hansı yolu tutmalıdır? 

-Hesab edirəm ki, müxalifət partiyaları bütün seçkilərdə iştirak etməlidir. Odur ki, istər Prezident,istərsə də parlament seçkilərində iştirakın tərəfdarı olmuşam, özüm də seçkiyə qatılmışam. Özü də seçkinin nəticələrindən çox seçki prosesinin özünün əhəmiyyətini xüsusi dəyərləndirmək lazımdır. Biz seçkilərin nəticələrinin öncədən mənasız olduğunu bilsək də, seçki prosesinin özünün əhəmiyyəti naminə prosesdə iştirak etməliyik və seçkinin verdiyi imkanlardan istifadə edib xalqla lazım olan işi aparmalıyıq. Ona görə də mən seçkidə iştirakın tərəfdarıyam. 

-Bəs seçkidə iştirakın əlehinə olan, boykot çağırışı edən müxalif siyasi qüvvələrlə bağlı nə deyə bilərsiniz?

-Əvvəla onu deyim ki, yeni qəbul olunan qanuna görə vətəndaşları seçkidən yayındırmaq qadağandır. Faktiki olaraq, Azərbaycanda seçkilərin boykot edilməsi qanunla qadağandır. Yəni, hansısa müxalif qüvvə rəsmi şəkildə boykot kampaniyası apararaq insanları seçkilərdən yayındıra bilməz. 
İkincisi, Siyasi Partiyalar haqqında Qanuna görə də partiyalar öz üzvlərinin konstitusion hüquqlarını məhdudlaşdıra bilməz. Bu da o deməkdir ki, biz partiya üzvlərimizin seçkiyə gedib-getməməsini hansısa qərara bağlaya bilmərik. Ona görə də deyirəm ki, boykotun qanuni, hüquqi əsası yoxdur. 
Onu da nəzərə çatdırım ki, boykot ciddi ictimai-siyasi kampaniyadır. Gərək boykotun tərəfində duranlar o qədər yüksək səviyyədə ola ki, əks tərəf də açıq-açığına xalqın iştirak etməsi nümayiş etdirilə. Bizim təcrübəmiz göstərir ki, boykot taktikası Azərbaycanda kifayət qədər effektli olmayıb. Əhalinin böyük bir hissəsi seçki prosesindən narazı olsalar belə qorxu ilə, təzyiq ilə seçkilərdə iştirak edib. Ona görə də bizdə klassik mənada boykot alınmayıb. Bir partiya etiraz edib seçkilərə qatılmaya, seçkilərə inamsızlığını ifadə edə bilər. Amma bunu da boykot kimi dəyərləndirmək olmaz. 

-Qarşıdan gələn parlament seçilərində müxalifət hansı formatda iştirak etməlidir? Sizcə, yeni bir ittifaqın, birliyin formalaşması mümkündürmü?

-Müxalifət budəfəki parlament seçkilərində bir yerdə ola bilməyəcək. Çünki belə bir imkanı əlindən buraxıb. Seçkilərdən bir neçə ay öncə müxalifət qüvvələri bir araya gəlib müzakirə aparmalı idi, amma belə bir ümumi birlik təşəbbüsü olmadı. Bir müddət öncə Müsavat Partiyasının təşəbbüsü ilə guya müxalifətin əməkdaşlıq mərkəzini yaratdılar. Bu addımlar müxalifətin daha geniş cəbhədə birləşməsinin qarşısını aldı. İndi də seçki qapının ağzındadır. Belə bir məqamda hansısa bir blok, seçki ittifaqı yaratmaq mümkün deyil. Çünki bu, növbədənkənar seçkilərdir, fövqəladə vəziyyətdir. Yəni, Azərbaycan müxalifətinin əvvəlcədən tutduğu mövqe olduqca yanlış oldu. Mən də bunu dəfələrlə demişəm. Bir araya gəlməmək, səyləri birləşdirməmək yanlış idi. Bunun bütün məsuliyyəti müxalifətin bir araya gəlməsinə mane olan siyasi qüvvələrdədir. Onlar imkan vermədilər ki, bütün siyasi qüvvələr bir araya gəlsinlər. 

-Konkret hansı qüvvələrdir? 

-AXCP və Müsavatı nəzərdə tuturam. Bu iki partiya müxalifətin birləşməsinə mane olur.  

-Müsavatın birlik təşəbbüsünü də böyük birliyə maneə kimi dəyərləndirirsiz?   

-Bəli. Orada cəmi iki partiya, bir də Əli İnsanov bir araya gəldi, adını da qoydular ki, guya müxalifətin funksional müzakirə mərkəzidir. Amma həmin təşəbbüs müxalifətin birliyi kimi dəyərləndirilə bilməz. İki partiya bir yerdə seçkiyə gedə bilər, amma bu, müxalifətin geniş koalisiyası olmayacaq. Ona görə də hesab edirəm ki, onların o təşəbbüsü öz əleyhlərinə işləyəcək. 

-Sərdar bəy, budəfəki parlament seçkiləri əvvəlki parlament seçkilərindən nə ilə fərqlənəcək?

-Düşünmürəm ki, budəfəki parlament sekiləri əvvəlkilərdən nə iləsə fərqlənsin. Azərbaycanda heç bir sahədə fərqlilik müşahidə olunmadığına görə, seçkilərdə də hər hansı fərqlənmənin olacağına inanmıram. Əgər Məzahir Pənahov MSK sədri qalırsa, eyni adamlar, köhnə qaydalarla seçki prosesini həyata keçirəcəklərsə, ciddi dəyişiklik gözləməyə dəyməz. 

Z.Məmmədli