Son günlər müxalifət düşərgəsində müxtəlif proseslər baş verir. AXCP-də ailə münaqişəsi, indi də Müsavat Partiyasında qanunsuz miqrant məsələsi ortaya çıxıb. Müxalifət qüvvələrinin son dövrlər bu kimi naqativ proseslərlə gündəmə gəlməsi cəmiyyət tərəfindən də birmənalı qarşılanmayıb.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, siyasi şərhçi Azər Həsrətlə "Unikal" qəzetinə müsahibəsində söhbətə bu mövzuda başladıq. 

-Azər bəy, bir fəal ictimai-siyasi şəxs kimi müxalifət düşərgəsində baş verənləri necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, siyasi müxalif düşərgədə bu hadisələrin baş verməsi deyə bilərik ki, onların öz problemidir, ancaq belə demirik. Ona görə ki, onlar hakimiyyətdəki mövcud qüvvələrdən narazıdılar, hakimiyyətə iddia edirlər. Xalqa xitab edirlər ki, hakimiyyətə gəlsələr, daha yaxşı olacaq, daha yaxşı xidmət edəcəklər. Ancaq, onların indi sərgilədikləri durum heç də daha yaxşı olduqlarını deməyə imkan vermir. O baxımdan,  istər Əli Kərimlinin, istərsə də Arif Hacılının düşərgəsində baş verən hadisələr əslində siyasi təşkilat olaraq onların mahiyyətini üzə çıxarır. Biz illərdir deyirik ki, bu qurumlar insanları aldatmaqla, yalan təbliğat qurmaqla məşğuldurlar. Korrupsiyadan narazılıq etdikləri halda, korrupsiyaya bulaşıblar, mənəvi dəyərlərdən danışdıqları halda, özləri mənəvi dəyərləri ayaqlar altına atırlar. İndi baş verən iki hadisə bizim dediklərimizin sübutu kimi qəbul edilə bilər.

-Maraqlıdır ki, həmin şəxslər sosial şəbəkələrdən xalqa dərs keçir, onlara yol göstərirlər. Həmin şəxslərin xalqa yol göstərməyə nə dərəcədə haqları çatır?

- Təbii ki, belə durumda olan insanların nəinki xalqa, öz ailələrinə belə ağıl verməyə, dərs keçməyə mənəvi haqqı yoxdur. Çünki əvvəlcə evin içi deyiblər, sonra çölü. Mən düşünürəm ki, evinin içində  qayda-qanun, nizam-intizam yarada bilməyənlərin təbii ki, nə cəmiyyətə, nə də dövlətə bir faydası ola bilməz. Yəni onlar cəmiyyətdə və dövlətdə qayda-qanun yarada biləcək qabiliyyət sahibi deyillər. Bunu hər kəsin nəzərə alması vacibdir.

-Uzun müddət Siz də bu düşərgənin içində olmusunuz, amma sonradan uzaqlaşdınız. Bu müxalif qüvvələrin bacarığı, bildikləri budur, yoxsa planlı şəkildə belə edirlər?

- Bəli, mən onlarla uzun müddət iş birliyi içində olmuşam. Bizim yaxın münasibətlərimiz olub. Siyasi proseslərdə mən onlara dəstək vermişəm,  onlar da mənə dəstək verib və bunu açıq şəkildə etmişik. Ancaq təəssüflər olsun ki, son nəticədə onların əksəriyyətindən, xüsusən də, Əli Kərimlinin dəstəsindən xəyanət görmüşəm və üzülüşmüşəm. Bu adamlar hər kəsdən, hər məqsəd üçün istifadə etməyi bacaran insanlardır. Ona görə də, onların ətrafında ağlı başında olan heç kim qalmır. Ya yeni, “sütül” gənclərdir ya da siyasətdən başı çıxmayanlardı, ya da ki, sadəcə olaraq heç bir işə yaramayan adamlardır. Məsələn, Əli Kərimlinin çevrəsini siz 20 il öncə də göz önünə gətirin, indi də və görün, onun ətrafında kimlər var. Əlbəttə ki, bu adamlar xəyanət içindədirlər, öz yaxın çevrələrinə xəyanət edirlər və ona görə də onlardan uzaqlaşmışam. Düzdür, Müsavat Partiyası haqqında bu sözləri deyə bilmirəm. Çünki onlarla partiya bazasında elə bir ciddi təmasım olmayıb. Amma 2005-ci il parlament seçkilərində Müsavat Partiyasının Xaçmaz rayon təşkilatının mənə verdiyi dəstəyi də unutmuram. Kifayət qədər səmimi, açıq və cəsarətli bir dəstək vermişdilər. Hər halda mənim ordakı seçkidə göstərdiyim yüksək performans onların adıyla bağlıdır və mən bunu hər yerdə, hər zaman etiraf edirəm.

-Əvvəllər insanlar sosial şəbəkələrdə müxalifət nümayəndələrinin çağırışlarına inanırdılar, onlara reaksiya verirdilər. Sizcə, cəmiyyətin onlara inamı qalıbmı?

- Əlbəttə ki, xalqın gözü tərəzidir. İnsanları bir dəfə, iki dəfə aldadarsan, ancaq bu, davamlı şəkildə mümkün deyil. Sosial media üzərindən aldatma yolu ilə təbliğat aparmaq istəyən qüvvələr əvvəl-axır özləri faş olurlar. Elə bu Müsavat Partiyasının üzvlərinin Almaniyada insan alveri məsələsinə bulaşması, Əli Kərimlinin ətrafındakı məlum, bir az da etik çərçivələri aşan ailə dramı və s. məsələlər onların əsl mahiyyətini üzə çıxarır. Mən düşünürəm ki, bizim vətəndaşlar da o qədər savadsız, bilgisiz deyil ki, onlara davamlı şəkildə inansın. Bunların əməlləri özü- özünü ifşadan başqa bir şey deyil.

