Elektron quldurluq, Amerikadan Azərbaycana zəng və 1 milyon manatlıq miras
Elektron quldurluq, Amerikadan Azərbaycana zəng və 1 milyon manatlıq miras

Texnologiyanın inkişafı, özü ilə müsbət keyfiyyətlərlə bərabər, lüzumsuz, bəzən də fırıldaq əməllər gətirdi

İnternetin inkişafının xeyirli cəhətləri ilə paralel gələn problemlər barədə az-çox bilgimiz var. Kibercinayətkarlıq və elektron dələduzluq hər gün daha da artır. Xüsusilə, son illər virtual aləmdə qanunsuz əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunur.

Dələduzluğun yeni növü

Əslində, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi daşıyan belə əməllər qanunvericiliyə görə dələduzluq sayılır. Elektron lotereya oyunları, mükafat fondu olan elektron müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması barədə, yəqin hamınız spam-mesajlar alırsınız. Bu məktubların arasında müvafiq mükafatın rəsmiləşdirilməsi üçün sizdən "kiçik" bir xahiş də edilir. "Qazandığınız pulun sizə çatdırılması" üçün "əməkhaqqı" istəyən fırıldaqçılar sadəlövh insanları aldatmağa da nail olurlar. Elektron fırıldaqçılığın müxtəlif formaları var və biz bunları az sonra ayrı-ayrı bölmələrdə geniş halda izah edəcəyik.

9 ildə inanılmaz artım

Fırıldaqçılığın qarşısının alınacağını düşünməyə ehtiyac belə yoxdur, çünki artıq bu, bizdən asılı deyil. Amerikanın Federal Təhqiqat Bürosu (FTB) tərəfindən hər il internet fırıldaqçılığı barədə araşdırma aparılır. Nəticələr internet fırıldaqçılığının nə qədər ciddi və geniş ölçülərə malik olduğunu göstərir.
Amerikada, FTB tərəfindən aparılan araşdırma internet fırıldaqçılığı ilə məşğul olan insanların böyük əksəriyyətinin şəxsiyyətinin məlum olmadığı ortaya çıxdı.
Adı, soyadı, yaşadığı yer naməlum olan fırıldaqçıların öz əməllərini hər gün bir az da inkişaf etdirməsi, belə şeylərdən şübhələnməyən insanların, onların tələsinə düşməsinə səbəb olur.
Qeyd edək ki, bu cür internet dələduzluğu, kiber cinayətlər 5 il əvvəl çox az rast gəlinən idi. "İnternet Crime Complaint Center"in məlumatlarına görə 2001-ci ildən 2009-cu ilə qədər internet cinayətlərində 67,8 faiz artım müşahidə olunub.

"Tanımadığın qohumun sənə 1 milyon miras qoyub"

Araşdırmalar göstərir ki, dələduzların tələsinə düşən yüzlərlə vətəndaş bu və buna bənzər üsullarla törədilən analoji dələduzluğun qurbanı olub. Araşdırma yazımızı bir neçə ölkənin mediasında bu barədə yayımlanmış araşdırma yazılara və məsuliyyətə cəlb olunanlar haqqında xəbərlərə əsaslanaraq hazırladıq.
Ailə dostumuz olan bir ailənin də başına oxşar əhvalat gəldi. Bir neçə il öncə, internet fırıldaqçılığı hələ o qədər də yayılmamışdı, onda bir azərbaycanlı ailənin başçısının e-mail ünvanına Amerikada yaşayan uzaq bir qohumunun ona 1 milyon dollar miras qoyması ilə bağlı məktub gəlmişdi. Məktubu yazan, özünü ölən milyonçunun vəkili kimi qələmə verirdi. Ailə başçısı kifayət qədər savadlı, dünyagörmüş adamdır, təbii ki məktuba inanmadı.
Amma dünyanın dörd tərəfinə yayılmış qohumlarının bir çoxundan uzun müddətdir ki xəbərsiz olduğu üçün bir qədər tərəddüd də etdi. Onun həyat yoldaşı ingilis dilini yaxşı bilirdi, məktubu hərtərəfli analiz etdi. Bir neçə dəfə təkrar məktub da gəldi. Ona cavab yazdılar. Məktubu göndərən "vəkil", pulun onlara göndərilməsi müqabilində çatdırılma haqqı istədi. Uzun müddət araşdırdıqdan sonra məlum oldu ki, nöqtəsinə qədər eyni formada yazılmış məktub bir neçə yaxın tanışa da gəlib.

