Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşü ilə bağlı Ermənistan siyasətçilərinin, mediasının və hakimiyyət mənsublarının açıqlamaları proqnozlaşdırılandı. İrəvan indiyədək nümayiş etdirdiyi davranış modelini əsla pozmadı, yenə hansısa mifik "uğur"larından bəhs etdi, nailiyyətlərinin müzakirəsinə vardı, "böyük dövlətlərin Ermənistandakı ciddi siyasi və iqtisadi maraqlarından" bəhs etdi.

Bununla yanaşı, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində absurd mövqelərindən qətiyyən geri çəkilməyəcəyini bir daha bəyan etdi.
Vyana görüşü başa çatmamış Dağlıq Qarabağda ermənilər ordumuzun mövqelərini yenidən atəşə tutdular, İrəvanda isə "Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Dağlıq Qarabağın dövlət müstəqilliyini tanıyacağıq" hədələrinin sayı daha da artdı. 



ATƏT-in Minsk Qrupunda həmsədr ölkələr - Fransa, ABŞ və Rusiyanın da xarici işlər nazirlikləri bəyanatlarla çıxış etdilər, "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olduq" dedilər.
Belədirmi?
Sual sadə olsa da, cavabı çox çətindir.
Əvvəla, bəzi məqamları aydınlaşdırmaq gərəkdir.

Avstriyanın paytaxtı  Vyanada keçirilən görüşdə münaqişə tərəfləri ilə yanaşı, həmsədr ölkələr də yüksək səviyyədə təmsil olunub. Azərbaycan prezidenti İlham Əliyev və  Ermənistan prezidenti Serj Sarkisyanla birlikdə, ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, habelə ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi müzakirələrdə iştirak ediblər.

Görüşün nəticələri ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar.

Bəyanatda onlar münaqişənin hərbi yolla həllinin mümkünsüz olduğunu vurğulayıb və tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişinə hörmət etməyə çağırıblar.

Bəyanatda qeyd edilir ki, prezidentlər atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Göründüyü kimi, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün aparılan danışıqlar prosesində iştirak edir. Bu münaqişəni sülh yolu ilə, beynəlxalq hüquq çərçivəsində həll etməyin mümkünlüyünə ümidimiz hələ də var.
Ən azından ona görə ki, bu yolun alternativi müharibə, hərbi əməliyyatlardır ki, onlar da yalnız Dağlıq Qarabağ münaqişəsi zonasını yox, bütün Cənubi Qafqaz bölgəsinin sözün əsl mənasında partlada bilər.



Bundan başqa, Dağlıq Qarabağda aprelin 1-də başlayan və aprelin 5-də başa çatan "dördgünlük müharibə"dən sonra münaqişə bölgəsində tamamilə yeni, fərqli situasiya yaranıb. Ermənilərin hücumunun qarşısını alan, düşməni mövqelərindən geri atan və bir sıra strateji yüksəklikləri azad edən Azərbaycan ordusu şərtlərini diqtə edən tərəfə çevrilib.
Aprel hadisələrini təhlil edərkən alınan yüksəliklər, öldürülən düşmənin sayı, vurulan tanklar və ya dağıdılan erməni mövqelərinin statistikası - nə qədər paradoksal olsa da - önəmli deyil.

Önəmli olan "dördgünlük müharibə"nin siyasi messicləridir.
Cəmi 4 gün davam edən müharibə göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş konflikt deyil və istənilən an partlayaraq genişmiqyaslı müharibəyə çevrilə bilər. Bunu illərdən bəri Azərbaycanı danışıqlarda daha yumşaq mövqe tutmağa, ermənilərlə müzakirələrdə üzüyola olmağa çağıran Qərb də anladı.
Azərbaycanın işğalla razılaşmadığını və ermənilərin ələ keçirdiyi torpaqları müharibə yolu ilə olsa da, geri qaytarmaqda, azad etməkdə əzmli olduğunu ABŞ və Fransa başa düşdülər.

Moskva yenə sanki heç nə olmamış kimi davranmağa çalışsa da, alınmadı: İrəvanda Rusiya əleyhinə mitinqlər və yürüşlər, "Rusiyanın müstəmləkəsi olduğumuz yetər!" tipli şüarlar Ermənistanı öz quberniyasına çevirmiş Rusiya üçün ayılma anı oldu.
Rusiyanın aktivliyi, Ermənistan və Azərbaycanı danışıqlar masası arxasına gətirməkdə qərarlı olmasının əsas səbəbi bu idi: Moskva müti buyruq qulu, siyasi köləsi və ondan asılı dövlət olan Ermənistanı itirmək istəmirdi.



Rusiyanın danışıqlar prosesindəki passivliyi mütləq şəkildə ABŞ və Avropa Birliyinin aktivləşməsinə səbəb olacaqdı, oldu da. Bu isə Cənubi Qafqazda qüvvələr nisbətinin dəyişməsi ilə nəticələnə bilər.
"Dördgünlük müharibə"nin başa çatmasından az sonra ABŞ-ın Gürcüstana NATO təlimlərində birgə iştirak adı ilə hərbi kontingent və tanklar yollaması, sonra prosesə Britaniyanın da qatılması Vaşinqtonun Moskvanı bölgədən sıxışdırıb çıxarmaq niyyətlərini qabarıq göstərdi.

