Əsədin baş naziri də qaçdı
Əsədin baş naziri də qaçdı

ABŞ Suriya diktatoruna qarşı yeni həmlədə: Klinton Ankaraya niyə gəlir?

Suriyada durum ağır olaraq qalır. Ölkənin hərbi mənbələri bildiriblər ki, Hələbdə üsaynçılara qarşı vuruşmaq üçün 20 min hökumət qoşunu yeridilib. "BBC"nin xəbərinə görə, əməliyyatlarda hərbi təyyarələr və helikopterlərdən də istfadə edilir. Şəhər iri miqyaslı artileriya atəşinə məruz qalır.

"BBC"nin müxbirinin sözlərinə görə, üsyançılar da öz qüvvələrini Hələbə doğru yeridirlər.
Dəməşqdə isə hökumət qüvvələri Tadamun rayonu üzərində nəzarəti bərpa edə biliblər.
İki gün əvvəl isə Beynəlxalq Qırmızı Xaç Komitəsi Suriyada dinc sakinlər arasında itkilərin qarşısını almaq üçün toqquşan tərəflərin beynəlxalq qanunlara riayət etməsinin vacibliyini vurğulayıb. Beynəlxalq hərbi qanunvericilikdə bildirilir ki, atəş yalnız hərbi hədəflərə açıla bilər, şəhərlərdə hərbi əməliyyatları xüsusi ehtiyatla aparmaq lazımdır.
Hökumət əleyhinə fəalların məlumatına görə, toqquşmaların səngimədiyi Hələb şəhəri kütləvi arileriya atəşəni tutulub ki, bu da silahlı müxalifəti telemərkəzdən çəkilməyə vadar edib. Həm də hökumət qoşunları böyük hissəsini nəzarətdə saxladıqları Dəməşqin cənub hissəsini bombalayıblar.

Suriyanın baş naziri
Əsədi tərk etdi

Suriyanın baş naziri Riyad Fərid Hicab İordaniyaya qaçıb. Rusiya KİV-nin verdiyi məlumata görə, Hicabla birlikdə ailə üzvləri və yaxın qohumları da Suriyanı tərk edib.
Xatırladaq ki, Hicab Bəşər Əsədin Ən yaxın müttəfiqlərindən sayılırdı. O, bu ilin mayında keçirilən parlament seçkilərindən sonra baş nazir təyin edilmişdi.

Suriyanın ilk kosmonavtı da Türkiyəyə qaçdı

Bir başqa məlumata görə, Suriyanın ilk kosmonavtı, general Muhammed Faris də Türkiyəyə qaçıb. Qardaş ölkənin "Anadolu" agentliyi bildirib ki, Faris Hələbdə Azad Suriya ordusunun qərərgahında olub və Əsəd rejiminə qarşı onlara həmrəylik bildirib.
Faris peşəcə hərbi pilotdur və 1987-ci ildə Rusiyanın "Soyuz" gəmisində kosmosa uçub. Daha sonra Faris Suriyaya qayıdıb və hərbi pilotların hazırlanması ilə məşğul olub. Hazırda onun 61 yaşı var.

Suriya dövlət
televiziyası partladıldı

Dünən həmçinin məlum olub ki, Suriya dövlət televiziyasında partlayış olub. trtazerbaycan.com-un məlumatına görə, partlayış bu gün sabah saatlarında həyata keçirilib.
Ölən və yaralananların olduğu bildirilir. Hələlik hadisənin təfərrüatları məlum deyil.