-Azər bəy, bildiyiniz kimi, ölkədə yeni islahat mərhələsi başlayıb. Bir media adamı kimi bu islahat dalğasının media sahəsinə hansı formada tətbiqinə ehtiyac var. Mediada nələr, kimlər dəyişməlidir? 

- Əlbəttə ki, biz bu islahatları nəinki iki əlli dəstəkləyirik, ümumiyyətlə, bütün varlığımızla bu islahatların arxasındayıq. Şəxsən mən inanıram ki, cənab prezident İlham Əliyev doğurdan da, Azərbaycanın növbəti inkişaf  mərhələsinə daşınması üçün gecə-gündüz çalışır. Eyni zamanda birinci vitse-prezident  Mehriban Əliyeva da müşahidə edirik ki, əlindən gələni edir ki, ölkədə vətəndaş rifahı yüksək olsun, vətəndaşla dövlət arasında uçurum aradan qalxsın, insanlar öz dövlətinə güvənməyə davam etsin. Bu islahatların mediaya hansı formada tətbiqinə gəlincə isə, mən düşünürəm ki, KİVDF vasitəsilə ayrılan maliyyənin daha çox onlayn mediaya yönəldilməsinə ehtiyac var. Eyni zamanda, bu məsələdə qəzetlərlə bağlı tələblərə də əl gəzdirməyin vaxtı çatıb. Qəzetlərin tirajı ilə bağlı tələb, fikrimcə, dəyişdirilməlidir. Düşünürəm ki, bu, indiki mərhələdə köhnəlmiş tələbdir. Qəzetlərin tirajının minimum 1000 nüsxə olması məncə yetərlidir ki, onlar maliyyə yardımı ala bilsinlər.  Çünki indiki internet əsrində böyük tirajla qəzet satışı tələb etmək özünü doğrultmur. Bu yöndə işlərin görülməsinin tərəfdarıyam.

Digər tərəfdən, mən İTV-nin Yayım Şurasının üzvüyəm. Biz orada ictimai əsaslarla fəaliyyət göstəririk, ödəniş almırıq. Buna görə də müəyyən sıxıntılar yaranır. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Yayım Şurasının üzvləri bizneslə məşğul ola bilməz, siyasi partiyada fəaliyyət göstərə bilməz, televiziya və radioda veriliş apara bilməz və s. Faktiki olaraq, haradansa pul qazanmağın  qanuni yolları belə, əngəllənir. Bu baxımdan düşünürəm ki, islahata ehtiyac var. Qanuna dəyişiklik edilməlidir, ya yayım şurasının üzvlərinə əməkhaqqı kəsilməlidir, ya da onların biznes və ya başqa fəaliyyəti üçün yollar açılmalıdır.

-Kağız mətbuatı ilə bağlı birmənalı fikir yoxdur. Bəziləri qəzet erasının bitdiyini bildirir, amma hazırda inkişaf etmiş ölkələrdə çap mətbuatının yeni dönəmi başlayıb. Qəzetlərin daha da təkmilləşməsi və geniş yayılması üçün imkanlar yaranıb. Azərbaycanda nə olmalıdır, yaxud nə olsa yaxşı olar?

-Kağız üzərində KİV fəaliyyətilə məşğul olmağın zamanı keçmək üzrədir. Çünki yeni texnologiyalar istər-istəməz hər evə, hər cibə girir. İndiki yetişməkdə olan nəsil özəlliklə də, informasiyanı yeni texnologiyalar vasitəsilə almağa üstünlük verir. Hətta bədii ədəbiyyatın da oxunmasında mənim kimi yeni texnologiyadan istifadə edən insanlar var. Mən romanları onlayn və ya planşetlə oxuyuram. Bir sözlə, çap mediasının zamanı keçmək üzrədir. Vərdişləri, ənənələri qoruyub-saxlamaq istəyiriksə, bunun insanlara faydalı olduğunu düşünürüksə yeni keyfiyyət mərhələsinə keçmək lazımdır. Birincisi, gündəlik qəzetləri artıq yavaş-yavaş həftəliklərlə əvəz etmək lazımdır. Onların da çap, məzmun keyfiyyətini artırmaq lazımdır. Məsələn, araşdırma yazıları, silsilə yazılar, çox maraqlı müsahibələr və s. yolu ilə oxucuları cəlb etmək olar. Lakin bütün bunlar da kağız üzərində medianın fəaliyyətinin çox da uzunömürlü olacağıyla bağlı danışmağa imkan vermir. Düzdür, xarici ölkələrdə, məsələn, Yaponiya kimi texnologiyanın zirvəsində olan bir ölkədə qəzetlərin tirajları çox yüksəkdir. Ancaq bütün bunlar o demək deyil ki, bu, Azərbaycanda da mümkün olacaq. Ən azı ona görə ki, şəxsən mən müşahidə edirəm ki, insanlar əvvəlki həvəslə qəzet oxumurlar. Yaxud , 90-cı illərin əvvəllərində insanlar qəzet köşklərinin önündə uzun bir növbəyə dayanırdılar. İndi təbii ki, bunu geri qaytarmaq olmaz. Sadəcə istər məzmun, istər tərtibat baxımından qəzetlərin keyfiyyətini yüksəltməklə, az sayda bazarda saxlamaq olar.

Z.Məmmədli