Fevralın 22-də Ankarada "Regional Əməkdaşlığın Müvəffəqiyyət Örnəyi: Bakı-Tbilisi-Qars dəmir yolu ''adlı Beynəlxalq Ankara forumu keçirilib. 

Forum Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya) və Azərbaycan Respublikasının  Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Unikal.org xəbər verir ki, beynəlxalq forumda Türkiyə Nəqliyyat, Dənizçilik və Rabitə nazirinin köməkçisi Yüksel Coşkun Yürek, nazirliyin səlahiyyətli nümayəndələri, Azərbaycan, Gürcüstan və Çin Xalq Respublikasının Türkiyədəki səfirləri, eyni zamanda, millət vəkilləri və alimlər iştirak ediblər.

Öncə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. EkoAvrasya İdarə Heyətinin sədri Hikmet çıxış edərək əhəmiyyətinə görə qlobal səciyyə daşıyan, iki qitəni polad relslərlə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük sosial-iqtisadi səmərəyə zəmin yaratdığının əhəmiyyətini qeyd edib.

Türkiyə Nəqliyyat, Dənizçilik və Rabitə naziri köməkçisi Yüksel Coşkun Yürek isə bu layihənin həyata keçirilməsinin iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsinin Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsinin hər iki istiqamətdə intermodal və konteyner daşımalarında böyük rol oynadığını, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsinə, habelə xarici iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Bundan başqa, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Nəcdət Ünüvar, Çin Xalq Respublikasının Türkiyədəki səfiri Yu Honqyanq və Gürcüstan səfiri İrakli Koplatadze çıxış edərək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfə verdiyini, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına səbəb olduğunu, regionda turizmin inkişafına güclü təsir göstərdiyini, Çin sərmayələrinin bölgəyə yatırılmasında vacib rol oynadığını nəzərə çatdırıblar.

Forumun birinci hissəsi "Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığının konkret nümunəsi: Bakı-Tbilisi-Qars dəmir yolu" adlı başlığı altında davam edib.

Bununla əlaqədar Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov Ankara Forumunun Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə həsr olunduğunu qeyd edərək forumda Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivlərinin çox elmi şəkildə təhlil olunduğunu , eyni zamanda bu layihənin Avropaya inteqrasiya proseslərini sürətləndirdiyini bildirib.

Habelə, Qarsdan seçilmiş millət vəkili Səlahaddin Beyribey, Kapadokya Universitetinin rektoru Hasan Ali Karasar, Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi İnfrastruktur İnvestisiyalarının ümumi sədr köməkçisi Şamil Kayalak, Beynəlxalq Nəqliyyat Assosiasiyasının baş icraçı direktoru Fatih Şener çıxış edərək enerji sahəsində ''Bakı-Tbilisi-Ceyhan" və ''Bakı-Tiflis-Ərzurum'' layihələrindən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında reallaşdırılmış üçüncü böyük layihə, XXI əsrin əsas layihələrindən olan ''Bakı-Tbilisi-Qars'' dəmir yolu layihəsinin təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolu oynadığını, hazırda regional əməkdaşlığın ən əhəmiyyətli göstəricilərindən biri olduğunu vurğulayıblar.

Forumun ikinci hissəsi "Bakı-Tiflis-Qars dəmir yolu xəttinin regional iqtisadiyyata töhfəsi" adlı mövzuyla davam edib.

Bununla bağlı "EkoAvrasya-nın fəxri sədri Feramüz Üstün, Gürcüstan Parlamentinin üzvü Mahir Dərziyəv, Ərzurumdan seçilmiş millət vəkili İbrahim Aydəmir, Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi Tənzimləmə şöbəsinin baş direktoru Cəm Murad Yıldırım, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin müəllimi Toğrul İsmayıl, Giresun Universitetinin müəllimi Yalçın Sarıkaya çıxış edərək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ümumilikdə, region ölkələrinin tranzit potensialının artırdığını və bunun vacib faktor olduğun diqqətə çatdırıblar.

Qeyd edək ki, bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.

Ülkər Piriyeva 

Ankara