"Rayonların icra başçıları idmana, futbola maraq göstərmirlər. Hətta elə icra başçısı var ki, rayonda futbol matçı olanda deyir ki, indi 2-3 nəfər bir yerə toplaşacaq və qorxur. Əgər onlar maraqlı olsalar, heç bir güclü madiyyat lazım deyil. Sadəcə istəkləri olsa, yetər".
Unikal.org xəbər verir ki, bunu 
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin "Qafqazinfo"ya müsahibəsində bildirib. Cənab Musayev deyib ki,  icra başçıları vəzifələrini itirməkdən qorxurlar: "Türkiyədəki kimi olmalıdır. Maraq göstərmək lazımdır. Mən 3-4 il öncə Türkiyədə bir nəfərin qonağı idim. Restoranda oturmuşduq. Oraya bir gənc ailə gəldi. Yanlarında 5 yaşlı uşaq var idi. O uşağa sual verdilər ki, hansı komandaya azarkeşlik edirsən. Adı yadımda qalmasa da, komanda adı çəkdi. Bu bilirsiz nədən əmələ gəlir? Ailədən yaranan bir şey deyil. Sadəcə regionda futbola olan maraq ailəyə və o uşağa da təsir edib. Dövlət komanda saxlamır.
İnsanlar kömək edirlər. "Fənərbaxça" 70 milyon transferə xərcləyib. Hardan gəlir bu pullar? Azarkeşlərin bilet, forma alışlarından. Xaricdə klubları pulla alırlar. Qazanc üçün onlara pul verirlər. Bizim icra başçıları Türkiyə təcrübəsindən yararlana bilər. O qədər lazımsız yerə pullar xərcləyirlər. Həmin pullar yığılsa, həmin bölgənin adına komanda yaratmaq olar. Nə qədər pul lazımdır ki? 20 min manat bəsdir. Rəşad Sadıqov və Ramal Hüseynov "Kocaelispor"da oynayanda ora getmişdim. Həmin gün onların oyunları var idi. Orada maşın kirayələyib həmin şəhərə yollanmışdıq. Yolda maşını dayanacaqda saxladım. Gələndə gördüm ki, maşının şüşəsinə balaca bir vizikart yapışdırılıb. Üzərində yazılıb ki, "siz pul ödəcəyəksiniz. Yığılan pullar "Kocaelispor" klubun büdcəsinə gedəcək". Elə sevindim ki, istədim 10 qatını verəm. Bunu bizim bölgələrdə etmək olmaz? Bunu bacararıq. Bir dəfə bir söz demişdim və Tovuz sakinləri məndən incimişdi. "Turan" klubu çox acınacaqlı vəziyyətdə idi. Klub prezidentini çağırıb dedim ki, çıx şəhərdə elan elə imkanlı şəxslərdən xahiş elə. Qoy, kömək etsinlər. Tovuz futbol bölgəsidir. Oradan xeyli sayda oyunçular yetişir. İnsanlar kömək edəcək. Hər vətəndaş ayda 1 manat köçürsə, bəsdir. Tovuzda 20 min adam yoxdur? 1 manat heç kim üçün itki deyil. Rayonda çempionat oyunu keçirəndə biletsiz et. İnanın ki, insanlar pul verər. Bunu etmək lazımdır. Nə zaman ki, icra başçıları pulu yox, vətəni, torpağı düşünəcəklər onda futbolumuz olacaq. Futbol böyük siyasətdir. Əsl siyasət xaricdədir. Ölkə rəhbərliyi idmana qayğı göstərirsə, deməli, bu həqiqətən siyasətdir. Nəyə qadir olduğumuzu idmanla, musiqi ilə göstərməliyik. Əfsuslar olsun ki, biz bunu etmirik.

Yaxınlarda bütün Avropanın gözü olacaq İsveçərnin Nyon şəhərindəki püşkatmada. Orda püşkdən çıxanda "Qəbələ" (Azərbaycan), "Qarabağ" (Azərbaycan) pis olacaq? Bundan böyük reklam var? Ermənilər Qarabağ bizimdir deyilər. Amma Nyonda püşkatmada "Qarabağ" klubunun adının qabağında Azərbaycan yazılması dünyanın 50 faizinə göstərir ki, bu torpaq bizimdir. Cəbhə bölgəsində az rayonlarımız var? Onların adına komanda yaratmaq lazımdır. Tərtərdə, Fizulidə komanda yaratmaq olmaz? Bərdədə komanda var idi. Biz istədik ki, kömək edək, amma ordakılar dağıtdılar. "Şuşa" klubu yaratdıq ki, bəlkə kömək edərlər. Bir dənə şuşalı bizə yaxın durmadı. Bu qədər vəzifə sahibi olan şuşalılar var. Amma heç biri maddi olmasa da, belə mənəvi dayaq da durmadılar. Elə bil ki, ancaq Rövnəq Abdullayev, Elxan Məmmədov, Ramin Musayev etməlidir. Futbol ancaq bizə lazımdır. "Şuşa" komandasını yaratmaq siyasi addım idi. O klub uğur qazana bilərdi. Elə çətindir ki, bir komanda saxlamaq. Kimsə məndən soruşur ki, bizdə nə vaxt futbol olacaq? Mən də soruşuram milli komandamız növbəti oyununu nə vaxt oynayacaq? Bilmir. Halva-halva deməklə düzəlmir. Halvanı yemək üçün un, şəkər tozu almaq lazımdır. Bu müsahibəni oxuyan icra başçıları dediyim səlahiyyətləri mənə versin və mən ora bir adam göndərəcəm. Görün dediyim kimi orda necə komanda saxlayacam. Bizim xalq kövrəkdir, ürəyi təmizdir. Kasıbı da, varlısı da pul verəcək. Hamısı bacardığını, əlindən gələni edəcək. Sadəcə bunu təşkil etmək lazımdır. Rayon icra başçıları deməsin etmək olmur. Mənə icazə versinlər və edim. Vətənə sevgi olmalıdır. Bütün idman növlərində. O gün kunq-fu yarışnda baxdım ki, bizimkilər erməniləri döydülər. Çox sevindim. Çünki həmin anları biz də yaşamışıq. Birlik Kubokunda Qurban Qurbanovla, Rəşad Sadıqovla birlikdə ermənilərlə dalaşmışıq. Erməniləri yaxşı tanıyıram. Onların kinindən xəbərim var".