İsa Qəmbərdən Əli Kərimliyə ağır zərbə
İsa Qəmbərdən Əli Kərimliyə ağır zərbə

Müxalifət artıq seçkilərdə məğlub olması ilə barışmalıdır

Müsavat başqanı İsa Qəmbər sözün həqiqi mənasında AXCP-yə və İctimai Palatanın digər aktivlərinə ağır zərbə vurdu. Gözlənilmədən o , 2013-cü il prezident seçkilərində namizəd olacağı ilə bağlı açıqlama verib.

Çünki İctimai Palatada qərar qəbul olunmuşdu ki, prezidentliyə namizədliklə bağlı məsələ gündəmə gətirilməməli və zamanı çatanda vahid namizədi müəyyənləşdirərək seçkiyə qatılmalı idilər. Amma İsa Qəmbər gözlənilmədən müttəfiqlərinə ağır zərbə vurdu. Ən maraqlısı isə budur ki, İsa Qəmbər bu qərarını hətta başqanı olduğu partiyada da müzakirə etmədən elan etdi. Bəs İsa Qəmbərin bu addımı nə ilə sonunclanacaq?
Ekspertlər bildirir ki, belə bir addımın atılması o deməkdir ki, AXC_ ilə Müsavat müttəfiqliyi açıq şəkildə çat verdi və yaxın vaxtlarda əməkdaşlıq tamamı ilə dondurulacaq. Elə AXCP rəsmilərinin də məsələyə verdikləri reaksiya bunu təsdiqləyir. Məsələn AXCP sədrinin müavini Razi Nurullayev bildirir:-"Bizim partiya siyasətini bəyanatlar, açıqlamalar və verilən şərhlər üzərində qurmaqdan uzaq olsun gərək. AXCP Azərbaycanda köklü dəyişiklik üçün çalışır.
Partiya sədri dəfələrlə öz müsahibəsində də vurğulayıb ki, bizim üçün prioritet hakimiyyət dəyişikliyidir. Ona görə də AXCP bütün məsələlərə bu prizmadan yanaşır. Hər bir partiya seçkilərdə iştirakla bağlı niyyətini ortaya qoya bilər. Amma, böyük birliklərin namizədi ora daxil olan qurumlar tərəfindən müəyyən edilməlidir. Müxalifətin birliyinə xələl gətirən və onu pozulmasına rəvac verən məsələlərdən uzaq olsaq, 2013-ə qələbə gözü ilə baxa bilərik.
İctimai Palata hələ vahid namizədini müəyyən etməyib. Həm İctimai Palata, həm də bizim partiya vahid namizəd məsələsinin indidən gündəmə gətirilməsinin lehinə deyil. Çünki, vahid namizəd məsələsi bizə dost olmayan qüvvələr tərəfindən mənfi tərəfə yönəldilir və müxalifətin birliyinə xələl gəlir. AXCP bu gün müxalifətin vahid birliyini saxlamaq, xalqın müxalifətə inamını artırmaq üçün əlindən gələni və bəzən gücü xaricində olan missiyanı yerinə yetirməkdədir. AXCP bu missiyasına sadiq qalacaq". Gördüyünüz kimi açıqlamada İsa Qəmbərə yönəli qınaq var və digər sədr müavini Fuad Qəhrəmanlı daha açıq şəkildə İsa Qəmbərdən hesabat verməyi tələb edir:-" AXCP bu məsələ ilə bağlı mövqeyini cəmiyyətə çatdırıb ki, indiki halda vahid namizəd məsələsinin müzakirə olunması aktual deyil və buna əsas yoxdur. Əsas diqqət vahid namizəd məsələsindən daha çox seçkiöncəsi mühitin demokratikləşməsinə və mühüm seçki potensialının yaradılmasına yönəlməlidir. Bizim üçün öncəlik namizəd məsələsi deyil. İctimai Palatanın qərarı odur ki, namizədlik məsələsi hələlik müzakirə olunmamalıdır. Ona görə də hesab edirik ki, bu məsələnin indki vaxtda müzakirə olunmasının, konkret olaraq namizədin kimliyinin elan edilməsinin yeri və vaxtı deyil".
Beləliklə gördüyünüz kimi artıq Müsavat başqanı sözünün üstündə durmamaqda ittiham olunur və buna mütləq adekvat cavab veriləcək. Bu isə AXCP sədri Əli Kərimlinin seçkilərə qatılması ilə bağlı açıqlamanın verilməsi olacaq. Bununla həm də İctimai Palata fəaliyyətinə xitam verməli olacaq. Ən yaxşı halda isə ekspertlər hesab edir ki, İctimai Palata vahid namizəd məsələsində ortaq mövqeyə gələ bilməyəcək. Bu da İctimai Palatanın seçkilər ərəfəsində fəaliyyətini mənasız edəcək. İndiki halda bunlardan bir çıxış yolu var ki, İctimai Palatanı saxlasınlar və AXCP də, Müsavat da seçkiyə ayrıca getsin. Müxalifət partiyalarının isə ayrıca seçkiyə getməsi indidən müxalifətin iflası kimi dəyərləndirilir. Ekspertlər hesab edir ki, Müsavat,o cümlədən İsa Qəmbərdə hesab edir ki, artıq İctimai Palatanın böyük bir perspektivi yoxdur və bu təşkilat əvvəlcə düzgün ideya üzərində qurulsa da, sonradan transformasiya olunub. Buna görə də İsa Qəmbər yeni səhifə açmaq qərarına gəlib. Həmçinin hesab edilir ki, bu məqamda AXCP çıxılmaz duruma düşəcək. Çünki İctimai Palatada əsas güc İsa Qəmbərdə idi və sözsüz ki, onlarda Əli Kərimlini meydanda tək buraxacaqlar.
İsa Qəmbərin son açıqlaması həm də müxalifət daxili inamsızlıq problemini qabarıq şəkildə ortaya çıxartdı. Dünənə qədər inamsızlıq zərbəsi Əli Kərimlinin üzərində idisə, indi inamsızlığın müəllifi kimi İsa Qəmbər oldu. Sosial şəbəkələrdə AXCP üzvlərinin İsa Qəmbərlə bağlı apardıqları müzakirələrdə bunu sübut edir. Ekspertlər bildirir ki, İsa Qəmbərin bu addımı ümumilikdə cəmiyyətin müxalifətə etibar etməməsi ilə sona çatacaq. Bu isə bəri başdan prezident seçkilərində müxalifətin məğlubiyyəti deməkdir.
Mehdi Əli