Ucuz dərmanları bazara kim buraxmır?
Ucuz dərmanları bazara kim buraxmır?

Son bir neçə ildə apteklərdə bəzi dərmanların qiyməti 20-30 dəfə bahalaşıb

"Sizdə ucuz ağrıkəsici var?" sualına şəhər meriyasına yaxın aptekdə piştaxta arxasında oturmuş qız "Hə, əlbəttə, paketi 1 manat 80 qəpiyə "Spazmalqon" ala bilərsiz",- cavabını verir.

- Niyə belə baha? Bir həftə qabaq 80 qəpik idi.
- O, Rusiya malı idi, indi gətirilən "spazmalqon"lar Bolqarıstan istehsalıdır. Daha heç kim Rusiyadan "Spazmalqon" gətirmir.
Qız sonra səsini alçaldaraq pıçıltıya keçir:
- Amma burda "Sitromon" da var, paketi 10 qəpikdir, təsiri də təxminən eynidir. Onu istəyin.
Aptekçi qız cavab əvəzinə eyni tərzdə alçaq səslə sualla qarşılaşır:
- Niyə belə yavaşdan danışırsız?
- Mən burda staj keçirəm. Müştərilərə bu cür məsləhətlər verməyə icazə vermirlər. Bilsələr, daha bura gəlməyə qoymazlar.
Bu günlərdə Bakıda rastlaşdığımız bu səhnə, əslində, son bir neçə ildə Azərbaycanın əczaçılıq sektorunda baş verənlərin yığcam formasıdır. Bu bölmədə yavaş-yavaş ucuz dərmanlar sıradan çıxır və onların yerini təsiri eyni, amma 20-30 dəfə bahalı dərmanlar tutur. Hansısa görünməz əl Azərbaycan vətəndaşını ucuz dərman preparatlarına çıxış imkanından məhrum edir. Və bu proses iki istiqamətdə gedir.
Birinci variantda ölkə bazarının 99 faizi təşkil edən idxalın "yenidən strukturlaşması" aparılır və bu çərçivədə ucuz dərman preparatları "ixtisara salınır". Qaydaya görə, ölkə bazarına idxal edilən dərmanlar Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir və bu proses zamanı sovet dövründən hamıya məlum olan bir çox ucuz dərmanlar "yaddan çıxır". Yəni bazara nəzarət edən iri şirkətlər həmin dərman preparatlarını gətirmirlər və buna görə də Səhiyyə Nazirliyinə qeydiyyat üçün müraciət etmirlər. Belə dərmanların ölkəyə qeyri-rəsmi yolla gətirilməsinin qarşısı da istər-istəməz alınır, çünki apteklər belə dərmanlara yaxın durmurlar və onların SN-in qeydiyyatından keçməmiş dərmanları satmağa ixtiyarı yoxdur. Nəticədə, apteklər istər-istəməz həmin dərmanların bahalı analoqlarına keçməyə məcbur olurlar.
Düzdür, şirkətlər assortiment xətrinə ucuz dərmanlar gətirirlər. Təsadüfi deyil ki, Səhiyyə Nazirliyinin təmsilçisi Pərviz Əzizbəyov bildirib ki, ölkəyə gətirilməsinə və satışına icazə verilən 3600 dərman preparatının sırasında müxtəlif qiymətlərlə satılan eyni tərkibli dərmanalar var. Yəni SN təmsilçisinin dediyindən belə anlaşılır ki, bu məsələ həkimlərdən asılıdır. Həkim xəstəsindən, onun fizioloji və maddi durumundan asılı olaraq müxtəlif cür dəmanlar təyin etməlidir. Yəni sağlam məntiqlə yanaşdıqda, bahalı dərmanlara kəskin ehtiyac duyulmadıqda, onlara müraciət edilməməlidir.
