Füzuli Ələkbərovun müavini niyə suçu Dövlət Əmək Müfəttişliyində axtarmır?
Füzuli Ələkbərovun müavini niyə suçu Dövlət Əmək Müfəttişliyində axtarmır?
Natiq Məmmədovun bütün məsuliyyəti yalnız işəgötürənlərdə araması doğru deyil

Dünən KİV-lərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun yeni açıqlamalarına rastladıq. Məmmədovun söyləmlərində xeyli haqlı nüanslar vardı, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi sayəsində çoxsaylı problemlər sadalanırdı.
Məsələn, nazir müavini bildirirdi ki, hazırda Azərbaycanda məşğul əhalinin sayı ilə müqayisədə əmək müqaviləsi əsasında işləyənlərin sayı xeyli azdır. Bu, onu göstərir ki, bir çox işəgötürənlər qeyri-leqal əmək münasibətlərinə yol verməkdə, bununla həm işçi hüquqlarını pozmaqda, həm də müvafiq vergini ödəməkdən yayınmaqda davam edirlər. Doğrudur. Etiraz etmirik. Amma yalnız şikayətlənmək nə üçün? Nazir müavini niyə vəziyyətin bu həddə qədər gəlib çatmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də məsuliyyətindən, indiyədək bu istiqamətdə real nəticələri olan heç bir iş görülməməsindən danışmır?
Natiq Məmmədov onu da deyib ki, qanunvericilikdə mülki-hüquqi müqavilə ilə əmək müqaviləsi arasında prinsipial fərqləri müəyyən edən birbaşa normalar göstərilməmişdir ki, bu da işəgötürənlərin işçilərlə əmək münasibəti yaradarkən daha çox mülki-hüquqi müqavilələrə üstünlük vermələrinə şərait yaradır. Əmək müqaviləsi əvəzinə mülki müqavilənin bağlanmasında məqsəd isə iş yerlərində əməyin mühafizəsi norma və qaydalarına əməl olunmasından, işçinin xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin edilməsindən, onu dövrü olaraq tibbi müayinədən keçirilməsindən yayınmaq, məcburi dövlət sosial sığorta haqqını fiziki şəxsin üzərinə qoymaqdır. Nazir müavininin bu dediklərinə də qatılmaq çətindir. Axı qanunvericilikdə haqqında danışılan boşluq yeni yaranmayıb? İndiyədək həmin boşluğu aradan qaldırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi niyə hərəkətə keçməyib, nəyi gözləyib, nə üçün gözləyib? Kaş Füzuli Ələkbərovun müavini bu suallara da aydınlıq gətirəydi.
Natiq Məmmədovun açıqlamalarında ən absurd, heç cür məntiqi təsir bağışlamayan məqam isə aşağıda dedikləridir: "İşəgötürənlər Əmək Məcəlləsinin 6-cı maddəsinin d yarımbəndinə əsasən mülki-hüquqi müqavilə üzrə işləri yerinə yetirən şəxslər əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzarət dairəsinə düşmədikləri üçün vergidən də yayınırlar".
Açıqca görünür ki, nazir müavini yaranmış situasiyada bütün məsuliyyəti, sorumluluğu yalnız işəgötürənlərin üzərinə qoymağa çalışır. Bu, olduqca yanlış yanaşmadır.
Söhbət ondan gedir ki, indiyədək mətbuatın və ictimaiyyətin müşahidələri belə demək üçün əsas verir ki, Dövlət Əmək Müfəttişliyinin müfəttişləri əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsindən və işçilərin qanuni haqlarının müdafiəsindən çox işəgötürənlərin maraqlarına xidmət etməyə üstünlük veriblər. Əlbəttə, öz maraqları naminə. Nəticədə xüsusilə özəl şirkətlərdə çalışan vətəndaşların bu quruma inamı kəskin şəkildə sarsılıb, onlar Dövlət Əmək müfəttişliyinə müraciət etməyi mənasız saymağa başlayıblar. Çünki dəfələrlə olub ki, bu qurumun müfəttişləri işçilərin şikayəti əsasında yoxlamaya gəlir, sonra da yalnız işəgötürən tərəflə görüşüb və anlaşıb (bəli, məhz ANLAŞIB!) çıxıb gedirlər, problem isə ya ümumiyyətlə, həll edilməmiş qalır, ya da işəgötürənin xeyrinə həll edilir.
Əlbəttə, bu da işəgötürənlərin əlini-qolunu açır, onların həm əmək qanunvericiliyinin tələblərinə sayğısız münasibətini stimullaşdırır, həm də işçilərin daha çox əzilməsinə, onların hüquqlarının daha çox tapdanmasına gətirib çıxarır.
Belədə bütün suçu işəgötürənlərdə axtarmaq, Dövlət Əmək Müfəttişliyini "məsum" göstərməyə çalışmaq nə qədər doğrudur?
Ülviyyə Qasımlı