Hidayət Orucov barədə şok fakt ortaya çıxdı
Hidayət Orucov barədə şok fakt ortaya çıxdı
Onun təkidlə səhnələşdirdiyi əsərində 12 personajın 7-si erməniymiş

Bir vaxtlar Akademik Milli Dram Teatrının repertuarında bir tamaşa nümayiş olunurdu - “İrəvanda xan qalmadı”. Bəh-bəhlə səhnə həyatı verilən bu əsər günlərin birində sakitcə repertuardan yığışdırıldı. Niyə?
aznews.az bununla bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, “İrəvanda xan qalmadı” tamaşası teatrın səhnə arxasında dəhşətli olay yaşayıb. Yəni, əslində bu tamaşa səhnəyə zor gücünə yol açıb.
Saytın məlumatına görə, Hidayət Orucov bu pyesi Akademik Milli Dram Teatrına təqdim edib. Amma teatrın sabiq direktoru Maqbet Bünyadov həmin pyesə quruluş verilməməsi tələbindən çıxış edib. M.Bünyadov “İrəvanda xan qalmadı” əsərində 12 personajın 7-sinin erməni olduğunu dilə gətirib. “Akademik teatrın səhnəsində belə tamaşa nümayiş oluna bilməz” - deyə Hidayət Orucova qapı göstərsə də, sonda geri çəkilməli olub.
M. Bünyadova yuxarıdan zəng gəlib ki, “bu əsər Akademik teatrın səhnəsində olmalıdır, vəssalam”. Əlacsız qalan teatr rəhbəri də bu pyesi tamaşa halında repertuara salıb. Amma çəkilən əziyyətlərə, xərclənən maliyyə vəsaitinə baxmayaraq, “İrəvanda xan qalmadı” ancaq ictimai baxışa kimi ayaq üstə dura bilib. Premyera günü təyin edilsə, dəvətnamələr paylansa da Hidayət Orucova o günü görmək nəsib olmayıb.
Aznews-un əməkdaşı məsələ ilə bağlı Akademik Milli Dram Teatrının aktyorlarından bir neçəsi ilə əlaqə saxlayıb. Onların hər biri söhbət əsnasında sayta daxil olan məlumatın həqiqiliyini təsdiqləyiblər. Hətta onların bəziləri bu tamaşada 12 personajın hamısının erməni olduğunu dilə gətiriblər.
“İrəvanda xan qalmadı” tamaşasının rejissoru, professor Ağakişi Kazımovun sözlərinə görə, bu məsələ nazirlik səviyyəsində həll olunub: “Yığışdılar, məsələ müzakirə olundu, vəssalam. Səbəbi də belə göstərildi: “Tamaşada erməni çoxdur”. Mən bu işin lap dərininə, Prezident Aparatına kimi getdim. Orada məndən bu tamaşaya neçə min pul xərclədiyimi soruşdular. Dedim ki, 5-6 min. Dedilər, vəssalam, qurtardı, getdi. Bundan ötrü dava etməyə dəyməz ki”.
“Erməni obrazının üstünlük təşkil etdiyi pyesi səhnəyə qoymaqda Hidayət Orucovun nə marağı vardı” sualına rejissorun cavabı belə olub: “Nə bilim, bunun cavabını o, verməlidir. Böyük yazıçıdır. O, əsəri teatra təqdim etdi. Direktor da mənə dedi ki, get bu tamaşanı hazırla. Hazırladıq, amma qoymadılar”.
Bəs, 12 erməni obrazını Azərbaycan səhnəsinə çıxarmaqda Hidayət Orucovun məqsəd və məramı nə idi? Bu sualın cavabını öyrənmək məqsədi ilə sayt əməkdaşının müəlliflə əlaqə yaratmaq cəhdləri boşa gedib. Onu bu şəhərdə nə gördüm deyən olub, nə də mobil telefonunu bilən tapılıb.
Azər Aslan