"Qarabağ" klubu tarixində 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Unikal.org-un məlumatına görə, Azərbaycan təmsilçisi bu dəfə pley-off mərhələsində Moldova "Şerif"ini mübarizədən kənarlaşdırıb. Ötən həftə səfər matçında 0:1 hesabı ilə uduzan Ağdam komandası bu gün Tofiq Bəhramov adına Respublika stadionundakı cavab görüşündə rəqibini darmadağın edib - 3:0. Hesabı artıq 9-cu dəqiqədə Abdullah Zubirin ötürməsindən sonra Maksim Medvedev açıb. 42-ci dəqiqədə künc zərbəsindən sonra Donald Gerrye başla topu tora göndərib. Matçda son nöqtəni isə 55-ci dəqiqədə Filip Ozobiç vurub.

Bununla da "Qarabağ" ardıcıl beşinci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib.Qurban Qurbanovun baş məşqçi olduğu komanda ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.