Bu gün UEFA Avropa Liqasında 2018/2019-cu il mövsümünün püşkü atılacaq. 

Unikal.org xəbər verir ki, Monakoda təşkil olunacaq tədbirdən öncə komandalar səbətlərə bölünüb.

Azərbaycan çempionu "Qarabağ" reytinq xallarına görə 3-cü səbətdə yer alıb. Bu isə o deməkdir ki, Ağdam təmsilçisi qrup mərhələsinin püşkatma mərasimində "Betis" (İspaniya), BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Leyptsiq" (Almaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Malmö" (İsveç), "Spartak" (Moskva, Rusiya), "Standard" (Lyej, Belçika), "Sürix" (İsveçrə), "Bordo" (Fransa) və "Renn" (Fransa) klubları ilə qarşılaşa bilməz.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

2018-2019 mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcəyindən, veteran futbolçu Vəli Qasımov da püşkatma vaxtı səhnədə olacaq.

Qeyd edək ki, Avropa Liqasında ilk turun görüşləri sentyabrın 20-i keçiriləcək.