Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət həddən artıq gərgindir. Aprelin 1-də başlanan və aprelin 5-də başa çatan "dördgünlük müharibə"də ağır itkilər vermiş Ermənistan faktiki olaraq hücuma keçmək istəsə də, Azərbaycan ordusunun əks-hücumu nəticəsində nəinki əvvəlki mövqelərinə çəkildi, hətta bir sıra strateji yüksəklikləri əldən verdi.

Ermənistanın itkiləri bununla bitmir. 
1994-cü ildən bəri ilk dəfə olaraq Ermənistanın Müdafiə Nazirliyi  hərbçilərinin Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində hərbi hissələrinin yerləşdirildiyi etiraf etmək məcburiyyətində qaldı.

Rəsmi İrəvan indiyədək "Ermənistan Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısıdır" tipli bəyanatlar verir, münaqişə zonasında Azərbaycana qarşı "qarabağlı ermənilərin vuruşduğunu" vurğulayırdısa, "dördgünlük müharibə"də həlak olmuş 196 erməni hərbçisinin 193-nün Ermənistan vətəndaşı olması və Ermənistanda dəfn edilməsi İrəvanın illər boyu yalan söyləməsinin məcburi etirafı oldu.



Dünənsə Ermənistan prezidenti Serj Sarkisyan Müdafiə Nazirliyində "təmizləmələr"ə başladı. Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə qoşunlarının rəisi general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan vəzifələrindən kənarlaşdırıldılar.

Onların "istefa" adı ilə işdən qovulmaları Dağlıq Qarabağdakı "dördgünlük müharibə" ilə birbaşa bağlıdır. Belə ki, Arşak Karapetyan Azərbaycanın cəbhə xəttində ağır artilleriya qurğularının, o cümlədən TOS-1A sistemlərinin yerləşdirilməsi barədə Ermənistan rəhbərliyinə "vaxtında, operativ" məlumatlar verə bilmədiyinə görə qovulub. Həmin sistemlərdən istifadə edən Azərnbaycan ordusu ermənilərə çox ağır zərbələr vurub.



Üstəlik, Dağlıq Qarabağdakı xəstəxanalarda yanıq yaralarının müalicəsi üçün yetərincə preparatlar olmayıb və həmin dərman vasitələrini Ermənistan təcili qaydada Moskvadan alıb.
Alik Mirzabekyan Dağıq Qarabağdakı Ermənistan hərbçilərinin təminatındakı səhvlərə, Komitas Muradyan isə "dördgünlük müharibə" zamanı ermənilərin hərbi hissələri və mövqeləri arasındakı problemlərə görə qovulub.



Bütün bunlar Serj Sarkisyanın "Bloomberg" agentliyinə verdiyi müsahibəsindən bir gün sonra olub.
S.Sarkisyan həmin müsahibəsində aşkar şəkildə bildirmişdi ki, Qərbin və Rusiyanın bütün təzyiqlərinə rəğmən Ermənistan dinc danışıqları bərpa etmək niyyətində deyil.

Ermənistan prezidentini aqressivlikdə suçlamaq olar, amma o, debil deyil və nə etdiyini bilir. S.Sarkisyan belə bəyanatlar vasitəsilə ATƏT-in Minsk Qrupunda həmsədr olan ölkələrin nəzərinə çatdırmaq istəyirdi ki, "Azərbaycan hərbi əməliyyatları davam etdirirsə, Ermənistan tərəfi münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda heç bir məna görmür".

Rəsmi İrəvan bunu "düşünülmüş", az qala hiyləgər mövqe sayırdı. Amma ermənilər yanılıblar, çünki Ermənistan sürəkli olaraq Azərbaycan ərazilərini ağır artilleriya, o cümlədən haubitsalar və reaktiv artilleriya sistemlərindən atəşə tutur, dinc sakinləri bombalayır, yaşayış məntəqələrini vurur. Bu səbəbdən də Azərbaycanın 1994-cü ildə imzalanmış atəşkəs anlaşmasına tam, qeyd və şərtsiz riayət etməsi ən azı absurd olardı.

İstənilən anlaşma tərəflərin öhdəlikləri və məsuliyyəti deməkdir. Ermənilər anlaşmanı artıq eynlərinə almayaraq Dağlıq Qarabağ münaqişəsi zonasında təxribatlarını dayandırmırsa, daim hücuma keçməyə çalışırsa, Azərbaycanın susması, anlaşmaya riayət etməsi, açılan atəşlərə cavab verməməsi nonsens, paradoks olardı.
Hazırda Ermənistan aqressiv və destruktiv mövqe tutduğundan düşmənə layiqli cavab verilməlidir.
Bu, hadisələrin cərəyanının tələbidir və Bakı da olayların arxasınca getməkdən baş verənlərin məcrasını müəyyənləşdirməyə üstünlük verir.



Ermənistan isə deyəsən, yuvarlandığı quyunun dərinliyini gec də olsa, çətinliklə də olsa, dərk etməyə başlayıb.
Serj Sarkisyanın son günlərdəki davranışı da ilk baxışdan xaotik təsir bağışlaya bilər, lakin belə deyil.
Azərbaycanın 1994-cü ildə imzalanmış atəşkəs anlaşmasının Ermənistan tərəfindən fasiləsiz və nümayişkaranə şəkildə pozulması ilə bağlı bəyanatları İrəvanın danışıqlar prosesindəki mövqelərini əhəmiyyətli dərəcədə zəiflədir.

Belə ki, anlaşmanın təsir qüvvəsini itirməyə başlaması faktiki olaraq həmin sənədi imzalamış Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesindən kənarlaşdırılmasının əbədi duruma çevrilməsi və qarabağlı ermənilərin prosesə qatılmaq şanslarının total sıfıra enməsi deməkdir.

