Ukraynanın Ermənistana silah satması şok yaradıb
Ukraynanın Ermənistana silah satması şok yaradıb

Fakt təsdiqlənərsə Azərbaycan-Ukrayna münasibətləri gərginləşəcək

Son zamanlar Ermənistan hərbi gücünü artırmaq üçün müxtəlif yollar aramaqdadır. Hələlik real olan iki ciddi məsələ var. Bunlardan biri odur ki, Ermənistanında istəyi ilə Rusiya bu ölkədə ki, bazasını bir neçə dəfə böyüdəcək. Bununla yanaşı Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaxın vaxtlarda Ermənistanda hərbi təlimləri olacaq və indidən iddia olunur ki, Ermənistana gətirilən hərbi texnika bu ölkədə qalacaq.

Amma deyəsən məsələ bununla tamamlanmır. Ermənistan Rusiya ilə yanaşı başqa ölkələrlə də hərbi əməkdaşlığa üstünlük verir və nədənsə bu qapalı şəkildə həyata keçirilir. Amma bir müddət öncə ABŞ Dövlət Departamentinin yaydığı hesabatda aydın oldu ki, əslində Ermənistan həm də silah satışı ilə məşğul olur. ABŞ hərbi ekspertləri hesab edir ki, Ermənistan qeyri-rəsmi yolla əldə etdiyi silahları əsasən İrana satır. Bu günlərdə isə aydın oldu ki, Ermənistan daha ciddi hərbi saziş imzalamağa müvəffəq olub. Amma bu yenə də qapalı və qeyri-rəsmi şəkildə həyata keçirilirmiş. Belə ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Sergey Qımızın prezident Viktor Yanukoviçə ünvanladığı məxfi məktubda bu ölkənin əsas silah ixracatçısı olan "Ukrspesexport" Dövlət Müəssisəsi ilə Ermənistanın "DG Arms Corporation" şirkəti arasında "Smerç" reaktiv yaylım atəş sistemi, onun raketləri (12 ədəd) və "İqla" tipli 50 ədəd portativ zenit-raket kompleksinin çatdırılması yolları göstərilib.
Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan istifadə olunmasını təklif edib.
Məktubda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödədiyi, eləcə də Azərbaycanın bundan xəbərdar ola biləcəyi qeyd olunub. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerji əməkdaşlığını zərbə altında qoymamaq üçün "Ukrspesexport"a "Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək, Ermənistan şirkətinə isə "öz ətrafında etibarsız təchizatçı" kimi "Ukrspesexport"un rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif olunub.
Məlumatda həmçinin "Smerç"lərin saxta firmaların vasitəsi ilə Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsinə dair təklif yer alıb. Bu zaman məmulatlar üzərində nişanlar dəyişdirilməli, faktın üstü açılacağı halda "İqla" zenit komplekslərinin Liviyadakı üsyançıların öz ölkələrindəki anbarlardan ələ keçirdikləri rəyi formalaşdırılmalı idi.
Ukrayna Müdafiə Nazirliyinin Mətbuat və KİV-lə əlaqələr Departamentinin direktor müavini Valeri Korol məsələni şərh etmək istəməyib.
Azərbaycan tərəfinə gəldikdə isə, Azərbaycan Müdafiə Nazirliyi Ukraynanın Ermənistana gizli olaraq silah satışı barədə məlumatları araşdırır.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib. Eldar Sabiroğlu deyib ki, belə bir məlumat Müdafiə Nazirliyinə daxil olub: "Bu istiqamətdə müvafiq araşdırmalar aparılır".Bunu da qeyd edək ki, Ermənistan ilk dəfə deyil ki, bu yolla silah əldə etməyə çalışır. Bundan öncə isə Moldovanın Ermənistana silah satması ilə bağlı qalmaqal yaranmışdı.Həmin vaxt bu ölkənin parlamentinə Ali Təhlükəsizlik Şurasının katibi Yuri Rikiçinski prezident səlahiyyətlərini icra edən Marian Lupuya ünvanlanmış məktub daxil olmuşdu və parlament bunun araşdırılmasına başlamışdı. Söhbət Moldovanın Ermənistana satmaq istədiyi 20 ton raket qurğusu və bu qurğular üçün sursatdan gedir.
Həmin vaxt mətbuat qeyd etmişdi ki, 40 ton silah-sursatın alıcıya çatdırıldığı, bu hadisənin təkcə Kişinyovda deyil, Latviya və Azərbaycanda qalmaqala səbəb olub. Kişinyovda bu satışın yuxarıların göstərişi ilə həyata keçirildiyini açıq şəkildə etiraf etdiyinə görə Milli Ordunun komandanı, Baş Qərargah rəisi, briqada generalı Yuri Dominik vəzifəsindən azad edilib. Ölkə rəhbərliyi isə bu alqı-satqıdan xəbərsiz olduğunu bildirib.
Müdafiə Nazirliyi əvvəlcə Ermənistana köhnəlmiş, istifadəyə yararsız silah növləri satıldığını bəyan edib. Lakin sonradan məlum olub ki, Merkuleştı hərbi aerodromundan nəqliyyat təyyarələrinə döyüşə yararlı silah-sursat yüklənir. Ermənistana satılan silahlar sırasında "Kobra" 9V862, 9V863 nəzarət-yoxlama raket kompleksləri, "Konkurs-M" tank əleyhinə raket kompleksləri, "Faqot", "Konkurs", "Şturm-S", "Metis" raketləri var. Satılan silahların bazar qiyməti 5 milyon dollardan çoxdur. Müdafiə naziri Vitali Marinutsa parlamentdə çıxışı zamanı bu silahların 3,3 milyon dollara satıldığını deyib.
Müqavilənin icrası dayandırılıb, kommunist fraksiyasından deputat Aleksandr Petkov Ali Təhlükəsizlik Şurasının katibindən izahat tələb edib. Yuri Rikiçinski izahat verməkdən imtina edib, buna cavab olaraq deputatlar Rikiçinskini bu vəzifəyə təyin olunmazdan əvvəl prezidentin şəxsi mühafizəsinin rəisi olduğunu xatırladaraq onu dövlət başçısının göstərişi ilə hərəkət etməkdə ittiham ediblər.
Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin eksperti Viorel Çibotaru bildirib ki, qalmaqalın yaranmasına səbəb Ermənistana silah satışının parlamentdən gizli keçirilməsi və Kişinyovun bununla bağlı Bakı ilə ilkin danışıqlar aparmamasıdır: "Bundan başqa silahın hansı marşrutla çatdırılacağı barədə əfsanə uydurulmayıb və nəticədə Latviya ilə anlaşılmazlıq yaranıb. Qalan məsələlər isə beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib. Moldova silah satmaq, o cümlədən siyahıda qeyd olunan silahları satmaq hüququna malikdir".
Beləliklə də bütün kartlar açıqlandı və bu ölkə Azərbaycandan üzr istəməli oldu. İndi də eyni vəziyyət yaranıb. Düzdür rəsmi Kiyevdə bu xəbəri təkzib edənlərdə var. Amma hələ ki, araşdırmalar sona çatmayıb. Ekspertlər isə bildirir ki, Ukrayna və Azərbaycan strateji müttəfiq ölkələrdir və bu fakt təsdiqlənərsə ciddi çatlar əmələ gələcək. Ən əsası isə qeyd olunur ki, bu faktlar aşkarlanarsa GUAM təşkilatı dağılacaq. Qeyd edək ki, İkrayna və Azərbaycan bu təşkilat daxilində bir sıra öhdəliklər götürüblər.
Mehdi Əli