QHT rəhbəri: "Hamı üçün bərabər hüquqlar var, hamı üçün də bərabər imkanlar olmalıdır

Birinci qrup gözdən əlil müğənni: "Bizi televiziya verlişlərinə əlil kimi deyil sənətçi kimi dəvət etsələr sevinərik

Qarşıdan Beynəlxalq Əlilliyi olan Şəxslər günü gəlir. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlayıb.

Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslıi tədbirlər həyata keçirilib. Ölkə qanunvericiliyində əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Əlillər mənzillə və fərdi evlə təmin olunublar. Yüzlərlə əlilə minik avtomobili verilib.

Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli bizimlə söhbətində bildirib ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün poseslərdə fəal iştirakı təmin olunub: "Əlil vətəndaşlarımız cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrinin biri olduğundan onlara qarşı diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində dövlət siyasəti ildən-ilə güclənir. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reablitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Amma hələ də əlilliyi olan şəxslərin təhsil və məşğuliyyət problemi mövcuddur. Yaxşı olardı ki, bu təbəqədən olan vətəndaşların təhsil və məşğuliyyət probleminin həlli üçün işlər sürətləndirilsin. Belə olan halda onlar problemlərinin bir hissəsini özləri həll etmiş olarlar. Nəticədə sosial müavinətdən asılı vəziyyətə qalmazlar.

QHT rəhbəri bizimlə söhbətində əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasında vətəndaş cəmiyyətinin rolunu da vurğulayıb: "Vətəndaş cəmiyyətindən,  mətbuatdan da çox şeylər asılıdır. Hamı üçün bərabər hüquqlar var, hamı üçün də bərabər imkanlar olmalıdır.

Birinci qrup gözdən əlil, müğənni Reyhan İsgəndərli bizimlə söhbətində bildirib ki, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası sürətləndirilməlidir. Bu məqsədlə bu təbəqədən olan şəxslərin sosial müdafiəsi gücləndirilməli, cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları üçün işlər davam etdirilməlidir.
1966-ci il təvəllüdlü Reyhan İsgəndərli deyib ki, o, əlilliyi olan şəxs kimi dövlət tərəfindən Sumqayıt şəhərində mənzillə təmin olunub: "Əvvəllər ümumi əlilliyi olan şəxslər də evlə təmin olunurdu. Əlilliyi olan şəxs olaraq dövlət tərəfindən mən mənzillə təmin olunmuşam. Əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də mütəmadi olaraq artırılır. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Bu yaxşı haldır. Amma nəzərə alaq ki, bazarda qiymətlər tez-tez dəyişir. Bahalaşma demək olar hər ay müşahidə olunur. Ona görə də, əlillərin pensiya və müavinətləri daha böyük faizlə artırılmalıdır. Dərman vasitələrinin qiyməti, gündəlik istifadə olan qida məhsullarının qiyməti sürətlə bahalaşır. Eləcə də, biz birinci qrup gözdən əlillərin təkbaşına evdən harasa getməyi çətindi. Mütləqdir ki onun yanında bir nəfər olsun. Deməli onun yol pulunu, yemək pulunu da biz ödəməliyik və ödəyirik. Harasa gediriksə, taksi ilə getməli oluruq. Səhnə alıram. Tamaşaçılar qarşısında çıxış edirəm. Gərəkdir ki geyimim də yaxşı olsun. Bu və digər tələbləri qarşılamaq üçün əlillərin pensiya və müavinətinin məbləğinin daha böyük faizlə artırılmsına ehtiyac var.

Bizə deyirlər ki gözdən əlillərin digər əlillərə nisbətən pensiyası və müavinətinin məbləği çoxdur. Amma unudurlar ki bizim xərclərimiz də çoxdur. Mütləqdir ki, yanımızda bizə baxan şəxs olsun. Mən və əksəriyyət əlilliyi olan şəxslər ailə qurmayıb. Bizim yanımızda mütləq baxıcı olmalıdır. Ya bizim pensiyamız artırılmalıdır, ya da baxıcılarımıza maaş təyin olunmalıdır.

