Lənkəranda şəhərdaxili avtobuslar axşam saat 17:00-dan sonra işləməməsi əhalini təngə gətirib.

Unikal.org ctv-yə istinadən xəbər verir ki, axşam saat 17:00-dan sonra insanlar avtobusların işləməməsi səbəbindən mənzil başlarına getmələri üçün taksi xidmətlərindən istifadə etmək məcburiyətindədirlər. KİV-lərdə dəfələrlə dərc olunmasına baxmayaraq, Lənkəran rayon İcra Hakimiyəti rayonda ictimai nəqliyyat sistemini hələdə normal vəziyətə salmayıb. 223 min nəfərdən çox əhalisi olan Lənkəranda 8 qəsəbə və 83 kənd var. Bu azmış kimi, rayonun elə kəndləri var ki, Sovet dövründən indiyədək avtobus işləmir. Əhali yenədə şəhərə gəlmək üçün taksi xidmətlərindən istifadə etmək məcburiyətindədirlər.

Bununla belə, rayonda Sovet dönəminin 70-ci illərindən sürülərək bu gün üçün istismarını başa vurmuş "PAZ" markalı avtobuslarının hələ də marşrut xətlərinə buraxılır. İstifadə müddəti çoxdan bitmiş bu avtobuslar kəndlərdə əhaliyə xidmət göstərməkdədir. Elmin, texnikanın inkişaf etdiyi, avtobusların ildən ilə yeniləndiyi bir vaxtda, Lənkəranda kənd avtobusları bu köhnə "PAZ"ların ümidinə qalıb.