Zeynəb Xanlarovanın ardınca hansı məmurlar gələcək
Zeynəb Xanlarovanın ardınca hansı məmurlar gələcək

Londondan danışan xanım deputat kimlərə mesaj göndərdi?

Son günlər eks-prezident Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi xəbəri geniş rezonans yaratmaqdadır. Artıq respublika prokurorluğunda bununla bağlı cinayət işi açılıb və bir neçə şəxs bu faktı təsdiqləməyə başlayıb. Prosesdə hədəf olaraq AXCP sədri Əli Kərimli göstərilir. Amma gözlənilmədən hakimiyyət düşərgəsində olan millət vəkili Zeynəb Xanlarova Əli Kərimliyə dəstək oldu.

"Mən Əli Kərimlinin xətrini çox istəyirəm. Ona görə mən bu sözü deməliyəm. Ona qara yaxırlar". Bunu SSRİ xalq Artisti Zeynəb Xanlarova AXCP sərdi Əli Kərimliyə qarşı irəli sürülən ittihamlara münasibət bildirərkən deyib.
Elçibəyin Ə. Kərimli tərəfindən zəhərlənməsi barədə ittihamları yersiz sayan xalq artisti belə deyib: "Mən Londondayam. Amma bu xəbəri eşidəndə dözə bilmədim. Əli Kərimli Elçibəyin xətrini çox istəyirdi. Onun haqqında bu şayiələri yalnız Əli Kərimlinin düşmənləri yaya bilər. İnana bilmərəm buna heç zaman. O, cavan adamdır. Niyə ona bu qədər qara yaxmağa çalışırlar?".
Maraqlıdır, gözlənilmədən hakimiyyətə yaxnlığıyla tanınan millət vəkili niyə belə bir addım atdı?
Müşahidəçilər bildirirlər ki, son zamanlar Zeynəb Xanlarova müxalifətə daha çox meyillənir və bunun özəl səbəbləri var. İlk səbəblərdən biri qudası Arif Ağayevlə bağlıdır. Belə ki, Qırğızıstandakı səfirimiz,deputatın qudası Arif Ağayev diplomatik xidmətdə olduğu ölkədən geri çağırılıb. O, 2007-ci il mayın 16-da səfir göndərilmişdi. Həmin təyinatdan öncə isə o, Yasamal rayonu İcra Hakimiyyətinin başçısı postunu tutmuşdu.
Buda söylənilir ki, son aylarda Xanlarolvaya qarşı hökumət kulislərində münasibət əhəmiyyətli şəkildə, həm də mənfiyə doğru dəyişib.
Mənbəmiz hesab edir ki, bu, Zeynəb Xanlarovanın son bir neçə ildə hökuməti insan haqları və əhalinin sosial durumu məsələsində kəskin tənqid etməsi, iri məmurları top atəşinə tutması, sonuncu dəfə isə bu ilin mayında parlamentdəki çıxışında antihökumət çıxışlarının dozasını daha da yüksəltməsi ilə bağlıdır.
Z. Xanlarova mayın 22-də Milli Məclisin iclasındakı çıxışında həmin günlərdə etiraz aksiyası keçirən müxalifəti müdafiə etməyə çalışmışdı, etiraz aksiyalarında xüsusən də qadınlara qarşı zorakılıqları pisləyərək demişdi ki, qadına əl qaldırmaq Azərbaycan kişisinə, polisinə yaraşan hərəkət deyil. Zeynəb xanım demişdi: "Mən Fəvvarələr meydanında evimin pəncərəsindən aksiyaya baxırdım. Azərbaycan qadınları ayaq altında qalırdı. Mənim xalqım niyə ayaq altına düşməlidir?".
Deputat-müğənni daha sonra məmur-oliqarxları qəsd edərək, insanlar arasında hakimiyyətə qarşı narazılıqları "5-6 nəfər pullu insanların" etdiyini demişdi.
Gəlin, onun həmin sözlərini də xatırlayaq: "Bu gün mənim ürəyim doludur. Danışmaq istəyirəm. Bu gün xalq küçələrə düşür. Ona görə ki, 5-6 nəfər pullu, varlı insan xalq arasında prezidentə qarşı narazılıq yaradırr. Bütün bunları edənlər pullu insanlardır. Mən seçildiyim rayonun Altıağac qəsəbəsində pullu adamlar özlərinə elə böyük villalar tikirlər ki, adi insanlara su da çatmır. Kasıb insanlar onlara baxanda qıcıqlanırlar, narahatlıq keçirirlər. Onların evləri bu villaların yanında koma kimi görsənir. Ac insanlar bunları görüb qıcıqlanırlar"".
Müğənni-deputat təkcə Milli Məclisdəki kəskin ittihamlarla da kifayətlənməmişdi, sonrakı günlərdə onun radikal müxalif KİV-lərdə öz ittihamlarını davam etdirdiyi də hər kəsin yadındadır.
Amma məsələ bununla bitmir. Çünki artıq Zeynəb Xanlarova siyasi mövqe sərgiləyir və bu mövqe mərkəzdənqaçmadır. Çox böyük ehtimal ki, Zeynəb Xanlarova daha bir neçə məmurun da bu məsələdə dəstəyini ala biləcək. Həmçinin keçmiş millət vəkili Sirus Təbrizli başda olmaqla YAP-in yaradıcıları olan 91-lər də bu kompaniyaya qoşula bilər. Ekspertlər bildirir ki, 2013-cu il prezident seçkilərində Zeynəb Xanlarova ilə yanaşı bir sıra millət vəkilləri və məmurlar da mövqelərini dəyişə bilərlər. Bu məsələ Quba hadisələrində daha aydın göründü. Məlumunuz olduğu kimi, bir müddət əvvəl gözlənilmədən Quba sakinləri ayağa qalxdı və keçmiş icra başçıının evini yandırdılar .Bu da məlum oldu ki, prosesə birbaşa Vahid Əhmədov rəhbərlik edir və onun sözündən sonra minlərlə qubalı geri çəkildi. Əslində bununla Vahid Əhmədov hakimiyyətə güc nümayiş etdirdi. Bundan sonra isə o açıq şəkildə eks-prezient Ayaz Mütəllibova meylləndi və onun Bakıya qayıtmasında mühüm rol oynadı. Bütün bunlar isə təsdiqləyir ki, artıq bəzi oliqarx-məmurlar və deputatlar siyasi mövqelərini dəyişirlər. Ən maraqlısı isə budur ki, bu şəxslərin müxalifətə dəstəyi həm də maliyyə baxımından olacaq.
Mehdi Əli