Oqtay Şirəliyev pis vəziyyətdə qaldı
Oqtay Şirəliyev pis vəziyyətdə qaldı
Azərbaycan səhiyyəsinin acı durumu beynəlxalq reytinqlə təsdiqləndi

Dünyaca məşhur “Bloomberg” agentliyi sakinlərinin sağlamlıq səviyyəsinə görə ölkələrin reytinqini tərtib edib. Türkiyə mətbuatının məlumatına görə, reytinqin tərtib edilməsi üçün agentliyin jurnalistləri məcmu sağlamlıq indeksi düşünüblər.
Daha sonra isə ondan insan sağlamlığı üçün risklər indeksini çıxıblar. Sağlamlıq səviyyəsinin qiymətlənməsində həmin ölkədə orta həyat müddəti, uşaq ölümünün səviyyəsi, təbii artım, ölümün səbəbləri, üç yaş qrupu üzrə ölüm göstəriciləri, 65 yaşına çatmış qadın və kişilərdə ölüm göstəriciləri nəzərə alınıb. Reytinqi aşağı salan, risk faktorları sırasında yaşlılar arasında siqaret çəkənlərin, spirtli içki qəbulu, piylənmə, zəif fiziki aktivlik, xolesterol göstəriciləri, qan təzyiqi və qandakı qlükoza səviyyəsi, QİÇS-ə yoluxmuş insanların sayı, ekoloji situasiya, həmçinin uşaq xəstəliklərini qeyd etmək olar.
“Bloomberg”in qənaətinə görə, ən sağlam ölkə Sinqapurdur. İtaliya ondan azacıq geri qalır. Sonrakı yerləri isə Avstraliya, İsveçrə və Yaponiya tutur. 145 ölkədən ibarət siyahını Afrika qitəsinin ölkələri Mozambik, Çad, Konqo, Lesoto və Svazilend tamamlayır.
Bizi isə təbii ki, Azərbaycan səhiyyəsinin reytnq cədvəlindəki yeri maraqlandırır. Əlbəttə, bu beynəlxalq reytinq olmadan da biz Azərbaycanda səhiyyənin hansı durumda olduğunu çox yaxşı bilirik. Baxmayaraq ki, Səhiyyə Nazirliyinin rəhbərliyi bu sahədə hər şeyin çox yaxşı olduğunu, sadəcə, xırda problemlərə rastlandığını dəfələrlə öz çıxışlarında bəyan edirlər.
Di gəl ki, “Bloomberg” kimi dünyanın sayılan agentliyinin qənaəti nazirlik rəsmilərinin yox, məhz mətbuatın və ekspertlərin haqlılığını ortaya qoyur. Belə ki, Azərbaycan siyahıda 87-ci yerdə qərarlaşıb. Bu, Qafqaz ölkələri arasında ən pis göstəricidir.
Məsələ burasındadır ki, qonşu Gürcüstan siyahıda bizdən daha irəlidə 71-ci pillədə qərarlaşıb. Daha dəhşətlisi isə bizim rəsmilərin “aclıq, səfalət və işsizliyin tüğyan etdiyi” barədə hər gün ağızdolusu danışdıqları Ermənistan da siyahıda bizi 79-cu yerlə qabaqlayır. İndi hörmətli səhiyyə naziri Oqtay Şirəliyev və onun ətrafı aydınlıq gətirməlidir görək, büdcədən az qala Ermənistanın bütün büdcəsinin yarısı qədər pul ayrılan Azərbaycan səhiyyəsinin belə bir vəziyyətə düşməsinin səbəbi nədir, səbəbkarı kim və ya kimlərdir? Mötəbərliliyinə heç bir şübhə olmayan bir agentliyin tərtib etdiyi siyahıda Azərbaycandan maddi cəhətdən xeyli zəif olan digər Qafqaz ölkələrinin bizi xeyli arxada qoymasının məsuliyyətini kim daşıyır?
Təsəvvür edin ki, biz məlum siyahıda hətta digər postsovet ölkələrindən də betər vəziyyətdəyik. Özbəkistan (85) və Tacikistan (84) sağlam ölkələr sıralamasında bizi necə arxada qoya biliblər? Livyanın, Əlcəzairin, Hondurasın, Nikaraquanın, Ekvadorun, Panamanın belə, bizdən daha sağlam ölkələri hesab edilmələrini Səhiyyə Nazirliyi rəhbərliyi nəylə əsaslandıra bilər? Ümumiyyətlə, əsaslandıra bilərmi?
İllərdir Azərbaycanda uşaq ölümlərinin gizlədilməsindən danışılır. QİÇS-lə mübarizə üçün ayrılan pulların hara xərclənməsi ilə bağlı suallar səslənir. Üç yaş qrupu üzrə ölüm göstəricilərinin yüksəlməsi, infarktın kəskin cavanlaşması, digər xəstəliklərin (şəkər, vərəm və s.) arealının genişlənməsi barədə həyəcan təbili çalınır, insanların normal müayinə və müalicə imkanlarından məhrum qaldığı, çarəni İran, Rusiya, Türkiyə, son vaxtlar hətta Gürcüstan imkanlıların isə Avropa və Amerika səhiyyə müəssisələrində axtardığı söylənilir və yazılır, səhiyyə sisteminin həm kadr, həm struktur baxımından müasirləşməsi, modernləşdirilməsi istənilir, əks halda Azərbaycanda tibbi sağlamlıq göstəricilərinin get-gedə pisləşəcəyinə dair SOS verilir, amma Oqtay Şirəliyev və işçiləri inkar edirlər, bütün bunları iftira, yalan adlandırırlar.
Buyurun Azərbaycanın sağlam ölkələr arasındakı yeri hər şeyi açıq şəkildə ortaya qoyur. Vəziyyətin biz düşündüyümüzdən də pis olduğunu gözlər önünə sərir.
Hesab etmək olar ki, bu siyahıdan sonra səhiyyə nazirinin də durumu pis olacaq. Ondan əlbəttə, bu nüfuzlu bir sıralamadakı yerimizlə, səhiyyə sisteminin bərbadlığını ortaya qoyan mövqemizlə bağlı hesabat istəniləcək.
Bax onda bizim bu yazıda ünvanladığımız suallar cavabsız qalsa belə, hörmətli Şirəliyev yüksək hakimiyyət dairələrinin bənzəri suallarını məcburən cavablandıracaq. Necə cavablar verəcəyini bilmək isə doğrudan da, maraqlı olardı.
Ülviyyə Qasımlı