Baş Prokurorluq dələduzlar barədə məlumat yaydı
Baş Prokurorluq dələduzlar barədə məlumat yaydı

Dələduzluq yolu ilə vətəndaşın pulunu ələ keçirmiş şəxslər barəsində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir. Baş Prokurorluğun yaydığı məlumata görə, Fərhadova və onun tanışı Oqtay Novruzov tərəfindən aldadılaraq 60 min 100 manat məbləğində pulunun ələ keçirilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Cinayət işinin başlanmasına səbəb N.Fərhadovanın tanışı O.Novruzovla qabaqcadan əlbir olub Ş.Baxşıyevdən oğlu Manaf Baxşıyev və digərlərinin barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq edilən cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzasının yüngülləşdiriləcəyi adı ilə külli miqdarda pulunu ələ keçirərək dələduzluq etməsi olub.
Qeyd edilən cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2012-ci il tarixli hökmü ilə Manaf Baxşıyev Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 il müddətə, Sübhan Həndəmov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il 6 ay müddətə, Arzuman Qənbərov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il 6 ay müddətə, Valeh Zülfüqarov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətə, Etibar Həziyev isə Cinayət Məcəlləsinin 234.1 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən Ş.Baxşıyev N.Fərhadovadan verdiyi pulun qaytarılmasını tələb edib. Lakin sonuncu həmin pulu qaytarmadığından Ş.Baxşıyev Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edib.
N.Fərhadovanın şəxsiyyəti araşdırılarkən müəyyən edilib ki, o, əvvəllər də törətdiyi dələduzluq əməllərinə görə cinayət məsuliyyətə cəlb olunub. Belə ki, N.Fərhadova keçmiş həyat yoldaşı Seyidnəsir Aslanovla birlikdə 1998-ci ildə Xaçmaz rayon sakininə məxsus 23.0 min ABŞ dolları məbləğində qızıl-zinət əşyalarının dələduzluq yolu ilə ələ keçirmələri faktı üzrə Ali Məhkəmənin Cinayət İşləri üzrə Kollegiyasının 12 iyun 2000-ci il tarixli hökmü ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bundan başqa N.Fərhadovanın 1998-ci ildə Xaçmaz rayon sakininin 7 min 800 ABŞ dolları dəyərində əmlakının dələduzluq yolu ilə ələ keçirməsi faktına görə 20 iyun 2006-cı il tarixdə Şabran rayon prokurorluğunda cinayət işi başlanmış, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cinayət təqibinə xitam verilib.
Bildirilib ki, ictimaiyyətə özünü Şuşa rayonundan məcburi köçkün kimi təqdim edən N.Fərhadova əslində 1962-ci ildə Xaçmaz rayonunun Ağyazı kəndində anadan olmaqla orada yaşamış və 2005-ci ildə Şuşa rayonunun Xəlifəli kəndində qeydiyyatda olan Novruz Fərhadovla nigaha girərək həmin kəndə qeydiyyata götürülüb.
N.Fərhadova araşdırmanın ilk günlərindən özünü qeyri-səmimi apararaq izahatında O.Novruzovun Ş.Baxşıyevdən yalnız 35.0 min manat pul almasını təsdiq edərək pulun guya borc alınması barədə qəbz yazılmasını və qəbzə özünün də imza etməsini, eyni zamanda Ş.Baxşıyevin ona qarşı böhtan atmasını bildirib. Bundan başqa N.Fərhadova Ş.Baxşıyevdən aldıqları 65.0 min manat puldan ona guya çox az bir hissəsinin verildiyini, pulun qalan hissəsinin isə hüquq mühafizə orqanlarının əməkdaşlarına çatması barədə şifahi məlumat verməklə qeyri-səmimilik göstərərək həmin xüsusatları izahatında yazıb təsdiq etməyəcəyini qəti şəkildə bildirmişdir.Məsuliyyətdən yayınmaq və özünü müdafiə etmək məqsədi ilə N.Fərhadova mətbuat konfransı keçirərək narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi, rüşvət müqabilində həmin cinayətin ört-basdır edilməsi və hüquq mühafizə orqanları əməkdaşlarının qanunazidd hərəkətləri barədə məlumatlar yayıb.
Keçirdiyi mətbuat konfransından sonra N.Fərhadova istintaqa cəlb edilərək iş üzrə ətraflı dindirlimiş, eyni zamanda mətbuat konfransında və ifadəsində qeyd etdiyi bütün xüsusatların tam, obyektiv və hərtərəfli araşdırılması barədə Baş prokuror tərəfindən xüsusi tapşırıq verilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.