Ekspertlər bunun vacibliyini vurğulayırlar, bank sektoru çətinliklə üz-üzədir... 
Ölkədə dolların kəskin bahalaşmasından, ilk devalvasiyadan 15 ay keçsə də, dollar kreditləri ilə bağlı problem hələ də həllini tapmayıb. Ekspetrlər kreditlərin vətəndaşın xeyrinə həll olunması üçün çoxsaylı təkliflər versələr də, rəsmi qurumlar bunların hamısını rədd edib. Aidiyyəti qurumlar, bütünlüklə hökumət problemin həll edilməyəcəyini dolayısı və hətta açıq şəkildə bildirib. Ancaq müzakirələr yenə də bitmir. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının "10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilə bilər" açıqlamasından sonra parlament də sözügedən məsələyə münasibət bildirib. Kompensasiyanın verilə bilməsi ilə bağlı nikbin açıqlamalara baxmayaraq, hələ ki Mərkəzi Bank tərəfindən bu istiqamətdə real addımlar atılmayıb. Ekspertlər bildirirlər ki, kreditlərə kompensasiyanın verilməsi tez-tez gündəmə gətirilsə də, Mərkəzi Bank bu məsələdə yenə də tərəddüd edir. Bu isə bank sektoru üçün ciddi çətinliklər yaradır. Banklar isə faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan istifadə etməyə çalışırlar və problemi daha da dərinləşdirirlər. 

Ekspert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bank kreditlərə kompensasiya ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaradır: "Zamanında kompensasiya mexanizmi tətbiq olunsa, problemli kreditlərin həcmi bu qədər artmazdı və ödənişləri yubatmaq adiləşməzdi. Mərkəzi Bank bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa, o zaman qısa zamanda kreditlərə kompensasiya verməlidir. Əks halda, iqtisadiyyatın mühərriki hesab edilən bankları gözləyəcək problemləri proqnozlaşdırmaq çətin olmayacaq".

Ekspert Əkrəm Həsənov musavat.com-a açıqlamasında qeyd edib ki, əslində Maliyyə Bazarlarına Nəzarət Palatasının, yaxud Milli Məclisin dollar kreditləri ilə bağlı müzakirə apardığını bildirməsi qeyri-adi bir iş deyil: "Burada ziddiyyət görmürəm. Demirlər problemi həll edəcəyik, müzakirə edəcəyik. Milli Məclisin bəzi deputatları bu məsələni qaldırıblar, təşəbbüs var. Təbii ki, hökumət nümayəndələri deyə bilməz ki, Milli Məclisin qaldırdığı məsələni müzakirə də etmək istəmirik. Bu, bir az qanunvericilik nöqteyi-nəzərindən də düzgün çıxmaz. Çünki hökumət nümayəndələri xalq tərəfindən seçilməyiblər, ölkə başçısı tərəfindən təyin olunublar. Amma deputatları xalq seçib. Deputatlar deyirsə ki, müzakirə edirik, hökumət müzakirə etmədiyini deyə bilməz. Ancaq bu kimi fikirlərdən real nəticəni gözləmirəm. Sadəcə, Milli Məclisin yaz sessiyasının bitməsinə kimi yəqin ki, söz-söhbətlər gəzəcək. Ondan sonra məmurlar yay tətilinə gedəcəklər və söhbət də bununla bitəcək. Yəni müzakirələr keçən ildən var, ancaq nəticə yoxdur. İndi də real nəticə gözləmirəm. Çünki həm Rüfət Aslanlı, həm də maliyyə naziri fikirlərini qəti şəkildə bildiriblər ki, bu məsələ bankların hesabına həll edilməlidir. Yəni banklar ötən il ərzində verdikləri kreditlərdən faiz əldə ediblər, buyursunlar, həmin gəlirlər hesabına bu problemi həll etsinlər. Hər iki məmur eyni mövqeni deyib, problemin dövlətin hesabına həll olunmasını istəmirlər. Mən onlardan şəxsən gözləmirəm ki, fikirlərini dəyişsinlər, dövlət büdcəsi hesabına nəsə edilsin. Ola bilsin, ölkə başçısı bu məsələyə qarışsın, onda vəziyyət dəyişə bilər. Problemin yaranmasından xeyli vaxt keçib, ortada heç nə yoxdur. Bunu onunla bağlayıram ki, Milli Məclisin sessiyası bitir, müəyyən aktivlik var, o da tezliklə bitəcək". 

Qeyd edək ki, bir müddət əvvəl deputatlar Vahid Əhmədov və Əli Məsimli 14 səhifəlik, 8 maddədən ibarət təkliflər paketi hazırlayıblar. Bildirilir ki, bu təkliflər paketi müvafiq instansiyalara təqdim edilib. 

Həmçinin Sivil Toplum Platforması da dollar kreditləri üçün güzəşt mexanizmi təklif edib. Onlar təklif edir ki, 21 fevral 2015-ci il tarixinə qədər xarici valyutada götürülən kreditlər üzrə: vətəndaşlar 1 dollar- 1,05 AZN məzənəsi ilə kredit ödənişləri etsin, hökumət isə ödənilən hər 1 dollara görə banklara 25 qəpik məbləğində kompensasiya ödəsin. 21 fevral- 21 dekabr 2015-ci il tarixi aralığında götürülən kreditlər üzrə vətəndaşlar 1 dollar- 1,20 AZN məzənnəsi ilə kredit ödənişləri etsin, hökumət isə ödənilən hər 1 dollara görə banklara 20 qəpik məbləğində kompensasiya ödəsin.