1994-cü ildə imzalanmış atəşkəs anlaşmasını Ermənistan hesaba almadığından indi Dağlıq Qarabağ münaqişəsi zonasında durumu partlayış, müharibə həddinə çatdırmamaq  üçün yeni sazişə ehtiyac duyulur.
Və təbii ki, həmin saziş Azərbaycanla işğalçı Ermənistan arasında olmalıdır.
Serj Sarkisyanın son günlərdəkı isteriyasının səbəbi də elə budur. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlarda, müzakirələrdə,  nəhayətdə isə sülh anlaşmasında Dağlıq Qarabağ separatçılarına yer olmayacığını hiss etməyə başlamış Serj Sarkisyan problemi Azərbaycan-Ermənistan qarşıdurması müstəvisindən çıxarmağa çalışır.
İndi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yeni mərhələ başlayıb.

Daha doğrusu, yeni mübarizə gedir və Ermənistan da 1994-cü il formatının bərpasına can atır. Qarabağlı separatçıları nəyin bahasına olursa-olsun, danışıqlar masası arxasına oturtmağa və Xankəndidəki terrorçu rejimi legitimləşdirməyə, separatçılara qanuni status verilməsinə nail olmağa can atan Serj Sarkisyan son günlərin olaylarından pərişan olub.
Mənəviyyatı naqis, psixologiyası stabil olmayan insanlarda isə belə pərişanlıq əksər hallarda motivasiyasız isteriyaya çevrilir.
Üstəlik, ATƏT-in Minsk Qrupunun həmsədrlərində də problemlərlə qarşılaşdıqlarını etiraf edirlər. Onlar hələlik etiraf etməsələr də, Ermənistan rəhbərliyində Dağlıq Qarabağ münaqişəsinin çözümü ilə bağlı vakuumun yarandığı dolayı yolla olsa da, mediaya sızdırılır.



Əslinə baxsaq, belə vakuum Minsk Qrupu həmsədrlərinin özlərinin də fəaliyyətində müşahidə olunur və görünən budur ki, Qərb ilə Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların intensivliyinin yox, miqyasının qarşısını almaqla məşğuldurlar.
Rusiya, Fransa və ABŞ-ın xarici siyasət strukturlarının rəhbərləri münaqişə ilə bağlı açıqlamalar verir, həll variantlarından bəhs edir, aktiv olduqlarını nəzərə çatdırmaq istəyirlər.
Sadəcə, sözlərdir: nədən ki, Qərb və Rusiya indi Azərbaycanla Ermənistanın davranışlarını diqqətlə izləyir, tərəflərin resurslarını dəqiq dəyərləndirməyə çalışır, qüvvələr nisbətini və ən mühüm də hadisələrin perspektivini hesablamağa çalışırlar.

S.Sarkisyanın davranışının digər səbəbi isə onun Rusiyanın danışıqlarda və ümumiyyətlə, nizamlanma prosesində dominion istəyindən narahat olması, "baş vasitəçi" mandatının ATƏT-in indiki sədri Almaniyaya verilməsinə cəhd göstərməkdir.
Son günlərdə Qərbə aktiv şəkildə messiclər yollayan Ermənistan ümidini yalnız Rusiyaya bağlamadığını hər vəchlə nümayiş etdirməyə çalışır və ABŞ ilə Brüsselin nəzərinə çatdırır ki, Rusiyanın total əsarətindən qurtulmaq istəyir, lakin buna gücü çatmır.

İrəvanda səngiməyən antirusiya nümayişləri, Rusiyanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyaları da ermənilərin Moskvaya "izhari-nifrət"ləri, vətəndaşların emosional da olsa, mövqelərinin nümayişi yox, Serj Sarkisyanın göstərişi ilə hazırlanan və sırf hakimiyyətin maraqlarına xidmət edən aksiyalardır.
S.Sarkisyan bu minvalla Rusiyadan mümkün qədər çox güzəştlər əldə etməklə yanaşı, iqtidarının qorunmasının təminatına can atır. Eyni zamanda o, siyasətdə və hakimiyyətində itirdiyi mövqeləri Dağlıq Qarabağda itirməmək üçün müharibə ritorikasından əl çəkmir.



Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlamaq istəyən Ermənistan prezidenti hər hansı güzəştə, yaxud da kompromisə meylli olmadığını hər şeydən əvvəl hamisinə, əsas strateji tərəfdaşına - Rusiyaya göstərmək istəyir və bununla da Moskvanın təşəbbüsü ilə başlanmış danışıqlar prosesini dayandırır.
Ermənistanla Rusiya arasındakı bu situasiyanı amerikalı siyasətçilərin təbirincə desək, "tail wagging the dog", yəni "quyruğu iti yelləyəndə" kimi dəyərləndirmək olar.

Serj Sarkisyan indi qətiyyətli və ötkəm "davranır", "dördgünlük müharibə"dəki itkilərdən sonra Ermənistanda cəmiyyətin əvvəlki illərlə müqayisədə daha radikal mövqe tutduğunu nəzərə çatdırmaqda qərarlıdır. 
O, danışıqlar prosesinin bərpası üçün güclü motivasiyanın olmadığını deyir.
Ermənistan üçün indiki situasiyada işğal altında saxladığı Azərbaycan ərazilərini dərhal, müharibəsiz tərk etməyin ən böyük motivasiya olduğunu S.Sarkisyan dərk etmək istəmir.
Siyasət isə belə ifrata varmağı bağışlamır.

Elçin Alıoğlu
Milli.Az