Bu gün Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. O, universitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb, həmçinin ATU-da yaradılan təhsil-tədris şəraiti ilə tanış olub.

Görüş zamanı rektor, professor Gəray Gəraybəyli macar diplomata  ATU-nun tarixi, fəaliyyəti, Azərbaycanda səhiyyənin inkişafında tutduğu önəmli rol haqqında məlumat verib. Qeyd olunub ki, tibb təhsili sahəsində yeganə universitet olan ATU-nun ölkəmiz üçün peşəkar həkimlərin, tibb işçilərinin hazırlanmasında əvəzsiz xidməti var.

Rektor ATU-nun xarici ali təhsil və tədqiqat ocaqları ilə geniş əlaqələri olduğunu da bildirdi. G.Gəraybəyli ATU-nun Macarıstanın Zemvelveys Universiteti ilə əməkdaşlıq etdiyini, qarşılıqlı saziş əsasında müştərək tədbirlər təşkil olunduğunu qeyd edib. Rektor gələcəkdə universitetlər arasında tələbə mübadiləsinin daha da çoxalmasını, Macarıstandan da Azərbaycana tələbələr göndərilməsini arzuladığını bildirib.

Cənab Laslotski isə ilk olaraq professor G.Gəraybəylini rektor seçilməsi münasibətilə təbrik edib, ona bu şərəfli işində uğurlar arzulayıb. Azərbaycan və Macarıstan arasında bütün sahələrdə, o cümlədən səhiyyə və təhsil sahəsində sıx münasibətlərin formalaşdığını bildirən səfir ikitərəfli əlaqələrin gücləndirilməsinin zəruri olduğunu qeyd edib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulovanın da iştirak etdiyi görüşdə Azərbaycan və Macarıstanın tibb universitetlər arasında əlaqələrin möhkəmələnməs, əməkdaşlıq haqqındakı sazişin yenilənməsi barədə ilkin razılıq əldə olunub.