“Bu gün Baş Nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu, çox yaxşı seçimdir”.

Unikal.org xəbər verir ki, bu fikirləri Modern.az-a sabiq Baş Nazir Artur Rasizadə yeni Baş Nazir təyinatı barədə danışarkən deyib.

O bildirib ki, Baş Nazirlik heç də asan vəzifə deyil:

“Novruz müəllim də ötən iki il ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş Nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş  ta səhiyyə, təhsil, mədəniyyətə qədər... Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş Nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş Nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”. 

Artur Rasizadə Əli Əsədovu təbrik edəcəyini də söyləyib:

“Hələ Əli müəllimi təbrik etməmişəm. Təbii ki, edəcəm. Əli müəllimin Prezident Administrasiyasında çox böyük hörməti var”.