Amma Azərbaycanın iri aptek şəbəkələrindən birinin rəhbərliyində təmsil olunan mənbənin verdiyi məlumata görə, həkimlər xəstəyə ucuz dərman yazmaqda maraqlı olmurlar və buna görə də apteklərə çeşid xatirinə qoyulan ucuz dərmanları satmaq mümkün olmur. "İdxalçı şirkətin tibbi nümayəndəsi həkimlərlə anlaşmaya girir və onlar ucuz dərman yazmırlar. Məsələn, siz qrip olmusunuz və həkimə müraciət eidrsiniz. Həkim sizə 3 ədəd "Ampisit" yazır və bunun biri 3 manatdır. Yəni qripə qarşı sizə təxminən 10 manatlıq preparat yazır. Amma həkimi sizin qohumunuz olsa, o heç vaxt "Ampisit" yazmaz, çünki baha olması ilə yanaşı fəsadları da var. O sizə sovet dövründən tanındığınız, daha zərərsiz "Qentamisin" yazacaq, 10 ampulu 2 manatdır. Yəni bu cür müalicə 3 dəfə ucuz başa gəlir". Aptek şəbəkəsi təmsilçisinin sözlərinə görə, həkimlər reseptlərə adətən bu cür "firma" dərmanları yazdığından, apteklər də təchizatda onlara üstünlük verməyə məcburdurlar: "Hazırda bizim şəbəkədə dərmanların təxminən 30-40%-i bu cür "firma" dərmanlarıdır, onlardan imtina da edə bilmərik, çünki reseptlər onları tələb edir",- deyə aptek şəbəkəsnidəki mənbə vurğulayır.
Lakin dərman biznesinə yaxın olan başqa bir mənbə isə apteklər şəbəkəsinin yüksək çinli rəhbərinin dediyi rəqəmin xeyli kiçildilmiş olduğunu vurğulayır: "Əslində "firma" dərmanlar apteklərin dərman ehtiyatının 80-85%-ni təşkil edir, qalan 15-20%-i isə ucuz, amma sınaqdan çıxmış təsirli dərmanlardır. Şirkətlər həmin dərmanların ortaya çıxarılmasında maraqlı deyillər. Adətən belə dərmanlar aptekdə olmur, amma bazada olduğunu deyib sifariş götürürlər və alıcını get-gələ salırlar, alıcı ən nəhayət bezir və bahalı analoqu almağa razılaşır. Bu oyunda məqsəd insanlara ucuz və təsirli dərmanları unutdurmaqdır".
Araşdırmalarımıza görə, ucuz dərmanları bazardan çıxarmaq istəyənlər yerli istehsalı məhdudlaşmaqla da buna nail olmağa çalışırlar. Bu çərçivədə bu il patenti Azərbaycana məxsus "Teymurov" pastası və "Leyner" mazının istehsalının qadağan edilməsini də göstərmək olar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən həmin mazların tərkibində borun miqdarının yüksək olması ilə izah edirlər: "Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyyələrinə görə, dərmanın tərkibində borun miqdarının 2%-dən artıq olmasına yol verilmir".
Amma bunun nə dərəcədə məntiqli olması anlaşılmır - sovet keçmişində qadınların hamısı antiseptik vasitə kimi "Teymurov" mazı sürtürdülər, konsperativ vasitə kimi də bor turşusundan istifadə edirdilər. Amma bu, həmin illərdə Azərbaycanda sağlam nəsil formalaşmasına heç bir maneəçilik törətmirdi, o vaxt bir produktiv qadının payına 5-ə yaxın uşaq düşürdü ki, bu, dünya üzrə yüksək göstəricilərdən idi. Hazırda isə bu göstəricini bir neçə illik mübarizə nəticəsində reqressiv 1,9 göstəricisindən sabit 2,1 göstəricisinə qaldırmaq güc bəla ilə mümkün olub.
Ümumiyyətlə, DST-nin bu cür tövsiyyələrinin kökündə nə durduğu bəlli deyil. İki il qabaq DST donuz qripi barədə tükürpədici bəyanatlar verib hər kəsi pevənd etməyə çağırdı. Bütün dünyanın həyatı iflic oldu, amma sonra Britaniya alimləri aşkarladılar ki, donuz qripi elə də qoxulu xəstəlik deyil və ölüm qorxusu adi qripdən 5 dəfə aşağıdır. Bu barədə araşdırmalar həm də onu ortaya çıxardı ki, DST-nin ekspert qrupunun oyunun məqsədi donuz qripi ilə mübarizə üçün yaradılmış, amma satıla bilməyən 2 milyon avroluq zərdabın reallaşması olub.
