Soltan Əzimov: "20 Yanvar şəhid ailələri və əlillərin adından rəsmi olaraq deyirəm ki, dövlətimizin apardığı siyasətdən biz razıyıq.

Azərbaycanda 20 Yanvar hadisələrinin 28-ci il dönümü qeyd edilir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı da hazırlanıb. Bir daha xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.

"20 Yanvar" Cəmiyyətinin sədri, hadisələrin canlı şahidi Soltan Əzimov "Unikal qəzetinə hadisələrlə bağlı xatirələrini bölüşmüş, Azərbaycan dövləti tərəfindən 20 Yanvar əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

- Soltan müəllim, hər il 20 Yanvar ərəfəsində bu qanlı hadisənin təfərrüatları dünyaya elan olunur. Bir təşkilat sədri kimi Sizin də fikrinizi bilmək istərdim...

-Çox dəhşətli gecə idi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralanmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda -” yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıya qoşunların qanunsuz yeridilməsi nəticəsində, Bakıda və Azərbaycan rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis nəfərləri olmuşdur. Amma buna baxmayaraq 1990-cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

-Sizcə, bu hadisəyə lazımi formada hüquqi qiymətin verilməsi niyə gecikir?

-Yanvar hadisələrinə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib. Hüquqi qiymət verilməsi isə hələlik mümkün deyil. Azərbaycanın həmin hadisələrdə bir başa məsuliyyəti olan cinayətkarları mühakimə etmək imkanları məhdudur. Çünki bu hadisələri törədənlər dünyanın ən böyük ərazisinə sahib olan Rusiyada yaşayır və sözügedən dövlətin vətəndaşıdırlar. Bu çox çətin prosesdir və sözügedən cinayətkarların mühakimə edilməsi üçün bu ölkənin rəhbərliyinin də icazəsi lazımdır. Rusiyada 20 Yanvar hadisələrini törədənlərə qarşı münasibət xoş olduğuna görə, təəssüf ki, onlara cinayət işinin qaldırılması da hələlik mümkün deyil.

Bildiyiniz kimi, bu cinayətin başında duran Qorbaçov da öldü. Ona görə, bu məsələlər tam hüquqi qiymətini tapmayıb. Ümüdümüz də var ki, Beynəlxalq səviyyədə bu məsələnin də hüquqi həllinə nail olacağıq. Hazırda isə, Rusiya və ABŞ-ın işğalçılıq siyasətinin davam etdiyi dövürdə bu hadisələrə hüquqi qiymətin verilməsi qətiyyən mümkün deyil.

-20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı da təsdiqlənib. Bunu necə qiymətləndirirsiz?

-Hörmətli Ramiz Mehdiyev tərəfindən tədbirlər planı təsdiq edilib. İcra strukturlarına tədbirlərin keçirilməsi ilə bağlı göstəriş verilib. Rayon icra hakimiyyətlərində də bu tədbirlər keçiriləcək. Şəhid ailələrinə və əlillərə maddi yardımlar göstəriləcək. Bizim təşkilat da bu tədbirlərə qatılır və bu hadisələrlə bağlı insanlara bir daha xatırlatma verəcəyik.Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar 302 nəfər 20 Yanvar əlilinin və 109 şəhid ailəsinin hər birinə birdəfəlik maddi yardım ayrılacaq. Yuxarıda sadaladığımız şəxslərin hər birinə 60 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

-Yardımlar demişkən, bu gün dövlətin 20 Yanvar şəhid ailələri və əlillərinə göstərdiyi diqqət və qayğı Sizi qane edirmi?

-Ulu Öndər Heyər Əliyevin 20 Yanvar hadisələrinə verdiyi böyük yüksək qiymət, əlil və şəhid ailələrinə göstərdiyi qayğı bu gün onun davamçısı İlham Əliyev tərəfindən də davam etdirilir. İlham Əliyev bu gün 20 Yanvar şəhid ailələri və əlillərinin hər birinə prezident təqaüdü təsis edib. Bununla belə, hər il pensiyalar qaldırılır. 20 Yanvar əlil və şəhid ailələrinin mənzillə, avtomobillə təmin edilirlər. Bunların hamısı prezident İlham Əliyevin başçılığı ilə dövlətimizin bizə verdiyi qiymətdir. Bu gün bizim hər birimiz bizə göstərilən bu yüksək qiymətdən razıyıq.

-Hazırda nə qədər əlil və şəhid ailəsi var?

-147 nəfər şəhid ailəsi rəsmi olaraq dövlət qeydiyyatındadır və onların hər biri prezident təqaüdü alır. Bununla belə əlillərin sayı da təbii ki, hər il azlığa doğru dəyişir. Ötən il 309 nəfər idisə, hazırda 302 nəfər 20 Yanvar əlili var. Ötən il ərzində 7 nəfər əlilimiz rəhmətə gedib.