Ərdoğan: "PKK terrorçularını dəstəkləyən ölkələr məlumdur"

"PKK-nı dəstəkləyən ölkələr məlumdur. Ancaq indi ölkə adı çəkmək problem yarada bilər". Bunu isə jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib.
Terrorun hansı mənbələrdən dəstəkləndiyinin məlum olduğunu vurğulayan baş nazir qonşu ölkələr arasında da, Qərb ölkələri arasında da terrora dəstək verənlərin olduğunu söyləyib: "Türkiyə yalnız terror təşkilatına deyil, terror təşkilatının iplərini əlində tutan düşmən ölkələrə və dairələrə, terror təşkilatının iplərini əlində tutduğu canilərə də həddini bildirəcək gücdədir".
Ərdoğan ölkə daxilində və xaricində bəzi KİV-lərin də terror təşkilatına dəstək verdiyini bildirib.

Klinton Suriya məsələsi
üçün Türkiyəyə gəlir

Dünən o da məlum olub ki, ABŞ dövlət katibi Hillari Klintonun gələn həftə Türkiyəyə səfər edəcəyi açıqlanıb. Dövlət Departamentinin sözçüsü Viktoriya Nulandın sözlərinə görə, Klinton Türkiyəyə avqustun 11-də gələcək.
Nuland əlavə edib ki, Hillari Klinton İstanbulda Türkiyə rəsmiləriylə görüşəcək və Suriya məsələsini müzakirə edəcək. Sözçü Suriya ilə yanaşı gündəmdəki məsələlərion də müzakirə olunacağını deyib.

Türkiyə Kürdüstan
seçimi qarşısında?

Bu arada son vaxtlar Bəşər Əsədin ən yaxın silahdaşlarının qətlindən, ardınca isə ona yaxın diplomatların və digər nüfuzlu şəxslərin müxalifətə keçməsindən sonra Əsəd rejiminin süqutuna sayılı günlərin qaldığı barədə fikirlərin çoxaldığı müşahidə edilir. Bəziləri isə hesab edir ki, Əsədin hakimiyyətdən tez gedəcəyi inandırıcı deyil. Qansız diktatorun hakimiyyətini qoruması üçün bundan sonra sona qədər və bütün üsullardan istifadə edərək mübarizə aparacağını (necə ki, artıq aparır!) söyləmək olar.
Bir müddət əvvəl Suriyanın Xarici İşlər Nazirliyinin sözçüsü Cihad əl-Maqdisi ölkəyə hərbi müdaxilə edilməyəcəyi təqdirdə Dəməşqin kimyəvi silahlardan istifadə etməyəcəyi barədə açıqlamada verdi. XİN rəsmisi onu da qeyd etdi ki, Suriyada olan kimyəvi silahlar etibarlı əllərdədir.
XİN rəsmisinin açıqlamasını diqqətlə izlədikdə hakimiyyətin qonşu dövlətlərə, xüsusən də Türkiyəyə mesaj verdiyini anlamaq olar.
Belə ki, Suriya daxilində toqquşmaların uzanması ilə ölkədə yeni "oyunçuların" meydana gəldiyinin şahidi olmaq olar. Əgər bu vaxta qədər hadisələrin mərkəzində hakimiyyətin simasında nizami ordu ilə Azad Suriya Ordusu idisə, son iki həftə ərzində Suriya daxilində PKK terror təşkilatının daha da aktiv hala gəldiyi görünür.
Belə ki, Suriyanın şimalındakı bəzi şəhərlərdən nizami ordunun çıxması ilə PKK yaraqlılarının bu şəhərlərdə nəzarəti ələ alması barədə məlumatlar var. Hətta PKK terror təşkilatının Suriyadakı siyasi qolu hesab edilən, müxaliflərə bu vaxta qədər dəstək verməyən Demokratik Birlik Partiyasının (Partiya Yekitiya Demokrat) sədri Salih Müslim ötən ayın sonlarında "Fırat" agentliyinə verdiyi açıqlamada xəbərlərin doğru olduğunu təsdiqlədi.
Müslim verdiyi açıqlamada onu da qeyd etdi ki, Suriyada ciddi siyasi xaos yaşanır, kürdlərin özlərini qoruma haqları, Türkiyədə isə kürdfobia var. Maraqlı məqamlardan biri də Suriyadakı kürd siyasi partiyalarının alyansı hesab edilən Suriya Kürd Məclisinin (Meclisi Vatani Kurdi al Suriye) təmsilçisi Abdulhəmid Dərvişin də ölkədə kürdlərin hüquqlarının olduğunu bildirməsi oldu.
Dərviş verdiyi açıqlamada onu da bildirdi ki, Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu ilə bu yaxınlardakı görüşləri zamanı XİN rəsmisi ona kürdlərin öz haqlarına qovuşacağını bildirib. Təbii ki, Suriyanın şimalındakı şəhərlərin kürdlərin nəzarətinə keçməsindən sonra buradakı siyasi durumu İraqın şimalındakı kürd administrasiyası ilə müqayisə etmək doğru olmazdı.
Çünki İraqdakı kürd administrasiyasından fərqli olaraq, Suriyadakı kürdlərin hələ ki bir o qədər də siyasi təcrübəsi yoxdur.
İyulun 26-da Türkiyədəki "Star" qəzetinin yazdığına görə, ölkənin baş nazirinə təqdim edilən raportda Suriyanın şimalındakı bir çox şəhərlərin PKK nəzarəti altına keçdiyi bildirilir. Raportda o da qeyd olunur ki, bölgədəki Aynul Arab şəhərində kürd dili təlimi adı altında mərkəz fəaliyyət göstərir və bu mərkəzdə İraqın şimalındakı Qəndil dağlarındakı PKK yaraqlıları xüsusi təlim keçirlər.
Təbii ki, Suriyanın şimalındakı şəhərlərin PKK nəzarətinə keçməsi ilə burada yeni bir kürd dövlətinin yaranacağını söyləmək bir o qədər də doğru olmazdı. Lakin bu, Ankara üçün ölkənin cənub-şərq sərhədlərində yaxın zamanda yeni problemin meydana çıxacağının göstəricisidir. Ankara isə Suriyadakı "Kürdüstan" məsələsində seçim qarşısındadır.

