Ekspertdən azərbaycanlı əmanətçilərə vacib tövsiyə
Ekspertdən azərbaycanlı əmanətçilərə vacib tövsiyə

Samir Əliyev: "Çalışın ki, bir bankda olan əmanətinizin faiz dərəcəsi 12%-dən, məbləği isə 30 min manatdan çox olmasın"

Mərkəzi Bankın Azərbaycan bankları ilə bağlı son addımları onsuz da istidən nəfəsi kəsilən əhali üçün sanki "günvurma" effekti yaratdı. Royalbankın bağlanması xəbərinin şokundan çıxmamış əmanətçiləri yeni xəbər haqladı. Belə ki, ölkənin baş bankı fəaliyyət göstərən bankların məcmu kapitalına dair tələbləri daha da sərtləşdirdi. Bu o deməkdir ki, banklar 2014-cü ilə kimi məcmu kapitalını 50 milyon manata çatdırmalıdır.

Ekspertlər 30 qədər bankın məcmu kapitalının 50 milyon manat həddindən aşağı olduğunu və verilmiş müddətin azlığını nəzərə alaraq bəzi bankların bank sektorunu tərk edəcəyini bildirirlər. Ekspertlər proqnoz olaraq 10-a qədər bankın "süzgəc"dən keçməyəcəyini bildirilər. Hətta bir qədər irəli gedərək bağlanacaq bankların sayının 20-yə çatacağını iddia edənlər də var. Sektoru tərk edəcək bankların sayı müzakirə mövzusu ola bilər. Ancaq hamı qəbul edir ki, bu addımın "qurbanları" mütləq olacaq.
Belə bir vəziyyətdə sadə insanları haqlı olaraq bir sual düşündürür: Əgər bank bağlansa, onda mənim əmanətimin taleyi necə olacaq?
Royalbank təcrübəsi göstərdi ki, heç də bütün əmanətçilər pulunu geri ala bilmədi. Rəsmi açıqlama göstərdi ki, bu banka yatırılan əmanətlərin cəmisi 29%-ı sığortalanıb. Yerdə qalan 71% əmanətin taleyi isə şübhə altındadır. Çünki həmin əmanətlər sığortalanmayıb. Oxşar vəziyyətin digər banklarda da olacağı şübhəsizdir. Əmanətçilər redaksiyamıza müraciət edərək yatırdıqları əmanətlərin gələcək taleyindən narahatçılıqlarını bildirirlər və pul qoyduqları bankların taleyi ilə maraqlandırlar.
Bütün bu müraciətləri nəzərə alaraq İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevə müraciət etdik. Ekspert bu narahatçılığın əsaslı olduğunu qeyd edib.
Onun sözlərinə görə, hazırda 1,6 milyard manatdan çox əmanət qorunmur və taleyin ümidinə qalıb. "Bu o deməkdir ki, həmin əmanətlərin müəyyən hissəsini təhlükə gözləyir. Ona görə də əhali diqqətlə olmalı və əmanətlərini diversifikasiya etməlidirlər", - deyə bildirib.
Ekspert yaranmış vəziyyəti əhalinin məlumatlılıq səviyyəsinin az olması və bəzi bankların resurs qıtlığı ilə əlaqələndirib: "Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlərin faiz dərəcəsini 12%-ə salmasına baxmayaraq bir sıra banklar böyük həvəslə yüksək faizlə əmanət cəlbinin davam etdirir. Bu banklar xaricdən ucuz resurs cəlb edə bilmədiklərindən kredit vermək üçün əhalinin əmanətinə ümid bəsləyirlər. Əmanət cəlb etmək üçünsə böyük banklarla rəqabətə ancaq yüksək faiz təklif etməklə davam gətirmək olar. Ona görə getdikcə bazarda əmanətlər üzrə faiz dərəcəsi hətta 15% həddini də ötür. Məlumatsız əhali isə yüksək faizə şirnikləşərək pullarının gələcək taleyini diqqətdən qaçırırlar. Çünki əmanətçilər hər hansı bankın Sığortalanma Fondunun üzvü olması ilə əmanətlərin sığortalanması məsələsini qarışdırır. Bir sıra hallarda əmanətçilər hesab edirlər ki, əgər bank Fondun üzvüdürsə, deməli, onun yatıracağı vəsait də sığortalanır. Təsadüfi deyil ki, sığortalanmayan əmanətlərin həcmi getdikcə artır. Hazırda belə əmanətlərin payı 40%-ə çatıb. Royalbank təcrübəsi göstərdi ki, bir sıra banklarda, xüsusilə kiçik banklarda bu göstərici daha çoxdur".
Ekspert hesab edir ki, bu işdə Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fondunun da məsuliyyəti var. "Xüsusilə də Əmanətlərin Sığortalanması Fondun geniş maarifləndirmə işləri aparmalıdır. Reklam rolikləri çəkilib TV-lərdə göstərilməlidir. Bu qurum üzvlük haqqı yığmaqdan başqa heç nə etmir. Royalbank bağlanmasaydı yəqin ki belə Fondun mövcudluğu da bilinməzdi. Halbuki sığortalanmayan əmanətlərin həcminin artması Fondun işinin qeyri-səmərəli qurmasının bir göstəricidir.", - deyə ekspert bildirib.
Sonda ekspert əmanətçilərə müraciət edərək əmanətlərini diversifikasiya etməyə çağırıb və onları ancaq qorunan əmanətlərə yatırmağı tövsiyə edib: "Əvvala, əmanətçilər depozit qoyacağı bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olmasına əmin olmalıdır. "Əmanətlərin sığortalanması haqqında" qanuna görə, əmanət cəlb edən bütün banklar Fondun üzvü olmalıdır. Ancaq bir bank hələ də Fondun üzvü deyil. İkincisi, əmanətçilər çalışmalıdır ki, yatırdıqları əmanətlərin illik faiz dərəcəsi 12%-dən yüksək olmasın. Yəni 12% və ondan aşağı olmalıdır. Üçüncüsü, bir banka yatırdıqları əmanətin həcmi 30 min manatdan çox olmamalıdır. Daha doğrusu sığorta hadisəsi baş verən ana əmanətin məbləği və faizlər kompensasiya məbləğini ötməməlidir. Kompensasiya əmanət hesabının sayı ilə yox əmanətçilərin sayı əsasında ödənilir. Bir əmanətçinin banka bir neçə hesabı ola bilər. Bu zaman əmanətçinin bankda bir neçə əmanəti yaxud həmin əmanətlər müxtəlif valyutalarda oldugu zaman, həmin əmanətləri toplanır və bir əmanət kimi kompensasiya olunur. Digər bankda olan əmanətə isə ayrıca əmanət kimi baxılır və kompensasiya ödənilir. Bir sözlə, çalışmaq lazımdır ki, 1 bankda olan əmanətin faizlə birgə həcmi 30 min manatdan çox olmasın, əmanətin faiz dərəcəsi isə 12% həddini keçməsin. Bu halda pulunuzu 100% geri ala bilərsiniz".
Ekspert əlavə edib ki, əmanətlər hansı valyutada yerləşdirilibsə, həmin valyuta da geri alınacaq.
Sənan Mirzə