R.İsgəndərli deyib ki, qanunvericiliyə əsasən əlilliyi olan şəxslər dərman vasitələri ilə təmin olunmalıdır: "Dərman təminatı var. Amma bizə təqdim olunan dərman vasitələrinin sayı azdır. Yaxşı olardı ki, dərman təminatı ilə tam təmin olunaq.Mənim bir təkilifim də var. Həm də arzumdur ki, Qarabağ müharibəsi əlillərinin güzəşt və imtiyazları ümumi əlillər üçün tətbiq olsun. Biz də avtomobillə təmin olunaq. Və ümumi əlillərin mənzillə təminatı bərpa olunsun.

Müğənni bildirib ki, birinci qrup gözdən əlilliyi olması onun sənətçi kimi fəaliyyətinə mane olmayıb: "Mən öz üzərimdə davamlı işləyirəm. Televiziya kanalları dəfələrlə məndən verlişlər hazırlayıblar. Mahnılarımdan ibarət albomum və kasetim də işıq üzü görüb.  Təqdimatını keçirmişəm. Yaxınlarda səsyazma studiyasında iki mahnımı da yazdırdım. Mən istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlilliyi olan şəxslər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər. Bunun üçün isə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası daha dolğun şəkildə reallaşdırılmalıdır. Əlilliyi olan şəxslərin istedadları, bacarıq və qabiliyyətləri aşkara çıxarılaraq dəstəklənməli və cəmiyyətə tanıdılmalıdır.

R.İsgəndərli bildirib ki, o, əliliyi olan şəxslərlə bağlı qeyri-hokumət təşkilatlarının tədbirlərində fəal iştirak edərək öz töhfəsini verir: "Mən "Əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək İctimai Birliyinin fəal üzvüyəm. Biz bu təbəqədən olan vətəndaşların sosial müdafiəsi və sağlamlığının qorunması sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ edirik, əlilliyin qarşısının alınması, əlillərə qayğının göstərilməsi ilə bağlı maarifləndirmə işinin təşkilinə yardım etmək və əlil şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsinə, əlillər arasında yaradıcılığın təşviq edilməsinə kömək etmək üçün müraciətlər ünvanlayııq, təkliflər hazırlayıb müvafiq qurumlara göndəririk. Müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları, digər mədəni-kütləvi tədbirlər keçiririk. Məncə, hələ də əlilliyi olan şəxslərlə bağlı maarifləndirmə işinin davam etdirilməsinə ehtiyac var.

O, televiziya və radio yayımları şirkətlərinin əlilliyi olan istedadlı şəxslərlə bağlı davamlı verlişlərin hazırlanmasını arzulayır: "Əliliyi olan şəxslər arasında müxtəlif sənət və peşə adamları var. Onların təbliğ edilməsinə ehtiyac var. Yaxşı olardı ki, bizi əlillliyi olan şəxs kimi dəvət etməsinlər. Bizi sənətçi kimi dəvət etsələr sevinərik. Amma bizi adətən əlilliyi olan şəxs kimi dəvət edirlər verlişlərə. Mən o verlişlərə getmirəm. Çünki istəmirəm mənə əlil kimi baxsınlar. Mən əliliyi olmayan  şəxslərin əksəriyyətindən aktivəm, çalışıram.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul edib. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "2017-ci ildən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı icra olunur. Bu proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, respublika daxilində bərpa müalicə olunmalarına köməkliyin göstərilməsi, onların cəmiyyətə inteqrasiyası məqsədilə təbliğat kampaniyasının təşkil olunması nəzərdə tutulur. 

Onu da qeyd edək ki, bu günlərdə "2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramında nəzərdə tutulan Əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları başa çatıb və 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ərəfəsində yarışların qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.

Elcan İbrahimov