Əsəd kimyəvi silaha
əl ata bilərmi?

"NATO-nun Liviyada olduğu kimi Suriyaya hücum edəcəyini proqnozlaşdırmıram". Bunu isə dünənki açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Qərb Suriyadakı dəyişikliklərin daxildən baş verməsini istəyir: "Bu məqsədlə Suriya müxalifətinə maliyyə və hərbi dəstək artırılıb. Əlbəttə, belə olan halda Əsədin əsas müttəfiqi İran da boş dayanmamağa çalışır, qonşu ölkəyə canlı qüvvə göndərməyə həvəslənir. Ancaq son olaydan yəni iranlılar silahlı müxalifət tərəfindən ələ keçirildikdən sonra Tehranın Suriyanın daxili işlərinə qarışmaqda bir az diqqətli olacağını zənn edirəm. Əks halda Tehran Suriyada vətəndaşlarını itirməyə başlayacaq. O ki qaldı Əsədin kimyəvi silah işlətməsi məsələsinə, onun başını tam itirəcəyini düşünmürəm. Çünki, Əsəd kimyəvi silah işlətsə onun və ailəsinin fiziki məhvi gündəmə gələcək".
Əsədin faktiki ölkə üzərindəki nəzarəti itirdiyini qeyd edən E. Şahinoğlu müxalifətin tərəfinə keçən general və diplomatların sayının artdığını diqqətə çatdırıb. Bildirib ki, buna baxmayaraq, Əsədə sadiq olar ordu birlikləri hələ ki, şəhər və qəsəbələri bombardman edirlər. Onun sözlərinə görə, Suriyada savaş hələ bir müddət də davam edə bilər: "Ancaq Əsəd rejiminin sonunun gəldiyini də qətiyyətlə söyləmək mümkündür. Sadəcə bu bir az zaman ala bilər".
Kənan Rzaquliyev