"AntiVirus" adı ilə
göndərilən "casus"

Antivirus yenilənməsi haqqında pəncərələr, yeni antivirusların reklamı, kompyuterinizin risk altında olduğunu göstərən saxta pəncərələr internet istifadəçilərinin ən çox qarşılaşdığı fırıldaqçılıq növüdür. Bir çoxumuz bunun internetdən avtomatik yüklənən pulsuz antivirus olduğunu düşünürük, bəzilərimiz bunun bilmədən toxunduğumuz təsadüfi pəncərə olduğunu düşünürük. Saxta pəncərəyə tıklayaraq lazımi kodun kompyuterə yüklənməsi, istifadəçilərin fırıldaqçılıq qurbanı olması üçün yetərlidir.
Mütəxəssislər internet istifadəçilərinə bu cür pəncərələrdə təqdim edilən linkləri tıklamadan bağlamaları barədə xəbərdarlıq etsələr də, çox vaxt internetin yeni istifadəçiləri, eyni zamanda azyaşlılar və nisbətən yaşlı nəslin nümayəndələri bu cür hücumlardan xilas ola bilmirlər. Amerika FTB-sinin araşdırmasına görə, fırıldaqçılar saxta pəncərələr sayəsində ötən il ərzində bu ölkə ərazisində 150 milyon dollar qazanc əldə ediblər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, ölkədə bu sahədə mübarizə üsullarında konkretlik olmadığından kibercinayətkarlıq üçün münbit şərait var və bu sahədə artım müşahidə edilir: "Həm kadr çatışmazlığı, həm müvafiq qanunvericiliyin yoxluğu, eyni zamanda lazımi təcrübənin azlığı və çevik və effektiv infrastrukturun olmaması buna təsirini göstərir. Kibercinayətkarlıqla mübarizə üçün xarici təcrübəni mənimsəmiş böyük kadr potensialı formalaşdırılmalıdır. Amma bu, heç də problemin tam həlli deyil".

Bizi necə aldadırlar?

Böhranın hökm sürdüyü bir ölkə fırıldaqçılıq üçün ən uyğun mühitdir, çünki insanlar maddi ehtiyacı çox hiss etdikləri zaman aldanma ehtimalları da bir o qədər çox olur. Amma artıq kibercinayətkarlara böhran, əmin-amanlıq fərq etmir, indi bütün ölkələrdə fırıldaqçılığın inkişafı getdikcə artıq.
Bir çoxunuzun e-mail ünvanına hər gün uduşlu lotereya barədə məktub-spamlar gəlir. İnanmaq istəmirsiniz, amma e-maili göndərən bunu yenə təkrarlayır. Pulun sizə necə qazandırılması ilə maraqlananda isə cavabı müxtəlif olur:
1. Sizin e-mail ünvanınız virtual müsabiqədə qalib oldu;
2. E-mail ünvanınızı bilmədən lotereya oyununa əlavə etmisiniz və s.
Bəzən də heç gözləmədiyiniz bir anda hansısa bir telefon zəngi gəlir və sizə böyük məbləğdə pul göndəriləcəyini deyirlər. Siz isə xaricdən gəlmiş bu zəngi istər-istəməz ciddi qəbul edirsiniz və beləcə, fırıldaqçının ilkin planı baş tutur.
Sizin beynəlxalq lotereya uduşlarında qalib olduğunuzu, yüksək məbləğdə pula sahib olduğunudu israrla deyirlər. Amma o pulun sizə göndərilməsi üçün poçt və ya bank xidmətinə ehtiyac duyulur və fırıldaqçı da bundan istifadə edir. Sizdən bu xidmət üçün 50-100 dollar ödəməyinizi xahiş edir. Biz bu pulu ödədikdən bir az sonra sonra aldadıldığımızı anlayırıq.

Amerikadan zəng və 100 min manatlıq "müsabiqə"

