Vaşinqton Ermənistanla Azərbaycan arasında yaşanan Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirak etmir.
 
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu fikri ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza "Washington Post"da yazdığı məqalədə bildirib.
Onun fikrincə, Moskva da ABŞ hökumətinin bu "etinasızlığ"ından istifadə edərək Azərbaycan və Ermənistanı Qərbdən uzaqlaşdırır və regionda təsir qüvvəsini gücləndirir.
Bir neçə gün əvvəl qoşunların təmas xəttində yaşanmış gərginliyi şərh edən Brayza Rusiya prezidenti Vladimir Putinin intensiv diplomatiyanın köməyi ilə vəziyyəti nəzarətdə saxladığını, əvəzində ABŞ dövlət başçısı Barak Obamanın məsələyə heç bir maraq göstərmədiyini vurğulayıb: "Ağ Ev heç bir rəsmi bəyanat yaymağa da ehtiyac görmədi, ABŞ Dövlət Departamenti isə ehtiyatlı reaksiya ilə kifayətləndi".
M.Brayza qeyd edib ki, Rusiyanın xarici işlər və müdafiə nazirləri də Yerevan və Bakıdan olan həmkarları ilə fəal əməkdaşlıq etdi. Nəticədə aprelin 5-də bilavasitə Moskvanın vasitəçiliyi ilə, lakin ATƏT-in Minsk Qrupunun birbaşa iştirakı olmadan atəşkəs elan olundu: "Beləliklə, Rusiya iki əsas istiqamətdə uğur qazandı. Birincisi, onlar Ukrayna "uğursuzluğundan" sonra beynəlxalq aləmdə öz nüfuzunu bərpa etməyə başladı. İkincisi, Azərbaycan və Ermənistan liderlərində elə təəssürat yarandı ki, sanki Moskva Cənubi Qafqazda strategiyanı təkbaşına müəyyənləşdirir".
Keçmiş səfirin fikrincə, atəşkəs əldə olunandan sonra Putin Azərbaycanı Avropa İttifaqı və NATO-ya alternativ olaraq yaradılmış Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağa məcbur etməyə başlayıb. Eyni zamanda Moskva Rusiya vətəndaşlarının elə adi pasportla Ermənistana səfər edə biləcəklərini açıqlamaqla faktiki olaraq iki ölkə arasındakı sərhədləri aradan götürmüş oldu: "Dağlıq Qarabağ münaqişəsi üzrə vasitəçilik prosesinə qatılmaq üzrə əvvəlki cəhdləri nəticəsiz qalan İran da Rusiya ilə yanaşı olduğunu göstərib. Onlar ABŞ-ın buraxdığı strateji boşluqdan istifadə edib regionda üçtərəfli əməkdaşlıq formalaşdırır".
"Beləliklə, Vaşinqton gözləmə mövqeyi tutarkən Putin Azərbaycan və Ermənistanı Qərbdən uzaqlaşdırır və gələcək böhranlar üçün əsas yaradır", - deyə M.Brayza fikrini tamamlayıb.