"Güclü, peşəkar jurnalistika ictimai dəyərə hakim kəsilməlidir"
"Güclü, peşəkar jurnalistika ictimai dəyərə hakim kəsilməlidir"

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev "Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda bildirib: "Azərbaycan mediası cəmiyyətin gözləntilərini doğrultmağa çalışmalıdır.

Azərbaycan artıq Cənubi Qafqaz regionunda bir faktora, mərkəzi ölkəyə çevrilib və bu gün bizim mediamız öz azadlığı, plüralizmi, sərbəstliyi ilə cəmiyyətin gözləntilərini, çağırışlarını doğrultmağa çalışmalı, inkişaf etməli, Azərbaycanda güclü, peşəkar jurnalistika ictimai dəyərə hakim kəsilməlidir".
Onun sözlərinə görə, Azərbaycan dövləti bu istiqamətdə gündəlik olaraq jurnalistika ilə təmasda olur, təklifləri dinləyir, üzərinə düşən işləri görür. Çünki Azərbaycan dövlətinin əsas məqsədi odur ki, ölkədə müstəqil, peşəkar, sərbəst, dünya səviyyəsində Azərbaycanın səsini çatdıra biləcək güclü media formalaşsın.
Əliyev deyib ki, konfransda müzakirə olunacaq azad medianın təşəkkülü, jurnalist təhlükəsizliyi, etik təşəbbüslər, həmkarlar ittifaqlarının inkişaf etdirilməsi məsələləri aktual məsələlərdir.
Sektor müdiri çıxışında bildirib ki, Azərbaycan Avropanın inkişaf etmiş ölkələrinin mövcud qabaqcıl təcrübəsini mənimsəyərək Azərbaycan reallığına uyğunlaşdırmaq iradəmizi ortaya qoyub. Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratiya yolu ilə inkişafı özünün əsas hədəfi seçib.
Onun sözlərinə görə, Azərbaycanda KİV-lər haqqında qanunverici baza kifayət qədər liberallaşdırılaraq Avropa standartlarına uyğunlaşdırılıb. Əliyev qeyd edib ki, əsas məqsəd əldə olunmuş nailiyyətlərin praktikada tətbiq olunmasıdır: "Bu gün cəmiyyət qarşısında yeni çağırışlar durur. Sosial internet mediası ənənəvi media ilə ciddi rəqabət aparır".
Konfransda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, konfransın keçirilməsinə səbəb olan "Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan" layihəsi 2 il əvvəl başlayıb və toplantı layihənin nəticələrinə həsr olunur. O qeyd edib ki, belə tədbirlər Azərbaycan mediasının inkişafına töhfələr verəcək.
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli öz çıxışnda Azərbaycanda dövlətin KİV-in inkişafı ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, KİVDF yaranan dövrdən sonra ilbəil keçirdiyi müsabiqələrin formatını genişləndirib. "Bu illər ərzində Fondun həyata keçirdiyi layihələrdə iştirak edən bütün media qurumları öz maddi texniki bazasını inkişaf etdirib", - Səfərli deyib.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, "Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan" layihəsinin koordinatoru Müşfiq Ələsgərli konfransın açılışında ötən iki il ərzində layihə çərçivəsində görülən işlərdən danışıb. O qeyd edib ki, layihə çərçivəsində "Risklərlə davranış: media professionalları üçün vəsait" adlı kitab çap olunub.
Yeni Nəsil jurnalistlər birliyinin rəhbəri Arif Əliyevin sözlərinə görə,
"Konfransın təşkili və keçirilməsi Aərbaycan cəmiyyətində baş verən proseslərin dinamikası və tempi ilə əlaqəlidir. Yəni cəmiyyətdə baş verən sosial-iqtisadi proseslər istər-istəməz medianın bütün strukturlarına təsir edir, həm də bu təsir çox güclü şəkildə özünü büruzə verir."
Arif Əlıiyevin fikrincə, "Azərbaycan mediası son iyirmi ildə önəmli bir inkişaf yolu keçib, güclü jurnalistlər nəsli formalaşıb. Yada salaq ki. bu medianın ilk nəşrləri küçələrdə əllərdə satılırdı, bəzən təqib olunurdu, bəzən də açıq təzyiqlərtə məruz qalırdı. Bununla belə, mediamız bütün bu sıxıntılı və keşməkeşli prosesləri yaşaya və öz simasını qismən qoruya bildi".
Əliyev hesab edir ki, "Belə tədbirlər düşüncə mübadiləsi baxımından xeyli dərəcədə əhəmiyyətli olsa da, indiki mediamızın inkişaf mənbələri belə tədbirlərdən qaynaqlanmır. Hazırkı jurnalistlərimizin əsas problemi yenə də operativ informasiyaların əldə edilməsidir. Məmurlar öz işlərinin nəticələri və ya nəticəsizlikləri barədə ictimaiyyətlə bölüşməyə çox da meyilli deyillər və onları başa düşmək mümkündür. Amma jurnalistin də borcudur ki, ölkədə gündəlik baş verən hadisələr barədə cəmiyyətə obyektiv və peşəkar, həm də dəqiq qaynaqlara söykənən məlumatlar çatdırsın".
Fuad