Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan Ömər Cəbrayılovun ailə üzvləri ilə görüşüb.

Unikal.org xəbər verir ki, rayonun Şəkili kəndində Ömərin böyüyüb boya çatdığı evdə keçirilən görüşdə şəhid ailəsinin üzvləri və qohumları ilə yanaşı Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Ağdaş rayon şöbəsinin üzvlərindən bir qrupu da iştirak etmişlər. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad olundu və ruhlarına dua oxundu.

Millət vəkili Cavid Osmanov ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli Liderimizin bu siyasəti hazırda Prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva vətərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Ölkə prezidenti İlham Əliyevin birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın iştirakı ilə şəhid ailələri ilə görüş keçirməsi, onlarla səmimi söhbət etməsi, müavinətlərlə bağlı əlavə tədbirlər görməsi, birdəfəlik müavinətin illər öncə onu almış şəhid ailələrinə də verilməsi yönündə qərarı bütün azərbaycanlıları, bütün xalqımızı ürəkdən sevindirdiyini, qürurlandırdığını vurğulayan millət vəkili qeyd etdi ki, bütün bunlar bir daha ölkə prezidentinin, Azərbaycan dövlətinin şəhid ailələrinə, şəhidlərə dərin ehtiramının, diqqət və qayğısının növbəti əyani təzahürüdür.

Aprel döyüşlərinə toxunan millət vəkili bildirdi ki, bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib. Hərbi əməliyyatlar bir daha təsdiqlədi ki, Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir.

Şəhidin atası Məzahir Cəbrayılov onun ailə üzvləri ilə görüşə gəldiyi üçün millət vəkilinə minnətdarlığını bildirdi. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirən şəhid atası qeyd etdi ki, ağdaşlı şəhid ailələri hər zaman dövlət başçımızın ətrafında sıx birləşiblər, onlar da Ali Baş Komandanın bir əmri ilə silaha sarılaraq torpaqlarımızı azad etməyə, şəhid övladlarının qanını almağa hər zaman hazırdılar. 

Görüşdə iştirak edən Qarabağ müharibəsi veteranları və əlilləri   ölkə başçısının şəhid ailələri ilə görüşü zamanı onlara göstərdiyi mehribanlıqdan,  dövlətimizin şəhidlərə, onların ailələrinə göstərdiyi qayğıdan bəhs edərək bu cür görüşlərin keçirilməsini yüksək qiymətləndirdiklərini bildirdilər.