Digər tərəfdən, İran və Türkiyə də münaqişənin həllinə qatılmaq, geosiyasi maraqlarını təmin etmək istəyirlər.
Ankara ilə bağlı durum bəlli: Azərbaycanı həmişə və bütün müstəvilərdə dəstəkləmiş Ankara erməni işğalçılığının bölgə üçün hansı təhlükə kəsb etdiyini bilir və bununla bahəm, Rusiyanın ermənilərdən yararlanaraq Türkiyə sərhədlərində forporst formalaşdırmasına imkan vermək istəmir.
İran da şimal sərhədlərində fasiləsiz közərən, hər an ətrafını qarsalaya biləcək tonqala çevrilmiş Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır.
Ermənistanla siyasi, iqtisadi, maliyyə və s. əlaqələri olsa da, İran üçün Azərbaycan daha önəmli, çəkili və vacib tərəfdaşdır. Daha doğrusu, müttəfiq ölkədir.



"Dördgünlük müharibə"dən sonra bütün "maraqlı tərəf"lərin, yəni bəhs etdiyimiz ölkələrin Azərbaycana və Ermənistana üz tutaraq prezidentlər səviyyəsində görüşün keçirilməsini təkid etmələrini də təsadüf saymaq olmaz. 
Fəqət, əvvəlki dövrlərdən, illərdən və mərhələlərdən fərqli olaraq Azərbaycan indi daha əlverişli mövqelərə malikdir. Belə ki, rəsmi Bakı artıq birmənalı şəkildə bildirir: ATƏT-in Minsk Qrupu qeyd-şərtsiz olaraq beynəlxalq hüququn prinsipləri və normalarından çıxış etməlidir. Hüquq isə Azərbaycanın işğal edilmiş ərazilərinin hər hansı şərtlər, ilkin istəklər və ya tələblərsiz azad edilməsini tələb edir.
Vyana görüşünün digər məqamı Azərbaycanın mövqelərinin daha da konkretləşməsi və bəlirlənməsi oldu. Görüş əsnasında Ermənistan atəşkəs rejiminin möhkəmləndirilməsini, bu rejimin pozulması ilə bağlı insidentlərin ən geniş şəkildə araşdırılmasını təkidlə, israrla istəyirdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Azərbaycan və Ermənistan qarşılıqlı güzəştlərə, habelə münaqişənin mərhələli həllinə hazır olduqlarını deyiblər.  Bəyanatın birmənalı olaraq Ermənistanın sakitləşdirilməsinə, İrəvanın "könlünün alınmasına" yönəldiyi aşkardır.
Amma Lavrov onu da etiraf etdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin çözülməsi ilə bağlı predmetli, konkret danışıqlara başlamağın vaxtının çatdığını söyləyən Azərbaycanın mövqelərini tam qəbul ediblər.

Bəs yaxşı, indi nə etməliyik?
Bu sualın cavabı isə çox sadədir. Minsk Qrupunda həmsədr ölkələrin təklif etdiyi "münqişənin mərhələli həlli" prosesinin zaman limiti müəyyənləşdirilməlidir.
Danışıqlar indiyədək olduğu kimi mənasız, predmetsiz, konkretikadan uzaq şəkildə davam etməməli, çözüm prosesi daha 22 il uzanmamalıdır.

Ötən 22 ildə çözüm variantları çox oldu: mərhələli, paket, "ümumi dövlət", "Madrid prinsipləri, "Kazan formulu". Amma onların heç biri gözlənilən nəticə vermədi, əslində, Ermənistanın aqressiv və işğalçı davranışından əl çəkmədiyi şəraitdə verə də bilməzdi.



Minsk Qrupunun həmsədrlərinin nikbin bəyanatlarına rəğmən, onlar, çətin ki, yeni variant təklif etsinlər. Buna görə də mövcud variantlar yenidən təhlil edilməli, həmsədrlərin indiyədək səslənən bütün təkliflərinin məcmusu sayıla biləcək "Madrid prinsipləri" ciddi şəkildə götür-qoy olunmalıdır.
Ən azı ona görə ki, həmin təklif BMT Təhlükəsizlik Şurasının erməni işğalındakı Azərbaycan ərazilərinin dərhal azad olunmasını ehtiva edən 4 qətnaməsini əks etdirir.
Danışıqlar prosesi bundan sonra da dalana dirənərsə, nəticəsiz qalarsa, Azərbaycan məsələnin həllini BMT TŞ-nin müzakirəsinə çıxarmalıdır. İllah da ki, BMT TŞ-nin son qətnaməsində deyilir: "Təhlükəsizlik Şurası bu məsələnin müzakirəsinə ən yaxın vaxtlarda dönəcək".



Və bu, Vyanada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan prezidenti Serj Sarkisyanın yanında oturduğu, "Serjik"ə ürək-dirək verdiyi görüş də göstərdi ki, Moskvaya güvənib nəyəsə nail olacağını düşünən ermənilər yenə yanıldılar. 
Ən azı ona görə ki, bütün cəhdlərinə və səylərinə rəğmən Ermənistan əsas məqsədinə çatmadı.

Düşmən Dağlıq Qarabağda hərbi əməliyyatların başlamayacağı barədə vəd eşitmədi, çünki belə vəd ola da bilməzdi.
Azərbaycan səbrlidir, amma istənilən səbr kasasının daşma həddi var.
O hədd indi çox yaxındadır.

Milli.Az