Bu səbəbdən Azərbaycanın Səhiyyə Nazirliyinin DST-nin göstərişlərinə bu cür kor-koranə riayət etməsi təəccüb doğurur. Yuxarıda sözügedən aptek şəbəkəsinin təmsilçisinin fikrincə, əslində Səhiyyə Nazirliyi ölkəyə dərman gətirən şirkətlərin idxal siyahısını araşdırmalı və eksperiment üçün yaradılmış bahalı firma dərmanları ölkəyə buraxmamaldır. Əslində, nazirlik ancaq ölkəyə gətirilən dərmanların yalnız keyfiyyətinə diqqət yetirir və bu fikri SN təmsilçisi Pərviz Əzizbəyov da vurğulayıb. Nazirliyin mətbuat xidmətindən dərmanların bahalılığının onlara heç bir dəxli olmadığını, bu işlə İqtisadi İnkişaf Nazirliyinin (İİN) məşğul olduğunu vurğulayırlar. İİN-də isə məsələnin onlara nə dəxli olduğunu anlaya bilmirlər.
Səhiyyə Nazirliyində hətta Azərbaycanda nə qədər aptekin olmasının statistikası belə aparılmır. Bu barədə müxtəlif mənbələr müxtəlif fikirlər səsləndirirlər. Bəziləri ölkədə 1500, bəziləri isə 2000 aptekin olduğunu bildirirlər, bəziləri hətta ölkədə aptekin həddindən çoxluğundan şikayət edirlər. Əslində, əhali aptekin yoxluğundan şikayət etməlidir. Məsələ bundadır ki, aptek sıxlığı yalnız Bakıda yaşanır və əyalət yerləri əslində aptek yoxluğundan əziyyət çəkir. Məsələ bundadır ki, sovet keçmişində əyalətlərdiki aptek sayı minlərlə ölçülürdü, ölkənin 4,5 mindən artıq kəndinin sovetlik mərkəzlərinin hamısında aptek vardı. Amma müstəqillik illərində həmin apteklərin əksəriyyəti özəlləşdirilsə də sonradan sahiblərinə lazımi şəraitləri olmaması adı altında aptek işlətmək üçün lisenziya verilmədi. Nəticədə, əyalət yerlərin əhalisi rayon mərkəzlərində yerləşən və şirkətlərlə işləməyi yaxşı bacaran apteklərin ümidinə qaldı. Təsadüfi deyil ki, hazırda rayon yerlərində adi halsızlıqdan şikayətlə həkimə müraciət edən ahıl adamlara elə reseptlər yazılır ki, onlar bəzən dərmanı kreditə götürməyə və iki-üç ay pensiyalarının xeyli hissəsini həmin krediti ödəməyə yönəldirlər. Yəni vəziyyət ciddi tədbirlərin görülməsini tələb edir və aptekçi iş adamının dediyi kimi, bu işin məsuliyyəti Səhiyyə Nazirliyinin boynuna düşür: "Ölkəyə gətirilən dərmanların qiyməti ilə İİN yox, Səhiyyə Nazirliyi məşğul olmalıdır. İqtisadi İnkişaf Nazirliyində haradan bilsinlər ki, hansı dərmanın ucuz analoqu hansıdır. Bunu bilən mütəxəssilər Səhiyyə Nazirliyindədir və bu bazarı onlar qaydaya salmalıdırlar".
Redaksiyadan: Ötəri araşdırmalardan sonra bəlli olur ki, ölkə vətəndaşları üçün nəzərdə tutulan, daha doğrusu, işbazların daha çox pul qazanmaq niyyətini reallaşdırmaq üçün planlaşdırılan dərmanlar əsasında qurulan biznes respublikada geniş kök salıb - özünün bütün təsisatları, şəbəkələri və "biznes ayinləri və üsulları" ilə...
Necə deyərlər, qazandıqları pullar halal (ya da haram) xoşları olsun...
Anladığımız budur ki, bu işbazlar biz sıravi vətəndaşlara sırıdıqları bu dərmanlardan heç zaman öz ailə üzvlərinin müalicəsi üçün istifadfə etməzlər və etməyəcəklər də. Amma bu yazını bitirərkən məşhur Amerika yazıçısı Ernest Heminqueyin yaddaşımdan heç zaman silinməyəcək məşhur bir kəlamını bir daha oxucunun yadına salmaq istərdim: "Kilsə zəngi səslənəndə soruşma ki, o kimin üçün səslənir. O zəng sənin üçün səslənir".
(Xristanlardan kimsə dünyasını dəyişəndə bir qayda olaraq kilsənin zəngi səslənir.)

Çingiz