Bakı-Tbilisi-Qars layihəsindən təzə nə xəbər var?
Bakı-Tbilisi-Qars layihəsindən təzə nə xəbər var?

Proje çərçivəsində Türkiyə-Gürcüstan sərhədində tunelin layihələndirilməsi başa çatdı

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində Türkiyə-Gürcüstan sərhədində 4,35 km uzunluğunda tunelin və Axalkələk stansiyasının layihələndirilməsi işləri başa çatdırılıb. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi üzrə hazırda yolun Axalkələk-Kartsaxi (Türkiyə sərhədi) hissəsində torpaq yatağının hazırlanması, yolun üst quruluşu elementlərinin qoyulması üzrə hazırlıq işləri başa çatdırılır: "Kartsaxidə stansiya binasının, yolun 101-103 km-lik ərazisində yerləşən, uzunluğu 150 metr olan körpünün tikintisi həyata keçirilir. Türkiyə-Gürcüstan sərhədində 4,35 km uzunluğunda tunelin və Axalkələk stansiyasının layihələndirilməsi işləri başa çatdırılıb. Yolun Marabda-Axalkələk sahəsində yenidənqurma işləri sürətlə davam etdirilir".
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisi layihəsinin həyata keçirilməsi üçün dövlətlərarası sazişə əsasən ayrılmış 775 mln. manat vəsaitdən 2007-2012-ci illərdə 326,9 mln. manat, bundan 47,1 mln. manat isə cari ilin ilk yarısında xərclənib.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.
Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə qədər olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və yenidən qurulması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. Bakı-Tbilisi-Qars layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunda ilk qatarların xəttə buraxılması gözlənilir, 2014-cü ildə isə dəmir yolunun tam istismara verilməsi planlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Sənan Mirzə