Mayın 17-də qoşunların təmas xəttində erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Tahirli Natiq Namiq oğlunun yeddi mərasimi Nizami rayonunda yaşadığı ünvanda keçirildi.

Şəhid Natiq Tahirlinin cənazəsi doğulduğu Lerik rayon Almu kəndində torpağa tapşırılıb. Bu gün isə (23 may) Nizami rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhidə yaşadığı binanın qarşısında ehsan süfrəsi açılıb. 

Unikal.org bildirir ki, musavat.com-un əməkdaşı yas mərasimində iştirak edib, şəhidin ailəsi ilə görüşüb. 

Şəhidimizi anmaq üçün yas mərasiminə gələnlərin ardı-arası kəsilmirdi. Onların arasında bayrağa bürünən gənclər, şəhidin dostları, məktəblilər, ictimaiyyət nümayəndələri də var idi. Hər kəs şəhidimizi qürurla anırdı. 

Şəhid Natiq Tahirlinin əmisi Ramin Tahirov musavat.com-a bildirdi ki, qardaşı oğlu şəhid olmazdan bir neçə saat öncə atası ilə telefonla danışıb: "Atışma səsi gəlirmiş. Atası soruşub ki, bu nə səsdir? Orada nə baş verir? Natiq bildirib ki, qorxulacaq heç nə yoxdur. Narahat olmayın, onlar atır, biz də cavab atəşi açırıq. Atası deyib ki, ehtiyatlı ol. Sonra sağollaşıblar. Daha sonra Natiq sanki ölümünü hiss edirmiş kimi sinif yoldaşına 3 ədəd fotosunu göndərib. Fotonu göndərəndə tapşırıb ki, bunları gedib çıxartdırıb, böyüdün. Natiq deyib ki, burada vəziyyət yaxşı deyil, ola bilər ki, şəhid olam. Deyib ki, atama deməsəm də bura çox təhlükəli yerdir. Biz düşməni görürük, onlar da bizi görürlər. Elə həmin gecənin səhəri xəbər aldıq ki, uşaq şəhid olub. Ancaq orada nə baş verməsi barəsində bizə dəqiq heç nə deməzdi. Yəqin, görüb ki, ermənilər çox atırlar, ona görə dostuna şəkillərini göndərib. Natiq çox vətənpərvər uşaq idi. Elə xidməti zamanında da vətənpərvərliyi ilə seçilirdi. Təbii ki, onu itirmək bizim üçün ağırdır. Ancaq düşünəndə ki, Natiq vətənimiz üçün şəhid olub, qürur hissi keçiririk. Bu, bizim üçün kədər yox, qürurdur".

Yas mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, deputat Rasim Musabəyov da iştirak edirdilər. Onlar da şəhidimizə Allahdan rəhmət diləyib, şəhidin ailəsinə mənəvi dəstək olublar. Şəhidin atası Namiq Tahirov yas mərasiminə gələn qonaqları qəbul etdiyi üçün onunla mərasimin sonunda söhbət edə bildik. 

Bu zaman kəsiyində yas mərasiminə qatılan Qarabağ döyüşçüsü, xalq hərəkatının fəal üzvlərindən biri olmuş Mehdi Mehdiyevin fikirlərini aldıq. Qeyd edək ki, şəhid Natiq Tahirli sosial şəbəkədə Mehdi Mehdiyevin bayrağımızın fonunda olan şəkilini paylaşdığı üçün ilk olaraq hər kəs onun M.Mehdiyevin qohumu olduğunu düşünürdü. 

Mehdi Mehdiyev şəhidimizə Allahdan rəhmət diləyib bildirdi ki, artıq cəmiyyətimizdə şəhidə qarşı yanaşma fərqlidir: "Natiq Tahirli mənim qohumum olmasa da, onu elə özümdən bilirəm. Bu, bizim hamımız üçün itkidir. Eyni zamanda hər birimizin qürur yeridir. Artıq şəhidlərimizə qarşı ictimaiyyətdə, cəmiyyətimizdə münasibət dəyişib. Artıq əvvəlki kimi şəhidimizi ağlaşma ilə deyil, qürurla, bayraqla qarşılayırıq. Bütün bunlar qürurverici, çox müsbət haldır. 2-5 aprel döyüşlərindən sonra bizim sınmış qürurumuz az da olsa, bərpa olundu. Hesab edirəm ki, hazırkı ruh yüksəkliyi ilə bütün torpaqlarımızı azad edə bilərik. İnşallah yaxın zamanda o da baş verəcək. Allah şəhidimizə rəhmət eləsin".

Yas mərasimində iştirak edən Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayonunun filialının sədri, Qarabağ əlili Məhi Mehdiyev musavat.com-a bildirdi ki, şəhid birbaşa dövlətimizin şəhidi sayılır: "Tutduğu vəzifəsindən, siyasi mövqeyindən asılı olmayaraq hər kəs Qarabağ məsələsində birlik nümayiş etdirir. Eləcə də şəhidlərimiz olan zaman hər kəs onun cənazəsinin ətrafında birləşə bilir. Xalqımızın birliyi elə buradan görünür. Bu, çox müsbət haldır. Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri də rayonun bütün xeyir və şər işlərində yaxından iştirak edirlər. Bu gün də buradadırlar. Bu, bizim bilavasitə vətəndaşlıq borcumuzdur. Əgər biz gənc nəslə vətənpərvərlik aşılamaq istəyiriksə, onu bu cür məqamlarda etmək lazımdır. Bu gün şəhidimizin yas mərasiminə məktəb şagirdləri də gəlirdi. Ümumiyyətlə, aprel hadisələrində Azərbaycan xalqının birliyi açıq şəkildə göründü. Göründü ki, bu xalq torpağını, vətənini unutmayıb və hər an əlinhdə silah vətənin müdafiəsinə hamılıqla qalxmağa hazırıq. Allah şəhidimizə rəhmət eləsin. Şəhidlər ölməz".

Daha sonra şəhidin atası Namiq Tahirovla görüşdük. N.Tahirov bildirdi ki, oğlunu evləndirməyə hazırlaşırmış. Hətta bir neçə gün öncə onun üçün qız da bəyənibmiş: "Oğlum 7 ayın əsgəri idi. Ölümündən bir neçə saat əvvəl də onunla danışdım. Ancaq bilmirdim ki, belə olacaq. Biz başqa xəyallar qururduq. Düşünürdüm ki, buradakı evimizi sataq, gedib Zabratda torpaq alıb ev tikək. Çünki hərbi xidmətini bitirib geri döndükdən sonra Natiqi evləndirməyi düşünürdük. Düzdür, onun üçün bir qız bəyənsək də, anasına deyib ki, özünün istədiyi var. Mən də bu məsələni biləndən sonra daha bu barədə ona heç nə demədim. Sevdiyinin kim olduğunu isə bilmədik. Natiqin ölümündən 5 gün əvvəl qardaşımın qızını da maşın vurdu. O da dünyasını dəyişdi. Ailəmiz ard-arda itkilər verdi. Ancaq Natiq sıradan bir insan kimi dünyasını dəyişmədi. Oğlum şəhid oldu və bununla qürur hissi keçirirəm. Vətən sağ olsun".

Orada olarkən öyrəndik ki, şəhidin atası Namiq Tahirovun da ürəyi xəstədir. O da təcili əməliyyat olunmalıdır. Eyni zamanda N.Tahirovun ikinci övladı anadangəlmə ağır xəstədir və onun da müalicəyə ehtiyac var.
Allah rəhmət eləsin!