NİKOYL BANK ŞUŞALI MƏCBURİ KÖÇKÜNÜ BORCA GÖRƏ HƏBS ETDİRİB
 
Unikal.org xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat verib. Hüquqşünasın dediklərini olduğu kimi təqdim edirik:
 
 
 
 
"Rusiya ucbatından Şuşadan didərgin düşmüş vətəndaşımız indi də Rusiya bankı tərəfindən həbs etdirilib. Xəzər rayon məhkəməsinin hakimi Rəşad Həsənov 2 may 2016-cı il tarixdə 6 nəfərlik ailə başçısı, şuşalı məcburi köçkün Əlixanov Cavid Kamil oğlunu 10 gün müddətinə inzibati qaydada həbs edib. Səbəb vətəndaşın Nikoyl Bankın 5135 dollar məbləğində kreditini ödəyə bilməməsidir. Gördüyünüz kimi, qərarda vətəndaşın işsiz və məcburi köçkün olması vurğulanır. Vətəndaş ailəsi ilə Buzovna qəsəbəsindəki "Çiçək" istirahət sanatoriyasında məskunlaşıb. Ailədə heç kəsin gəliri yoxdur. Buna görə də vətəndaş məhkəməyə borcu imkansızlıqdan ödəmədiyini bildirib.
Buna baxmayaraq, hakim qərarda heç bir əsas olmadan qeyd edir ki, vətəndaş "dolayısı yolla məhkəmə qərarının icrasından yayınır və icra vərəqəsininin icrasını dolayı şəkildə icra etmir" (hakimin fikir ifadə etmək qabiliyyətini kənara qoyaq), "icra sənədini indiyədək üzrsüz səbəbdən icra etməmişdir".
Bunu rəhbər tutaraq hakim İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini ("Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi") tətbiq etmişdir. Bu qanunsuzluqdur! Çünki sözügedən maddəyə görə məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında ola bilər. Gəliri olmayan, heç ailəsini saxlamağa pulu olmayan şəxs borcunu nəyin hesabına ödəməlidir? Vətəndaşın gəlirinin olması vergi orqanından dəqiqləşdirilib? Vergi ödəmirsə, demək, gəliri də yoxdur! Gəliri yoxdursa, deməli, məhkəmə qararını üzrlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün? Vətəndaşın təqsiri nədir? Kasıb olması? Təqsirsiz insanın həbsi Konstitusiyamıza ziddir!
Eyni zamanda qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu "Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt"ın 11-ci maddəsinin və "Avropa İnsan Hüquqları Konvensiyası"nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Həmin sənədlərə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz.
Lakin təəssüf ki, vətəndaş Avropa Məhkəməsinə şikayət edə bilməyəcək. Çünki qərardan apellyasiya şikayəti verməsi müddətini (10 gün) buraxıb. Bizə, yəni Antikollektora artıq həbsdən çıxandan sonra müraciət edib. Çünki onu indi yeni həbslərlə, hətta cinayət məsuliyyəti ilə hədələyirlər. Təbii, biz vətəndaşı müdafiə edəcəyik!
Üzümü bir daha bu cür problemlərlə üzləşən digər vətəndaşlara tuturam. Bizə vaxtında müraciət edin! Həbs təhlükəsi yaranan kimi, yaxud həbs olunan kimi dərhal! Biz sizi həbs işləri üzrə pulsuz müdafiə edəcək və Avropa Məhkəməsinə şikayət edəcəyik (bir şikayət artıq göndərilib).
Sözün düzü, Rabitəbankın martda zamini həbs etdirməsindən və ictimaiyyətin kəskin etirazından sonra düşündüm ki, məsələ bitdi və bir daha heç bir bank, icra məmuru və məhkəmə belə şərəfsizliyi üzərinə götürməz (buna görə də mövzunu qabartmaq istəmədim). Lakin belə bank yenə peyda oldu. Özü də yurdumuzu viran qoymuş, torpaqlarımızı zəbt etmiş dövlətin – Rusiyanın bankı. Təəssüf ki, bu işdə həmin banka "milli" yardımçılarımız da tapıldı.
Beləliklə, banklar yenə borcluları qorxutmaq istəyir, Azərbaycanda sosial gərginliyi artırır, dövlətimizi sarsıtmaq istəyirlər. Həm banklar, həm də üzdəniraq icra məmurları və hakimlər bilsinlər: bu əməlləri cavabsız qalmayacaq!
Borclu vətəndaşlarımıza isə bir daha deyirəm: həbs halları hələlik nadirdir. Lakin sizin passivliyiniz bu halları artıra bilər. Özünüzə və ailənizə yazığınız gəlsin. Daha fəal olun, birləşin! Heç kəsdən və heç nədən qorxmayın. Hamınızı həbs edə bilməzlər! Siz çoxsuz, zalımlar azdır! Borcu ödəyə bilmirsinizsə, üstünüzə gələn bankı və kollektoru qovun, icra məmuru və hakimlə ləyaqətinizi itirmədən danışın, utanmayın, əksinə, onları utandırın! Haqsızlıq edən siz deyilsiz, onlardır!
Biz öz tərəfimizdən əlimizdən gələni edəcəyik! İrəli!"