Bu mövzuda yazmışkən, öz başıma gəlmiş bir əhvalatı da sizə danışmaq istərdim. 3 il öncə "gmail" poçt xidmətindənki e-poçtuma təkrar-təkrar mesajlar gəldi. Bu barədə bilgim olduğu üçün mesajları tıklamadan zibil qutusuna göndərirdim. Amma göndərən daha çox israr edirdi. Nəhayət, 3 gün e-mesajları silsəm də, 4-cü gün maraq güc gəldi, məktubu açdım. "Aleks Adam" adı ilə məktub göndərən adam ingilis dilində yazdığı e-mailində mənim e-poçt ünvanımın e-poçtlar arasında keçirilən müsabiqədə qalib olduğunu və mənə 100 min dollar pul qazandırdığını yazırdı. Etinasız yanaşdım və məktubu yenə sildim, amma artıq onlar istədiyinə nail olmuşdular.
Məktubu tıkladığım üçün professional hakerlər mənim internetə girmək üçün istifadə etdiyim telefon xətti ilə əlaqə yaradıb və ev telefonumun nömrəsini öyrəniblər. Gecəyarı, saat 1-2 arası ev telefonunun zəngi eşidildi və cavab verdim. Zəng edən ingilis dilində Amerikadan zəng etdiyini, adının Aleks Adam olduğunu və mənimlə danışmaq istədiyini dedi. Şübhələrim hələ vardı, amma onun Azərbaycana zəng etməsi bir qədər inandırıcı gəldi. "Bəlkə tanışlardan kimsə mənimlə zarafat etmək fikrinə düşüb" deyə fikirləşdim. Amma danışıq tərzindən hiss olunurdu ki, o, həqiqətən də əcnəbidir.
İsrarla məndən 100 dollar istəyirdi ki, mənə "qazandırdıqları" pulu bank vasitəsi ilə göndərsin. Onu sınamaq üçün ağlıma ilk gələn variantı söylədim, 100 min dolları göndərmək üçün istədiyi 100 dolların əvəzində, ona 1000 dollar təklif etdim, amma mənə "qazandırdığı" puldan götürməsini söylədim. Bir az duruxdu, bundan istifadə edib dedim ki, mən ona etibar edirəm və mənim "qazandığım" puldan 1000 dollar götürə bilər. Son sözlərimdən sonra bir az etiraz etdi, bunun mümkün olmadığını dedi. Amma "çətin adam"a rast gəldiyini anladı və dəstəyi asdı. Bir daha nə mesaj yazdı, nə də zəng etdi.

Şantaj da internet
fırıldaqçılığın yeni növüdür

Bəzən təhdidedici mesajlar da alırıq. İnternetdəki fırıldaqçılar minlərlə dollar istəyən e-poçtlar göndərərək istifadəçiləri şantaj edir. Çox vaxt bu əmələ professional montaj işləri ilə dəstək verirlər, sizə bu günədək görmədiyiniz bir rəsminizi göndərirlər. Bu, evli qadına göndərilmiş xəyanət fotosu ola bilər. Qadının başqa bir kişi ilə yaxın münasibətini əks etdirən foto olduqca inandırıcıdır və peşəkarcasına hazırlanıb. Eyni qayda ilə, kişiyə də bu şantajı edə bilirlər.
Bəzən də həssas valideynləri uşaqlarının başına bir iş gələcəyi ilə qorxudurlar, onların əlində gənc oğlanın narkotikdən istifadə etdiyini əks etdirən foto var və siz heç vaxt sübut edə bilməzsiniz ki, bu foto yalandır. Kibercinayətkarlar şəkli polisə verəcəkləri ilə bağlı hədələr yağdırırlar. Bu variant daha çox, narkotiklə sərt mübarizə aparılan ölkələrdə baş verir.
Maraqlıdır ki, Amerika FTB-sinin yayımladığı bir bəyanatda yazılır ki, 2008-ci ildən bu yana 2 fərqli üsul istifadə edilir. Bunlardan birincisi odur ki, e-poçt ünvanınızdakı şəxsi məlumatlarınız vasitəsi ilə telefon nömrələrini tapıb zəng edərək 48 saat ərzində istənilən məbləği ödəməyiniz üçün qorxudulursunuz.
Seçilən insanlar cəmiyyətin üzdə olan tanınmış simaları olur ki, onların da müəyyən gizlinləri olur. Hər hansı yolla bu gizlindən xəbərdar olan fırıldaqçılar bunu deyərək həmin şəxsi şantaj edirlər.
İkincisi, zəng etdikləri adama ən yaxın bir insanının qaçırılacağı barədə məlumat verirlər və pul tələb edilər. Daha maraqlısı isə odur ki, gələn məktublar ciddi, hansısa quruma aid olur. Diqqət çəkən məqamlardan biri də odur ki, pul transferi "Western Union" və ya "Money Gram" vasitəsilə tələb edilir.

