Hadı Rəcəblinin Əli Kərimli ilə gizli əlaqələri
Hadı Rəcəblinin Əli Kərimli ilə gizli əlaqələri

Yap çı deputatdan AXC sədrinə dəstək

Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən Hadı Rəcəbli bu günlərdə "Gündəlik Teleqraf"qəzetinə müsahibə verərək bir sıra məsələlərlə yanaşı ölkənin siyasi gündəmində müzakirə olunan əsas mövzuya da toxunub.

Millət vəkili müxalifətin vahid namizədinin kim olmasına dair öz baxışlarını açıqlayarkən deyib: "Şəxsən mən həmin iddialı və ambisiyalı insanların içərisində, İsa Qəmbəri tamamilə rədd edib, müxalifət nümayəndəsi kimi Əli Kərimlini prezidentliyə namizəd olaraq, daha şanslı görürəm".
Bununla belə, millət vəkili səxavətliyi əldən verməyərək, qeyd edib ki, amma eyni zamanda, Əli Kərimlini də bu gün prezidentliyə namizəd kimi təsəvvür etmir: "O, belə demək mümkünsə, prinsipial müxalif mövqedədir, bəzən görürsən ki, ədalətsiz olur, amma bütövlükdə mən onu müxalifət kimi tanıyıram və qəbul edirəm."Maraqlıdır, gözlənilmədən millət vəkili Hadı Rəcəbli nədən belə açıqlama ilə çıxış etdi? Öncə bunu xatırladaq ki, Hadı Rəcəblidən öncə millət vəkili Zeynəb Xanlarova da belə bir açıqlama ilə çıxış etmişdi. "Mən Əli Kərimlinin xətrini çox istəyirəm. Ona görə mən bu sözü deməliyəm. Ona qara yaxırlar". Bunu SSRİ xalq Artisti Zeynəb Xanlarova AXCP sədri Əli Kərimliyə qarşı irəli sürülən ittihamlara münasibət bildirərkən deyib.
Elçibəyin Ə. Kərimli tərəfindən zəhərlənməsi barədə ittihamları yersiz sayan xalq artisti belə deyib: "Mən Londondayam. Amma bu xəbəri eşidəndə dözə bilmədim. Əli Kərimli Elçibəyin xətrini çox istəyirdi. Onun haqqında bu şayiələri yalnız Əli Kərimlinin düşmənləri yaya bilər. İnana bilmərəm buna heç zaman. O, cavan adamdır. Niyə ona bu qədər qara yaxmağa çalışırlar?".Həmin vaxt, müşahidəçilər bildirdilər ki, son zamanlar Zeynəb Xanlarova müxalifətə daha çox meyillənir və bunun özəl səbəbləri var. İlk səbəblərdən biri qudası Arif Ağayevlə bağlıdır. Belə ki, Qırğızıstandakı səfirimiz,deputatın qudası Arif Ağayev diplomatik xidmətdə olduğu ölkədən geri çağırılıb. O, 2007-ci il mayın 16-da səfir göndərilmişdi. Həmin təyinatdan öncə isə o, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı postunu tutmuşdu.
Buda söylənilir ki, son aylarda Xanlarovaya qarşı hökumət kulislərində münasibət əhəmiyyətli şəkildə, həm də mənfiyə doğru dəyişib.
Qeyd edək ki,Z. Xanlarova mayın 22-də Milli Məclisin iclasındakı çıxışında həmin günlərdə etiraz aksiyası keçirən müxalifəti müdafiə etməyə çalışmışdı, etiraz aksiyalarında xüsusən də qadınlara qarşı zorakılıqları pisləyərək demişdi ki, qadına əl qaldırmaq Azərbaycan kişisinə, polisinə yaraşan hərəkət deyil. Zeynəb xanım demişdi: "Mən Fəvvarələr meydanında evimin pəncərəsindən aksiyaya baxırdım. Azərbaycan qadınları ayaq altında qalırdı. Mənim xalqım niyə ayaq altına düşməlidir?" deyə Xanlarova bildirmişdi.
İndi isə ortada Hadı Rəcəbli faktoru var. Çox maraqlıdır ki, Hadı Rəcəbli hər zaman hakimiyyətə yaxın olub və YAP-çı kimi bir sıra proseslərdə ciddi şəkildə iştirak edib. Belə bir mərhələdə onun açıq şəkildə Əli Kərimliyə dəstək olması isə şok effekti yaratdı. Amma "Unikal"a daxil olan məlumata görə sən demə Hadı Rəcəblinin Əli Kərimli ilə əlaqələri çox keçmişə gedir və ortada ciddi proseslər yaşanıb. Mənbənin sözlərinə görə 1993-94-cü illərdə AXCP üzvü olan Əli Kərimli, mərhum prezident Əbülfəz Elçibəyin xəbəri olmadan hakimiyyətin müəyyən qanadları ilə iş birliyinə gedə bilmişdi. Əli Kərimlinin cənub bölgəsində ki, siyasilərlə və iş adamları ilə əlaqələrini məhz həmin vaxtlar AXCP-də Əli Kərimlinin sağ əli kimi tanınan və millət vəkili olan Əlməmməd Nuriyev ciddi rol oynamışdı. 1994-cü illərdə isə münasibətlər daha da dərinləşmiş Hadı Rəcəblinin də daxil olduğu bu qrup rahatlıqla AXCP sədri Əli Kərimli ilə iş birliyi yarada bilmişdilər. Hətta belə bir fikir də səsləndirilirdi ki, Hadı Rəcəblinin oğlunun kompyuter satışı ilə məşğul olan firmasından Əli Kərimli üçün də ayrıca pul ayrılırmış. Amma keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin həbsindən sonra bu əlaqələr tamamı ilə kəsildi və Hadı Rəcəbli hadisələrdən kənarda durmağa çalışdı. Amma görünür bəzən beynəlxalq təşkilatların müxalifətə dəstək verməsi Hadı Rəcəbliyə iki başlı addımlar atmaq məcburiyyəti yaradır. Belə olmasaydı, millət vəkili hakimiyyətin tutduğu mövqedən kənar mövqe sərgiləməzdi. Zeynəb Xanlarovadan fərqli olaraq Hadı Rəcəbli kifayət qədər siyasiləşmiş fiqurdur və hesab edilir ki, o bu cür açıqlamaları ilə bütövlükdə cənub bölgəsini Əli Kərimlinin tərəfdarına çevirə bilər. Yeri gəlmişkən bunu da qeyd edək ki, Hadı Rəcəbliyə həm də parlamentdə də kifayət qədər dəstək verən deputatlar var və yəqin ki, onlarda Hadı Rəcəblinin atdığı addıma uyğun addımlar atacaqlar.Bizdən yazmaq qalanı ...
Toğrul Əliyev