Bununla belə, 90-cı illərdə xəstəxanalardan götürülən siyahı var. Elə adamlar var ki, 20 Yanvar hadisələri zamanı yaralanıb. Amma əlillik statusundan imtina edib. Şəxsən 3, 2 güllə yarası alan adamlar tanıyıram ki, həmin adamların əlilliyi var və onlar bundan imtina edirlər.

-Mənzillə, avtomobillə təmin olunanlar nə qədərdi?

-20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə bağlı ən azı 3 nəfər evlə təmin olunacaq. Ümumilikdə son 5 il ərzində 83 nəfər mənzillə təmin olunub. Növbəlilik əsasında əlil və şəhid ailələrinə məzil və avtomobillər verilir. Bu gün səhv etmirəmsə, respublika üzrə 78 nəfər 20 Yanvar əlil və şəhid ailəsi ev alacağını gözləyir. İnşallah dövlətimiz qısa zaman kəsiyində onları da mənzillə təmin edəcək.

-Təqaüdlər və pensiyaların məbləği nə qədərdi?

-Hazırda şəhid ailələrinə verilən prezident təqaüdünün məbləği 300 manatdır. 20 Yanvar əlillərinə isə verilən prezident təqaüdünün məbləği aldığı yaranın ağırlığı üzrə dəyişir. Belə ki, 1-ci qrup əlil 165 manat, 2-ci qrup əlil 143 manat, 3-cü qrup əlil 110 manat prezident təqaüdü alır.

Pensiyalar isə baza hissəsinə görə bölünür.Vətəndaş var ki, vaxtilə işləyib və stajı olub. Həmin işin stajına görə pensiya məbləği dəyişir. Elə vətəndaş da var ki, işləməyib, onlar da pensiya və dövlətin verdiyi əlavələri alır. Tutaq ki, 2-ci qrup 20 Yanvar əlilinin heç bir stajı yoxdur o, 170 manat civarında pensiya alır. Amma müəyyən stajı olan əlil varsa, bu adamlar 200 manatdan 500 manata qədər pensiya alır.

-Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovla da görüşünüz olmuşdu. Bu barədə danışardınız.

-Bəzi məsələlərlə bağlı nazirlə müzakirə apardıq. İnşallah bəzi problemlər var ki, Səlim müəllim bu məsələlərin qısa zaman kəsiyində həll ediləcəyinə söz verdi. Bununla belə cənab nazir bizə söz verdi ki, həqiqətən də müalicəyə ehtiyacı olan 20 Yanvar əlil və şəhid ailələrinə göndəriş veriləcək. Onlar müalicəyə göndəriləcəklər.

-20 Yanvar hadisələrində əlil və şəhid olan ailələrin hansı problemləri var?

-Təəssüf ki, burnunun ucundan o tərəfi görə bilməyən nadan məmurlarımız da var. Dövlətimizin başçısı möhtərəm prezidentimiz İlham Əliyevdir. Hər hansı bir dövlət qulluqçusu da dövləti təmsil edir. Amma təəssüflər olsun ki, elə kiçik və yüksək ranqlı dövlət məmurları var ki, onlar hələ 20 Yanvar hadisələrinin nə olduğunu anlaya bilmirlər. O, zaman həmin adamlara problemlərlə bağlı müraciət edəndə əlil və şəhid ailələrinə bəzi təhqiramiz ifadələr olur. Deyirlər ki, 20 Yanvar hadisələri zamanı küçələrə çıxmasaydınız, belə hadisələr baş verməzdi ki? Kim sizə demişdi küçəyə çıxasız? Bax belə dövlət məmurları bu ağılla vətəndaşlara hansı xidməti göstərəcəyini başa düşə bilmirəm. Bu adamlara sizin vasitənizlə demək istəyirəm ki, ay dünyadan bixəbər sən ən azından heç olmasa Ulu Öndərin 20 Yanvar haqqında çxışlarını, fikirlərini götür oxu. Onda görəcəksən ki, bu hadisə niyə baş verib. İnanın ki, 28 il ötməsinə baxmayaraq bəzi adamlar hələ də bu hadisələrin mahiyyətini anlamır. Əgər biz bu gün özümüzü dövləti, prezidentimizi sevən bir insan hesab ediriksə, hər hansı bir çatışmamazlığı görürüksə ilk növbədə bunu normal qaydada dilimizə gətirməliyik. İradlarımızı biz niyə də deməyək? Ola bilər ki, hansısa bir şəhid ailəsi, əlilinin müəyyən şəxsi problemi ilə bağlı bir məmurdan ciddi narazılığı olsun. Amma bu narazılığı götürüb dövlətin siyasətinə yazmaq olmaz. 20 Yanvar şəhid ailələri və əlillərinin adından rəsmi olaraq deyirəm ki, dövlətimizin apardığı siyasətdən biz razıyıq. Möhtərəm prezidentimizin apardığı siyasətdən, bizə göstərdiyi qayğıdan çox razıyıq. Hər bir formada da İlham Əliyevin siyasətini dəstəkləyirik. Bizim mövqeyimiz budur. Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması üçün dövlətimiz əlindən gələni edib və bundan sonra da edəcək.

Elcan İbrahimov