"Facebook"dan
özünüzü qoruyun

Hələ ötən il Qərb mediası məhşur sosial şəbəkə "Facebook" barədə maraqlı və iddialı bir fakt yayımladı. O zaman "Facebook" sosial şəbəkəsində yeni fırıldaq növü peyda olmuşdu. Belə ki, şəbəkə üzvü olan istifadəçiyə belə bir ismarış göndərilir:
"Google"-nin loqosunda inanılmaz gizli məlumat gizlədilib, sən də bax".
İsmarışı alan istifadəçi maraqlanır və təqdim edilən linki açır. Link açılan kimi istifadəçi ödənişli oyun saytına yönəldilir və səhifə bir müddət qapanmır. Ekspertlər mediada fırıldaq qurbanı olmamaq üçün istifadəçilərə ayıq olmağı və təxribatçı mesajları açmamağı tövsiyə edirdi.
İnformasiya texnologiyaları mütəxəssisi Ayaz Sultanov bildirir ki, Facebook-da təklif edilən tətbiqetmələrdən istifadə etməyin: "Ən çox da, anket tipli tətbiqetmələr təhlükəlidir. Sizdən bir qədər şou tiplu bir sorğu istəyən bu tətbiqetmələr, əslində internet casususur. Belə ki, sizə təkil edilən sorğuda bu cür suallar var: "mənim ikinci adım (ləqəbim)", "yaşım", "xoşladığım yemək", "doğum günüm", "sevimli məşğuliyyətim", "ən yaxşı dostum", "xoşladığım rəng", "gözlərimin rəngi", "anamın qızlıq soyadı" və s. Bu suallara cavab verməklə siz hesablarınızı - şəbəkə və bank hesablarınızı təhlükə altında qoyursunuz. Firıldaqçılar sizin haqqınızda hər bilgiyə sahib olandan sonra şifrənizi qırmaq çətin olmur".
Araşdırmamıza görə, indi sosial şəbəkələr normal qorunur və ən birinci öz reytinqi üçün istifadəçilərin aldadılmasına yol vermir. Amma haker-fırıldaqçılar üçün sərhəd olmadığından bir qədər ehtiyatlı davranmanız məsləhətdir.
Facebook-da keçirdiyimiz bir sorğu isə Azərbaycanda internet istifadəçilərinin demək olar ki, əksəriyyətinin bu barədə bilgisinin olmasını ortaya qoydu. Belə ki, "İnternet fırıldaqçılığı barədə bilginiz varmı və onların tələsinə düşmüsünüzmü?" sualımıza respondentlərin hamısı "bilgim var, amma tələlərinə düşməmişəm" cavabını verdi.

Kitab internet
fırıldaqçılarının ən sevimli oyuncağıdır

Ekspertlər xəbərdarlıq edir ki, e-mail ünvanınıza gələn spamları heç bir halda tıklamayın. Çox vaxt bu spamlarda pulsuz kitab kampaniyası barədə yazılır. İnternet istifadəçisi də bu kampaniyaya aldanaraq tələb edilən ünvanı və doğum tarixini yazıb göndərir. Əsl məsələ də bundan sonra başlayır.
Bir neçə gündən sonra qapınızın zəngi çalınır və sizin adınıza sifariş edilmiş kitabların sifarişi ilə bağlı təsdiq kağızı gətirilir. Siz kağıza imza atırsınız və məlum olur ki, müəyyən bir ödəmə də etməlisiniz. Maraq dairənizdə olan kitab olduğuna görə, bu ödəməni edirsiniz və sizə bir neçə günə kitabları çatdıracaqları barədə məlumat verirlər. 3 gün keçir, kitablar gəlmir və siz başa düşürsünüz ki, aldadılmısınız. Necə deyərlər, "it də getdi, ip də".
İnternet istifadəçiləri ən çox bundan şikayət edirlər. Fırıldaqçılar öz qurbanlarına müəyyən kitab uduşları olan saytdan bəhs edirlər, sayta daxil olanlar, təxminən, 20-100 dollar civarında pul ödəməli olduqları barədə mesaj alırlar. Əvəzində, uduşlu kompaniyadan yararlanacağını və külli miqdarda pul qazanacağını düşünən sadəlövh insanlar bu pulu verirlər. Beləcə, fırıldaqçıların toruna düşürlər.
Çox maraqlıdır ki, bu kimi hadisələr kifayət qədər çox olur, amma əksəriyyəti gizlində qalır. ABŞ-da ötən il ərzində bu barədə 50-yə yaxın şikayət olduğu bildirilir, amma reallıqda bu rəqəmin dəfələrlə artıq olduğu da istitsna edilmir.
Texnologiya inkişaf etdikcə, fırıldaqçılıq da inkişaf edir. Ona görə də ən yaxşısı odur ki, şübhə doğuran, dəqiq yoxlamadığımız təkliflərə aldanmayaq. Yoxsa sonda "əlimiz heç yerə çatmaz"...
Lalə Mehralı