Misir Mərdanovdan görünməmiş avqust həmləsi
Misir Mərdanovdan görünməmiş avqust həmləsi

Təhsil naziri vəziyyətdən necə çıxmağa hazırlaşır?

Təhsil naziri Misir Mərdanov avqustun üçüncü ongünlüyündə keçirilməsi gözlənilən müəllimlərin ümumrespublika müşavirəsində görünməmiş həmləyə hazırlaşır. Belə ki, müşavirədə təxminən 20-25 rayon təhsil şöbəsi müdirinin qovulması reallaşa bilər. Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən mənbə bildirib.

Mənbənin sözlərinə görə, rayon təhsil şöbələrinin rəhbərləri arasında hazırda ciddi əndişə yaşanır: "Təhsil nazirinin müəllimlərin ənənəvi avqust müşavirəsində ölkə təhsilinin durumu ilə bağlı ilginc mesajlar verməsi və ortadakı problemləri yerli təhsil "şef"lərinin üzərinə qoyması gözlənilir. Artıq bu barədə siqnallar rayon təhsil şöbəsi müdirlərinə də çatıb və onlar narahatlıq içərisindədirlər. 20-25 rayon təhsil şöbəsi müdirinin müşavirənin gedişində ən sərt formada qınanıldıqdan sonra elə oradaca işdən qovulmasının gerçəkləşəcəyinə dair söz-söhbətlərdə həmçinin maraqlı bir detal da var. Bu, xeyli məktəb direktorunun da töhmət ala biləcəyi, sonuncu xəbərdarlıqla cəzalandırılacağı barədədir".
Bəs təhsil nazirinin belə bir həmləsinə səbəb nədir? Qaynağımız deyir ki, ötən il yeni dərs ilinə az qalmış Misir Mərdanov görəvində qalmasını təminat altına almaq üçün özünün üç nazirini qurban vermişdi: "Xatırlayarsınız ki, ötən il yeni dərs ili başlayan ərəfədə təhsil naziri Misir Mərdanovun hər üç müavininin birdən işdən çıxarılması "təhsildə zəlzələ" kimi qiymətləndirildi. O vaxt hamı uzun illərdir nazirlə çiyin-çiyinə işləyən müavinlərin eyni vaxtda "vurulması"nın səbəblərini araşdırırdı. Sonradan ortaq mövqe bundan ibarət idi ki, təhsil nazirinin müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynovanın işdən çıxarılması əslində Mərdanovun özünüqoruma cəhdi olub. Yəni o, təhsildəki problemlərin məsuliyyətini müavinlərinin üzərinə yükləyib və komandasını dəyişməklə təhsil sistemindəki biabırçı situasiyanın dəyişəcəyinə dair yuxarı dairələri inandırıb. Builki qəbul imtahanlarının rüsvayçı sonucları, qəbul balının 150-yə endirilməsi ilə ölkədə savadsızlığın nə qədər geniş yayıldığının ortaya çıxması isə təhsil nazirinə qarşı etimadsızlıq mühiti daha da dərinləşdirilib. Artıq hamı onun görəvdən alınmasında ortaq rəyə hakimdir. Belə bir vaxtda Mərdanov bu dəfə də xeyli sayda rayon təhsil şöbəsi müdirlərini, məktəb direktorlarını cəzalandırmaqla, necə deyərlər, "qurban" verməklə özünün xilasına çalışacaqdır".
Bir sözlə, görünən odur ki, ötən il müavinlərini "qurban" verməklə postunu möhkəmlətməyə çalışan təhsil naziri bu dəfə də vəzifəcə onlardan aşağıda dayanan, amma say etibarilə daha çox təhsil məmurunu görəvdən almaqla eyni niyyət güdür: daha bir müddət nazir kürsüsündə qalmasını təminat altına almaq! Bu yazıda özünə yer alan məlumatlar reallaşarsa, o zaman daha aydın mülahizələr yürüdə biləcəyik, amma hər halda şübhə etmirik ki, Misir Mərdanovun özü də iqtidar içində özünə qarşı olan qüvvələrin yeni dərs ili ərəfəsində xüsusi fəallaşacağına və yeni dərs ilinin onsuz başlamasına çalışacağına əmindir. Elə bu əminliyi də onun müdafiə xarakterli addımlar atmasını şərtləndirəcəkdir.

Ülviyyə Qasımlı