Ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib.

Unikal.org xəbər verir ki, Almaniyanın “spiegel.de” saytı yazıb ki, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Məlumatda bildirilir ki, hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar.

Qəzet kimin evində axtarış aparıldığı və həbslər barədə məlumat vermir.

Almaniyanın “swr.de” saytı da yazır ki, 2 nəfər həbs olunub. Onlardan birinin dəstənin rəhbəri olduğu bildirilir. 8 şübhəlinin istintaqı aparılır. Onları ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edirlər.

Meydan TV-nin əldə etdiyi məlumata görə, reyd Ukraynadan Almaniyaya ucuz işçi qüvvəsi aparan dəstəni aşkarlamaq üçün keçirilib. Əməliyyata 180-dən çox polis cəlb olunub. Həmin əməliyyat nəticəsində Azərbaycandan miqrant cəlb edən vətəndaşlar da aşkarlanıb. Saxlanılanlar arasında azərbaycanlı miqrantlara hüquqi dəstək verən şəxslərin olduğu deyilir. Meydan TV-yə verilən məlumata görə, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də saxlanılanlar arasındadır. Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılması xəbərini Meydan TV-yə təsdiqləyib. Onun sözlərinə görə, Əlövsət Əliyev noyabrın 13-də səhər saat 5-6 radələrində Berlinə gedərkən saxlanılıb. Hazırda araşdırma aparılır, onun hansı səbəbdən saxlanılması, hansı maddə ilə ittiham edilməsi barədə heç bir məlumat yoxdur.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.