Rihannanın Bakıda möhtəşəm konserti
Rihannanın Bakıda möhtəşəm konserti

Anşlaqla keçən konsertdə Rihannanın ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır

Oktyabrın 6-da dünya şöhrətli müğənni Rihanna "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Bakı Crystal Hall"un möhtəşəm səhnəsində geniş konsert proqramı ilə çıxış etmişdir.

Konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, "Universal Music Group"un Azərbaycandakı nümayəndəsi olan "Omnikomo Music Group" şirkətinin təşkilatçılığı ilə keçirilmişdir.
Ümumiyyətlə, dünya şöhrətli müğənni Bakı səhnəsində konsertinin yüksək səviyyədə təşkili üçün Azərbaycan paytaxtına 80 nəfərlik heyətlə gəlmiş, proqramın hazırlıq işlərinə yüzlərlə komanda üzvü cəlb olunmuşdu.
Konsertə ilk olaraq qonaq qismində qatılan gənc müğənni Gültəkin Qaradağlı tamaşaçıların qarşısında dünyanın tanınmış müğənnilərinin repertuarından sevilən mahnıları təqdim etmişdir.
"Natiq" ritm qrupunun bədii rəhbəri Natiq Şirinovun ifasında "Sarı gəlin" kompozisiyası da izləyicilərə unudulmaz anlar bəxş etmişdir.
Daha sonra "Bakı Crystal Hall"un möhtəşəm səhnəsinə dünya şöhrətli müğənni Rihanna çıxmışdır. Azərbaycan tamaşaçıları zəmanəmizin ən sevilən ifaçılarından olan müğənnini hərarətli alqışlarla qarşılamışlar.
Müğənni nəfis səhnə tərtibatı ilə diqqəti cəlb edən "Bakı Crystal Hall"un səhnəsində özünün azərbaycanlı pərəstişkarlarına bir çox ölkələrdəki çıxışı kimi, müxtəlif vaxtlarda işıq üzü görmüş albomlarına daxil olan mahnılarını təqdim etmişdir. Görkəmli estrada ulduzunun ifası, misilsiz lazer şousu ilə müşayiət olunmuşdur.
"Baku Crystal Hall"un möhtəşəm səhnəsində minlərlə insanı ələ alan dünya şöhrətli müğənni geyim, plastika və rəqs, peşəkar ifa tərzi ilə tamaşaçıların diqqətini özünə cəlb etmişdir.
Öz füsünkar səsi və gözəlliyi ilə musiqisevərlərin bitib-tükənməz alqışlarını qazanan müğənni azərbaycanlı pərəstişkarlarını hərarətlə salamlayaraq demişdir: "Bakı, hissləriniz necədir? Mən hisslərimi sözlə ifadə edə bilmirəm. Mən sizi çox sevirəm. Bu səhnədə çıxış etməyimdən çox məmnunam. Hazırda çox həyəcanlıyam".
Müğənni Bakı səhnəsində ilk olaraq ən çox sevilən mahnılarından olan "Talk that talk" mahnısını böyük şövqlə ifa etmişdir. Möhtəşəm atəşfəşanlıq və mükəmməl akustika ilə müşayiət olunan ifa daha sonra "Where have you been", "What`s my name", "Ufaithful", "Rude boy", "Only girl", "Don`t stop the music", "We found love" mahnıları ilə davam etmişdir.
Dünyanın bir çox şəhərlərində çıxış etdiyini xatırladan müğənni Bakıdakı konsertində iştirak edən tamaşaçıların çox enerjili göründüyünü xüsusi vurğulamışdır.
"Baku Crystal Hall"un möhtəşəm səhnəsində quraşdırılan xüsusi ekranlarda müğənninin bir neçə formada olan görüntüləri də yayımlanmışdır.
Anşlaqla keçən konsertdə Rihannanın ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Təqribən 25 min tamaşaçı tutumu olan bu möhtəşəm salonun səhnəsində müğənninin Bakıdakı konsertini dinləmək üçün dünyanın bir çox ölkələrindən pərəstişkarları da gəlmişlər.
İndiyədək dünyanın müxtəlif ölkələrində 9 milyondan çox albomu satılmış, mənşəcə barbadoslu olan məşhur müğənni iki dəfə "Qremmi" mükafatı laureatı olmuş və çoxsaylı uğurlara imza atmışdır. Dünya çöhrətli müğənninin müxtəlif vaxtlarda işıq üzü görmüş musiqi albomları dünya xit-paradlarında birinciliyə yüksəlmişdir.
Nadir vokal diapazonu, pop musiqisini özündə əks etdirən qeyri-adi üslubu ilə seçilən 23 yaşlı amerikalı müğənni Rihanna son illər beynəlxalq musiqi arenasının misilsiz incisi kimi məşhurlaşmışdır.
Məşhur musiqiçinin "Baku Crystal Hall"un möhtəşəm səhnəsində tamaşaçıların davamlı alqışları ilə müşayiət olunan, könülləri oxşayan konserti onun bütün dünyada sevilməsinin təsadüfi olmadığını bir daha sübut etdi.