Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Xudu Məmmədov küçəsi 25, 27, 29 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət və ağac kəsintisini əks etdirən video daxil olub. 

Unikal.org xəbər verir ki, nazirliyin əməkdaşları tərəfindən şikayət yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib.

Araşdırma zamanı məlum olub ki, videoda əks olunan kadrlar 2017-ci ildə həmin ünvanda çəkilib. 

Qeyd edək ki, 2017-ci ilin fevral ayında Nazirliyin əməkdaşları tərəfindən Xətai rayonu, Xudu Məmmədov küçəsi 25, 27, 29 ünvanında 4 ağacın kəsildiyi faktı aşkar olunmuşdu. Araşdırma zamanı ağacların "Green servis MMC tərəfindən kəsildiyi məlum olmuş və barəsində akt tərtib edilmişdi. MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Xətai rayon Məhkəməsinə göndərilmişdi. Əraziyə sakinlərin iştirakı ilə ağaclar əkilmiş və onlara aqrotexniki qulluq göstərilməsi üçün Xətai rayon Mənzil İstismar Sahəsinə icrası məcburi olan "məcburi göstəriş verilmişdi. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir.