Bir müddət əvvəl keçmiş sahibi müğənni Röyanın eks qayınatası Çingiz Cəlilova qaytarıldığı bildirilən "Çudo Peçka" mağazalar şəbəkəsi uğrunda mübarizə yenidən qızışıb.

Mağazalar şəbəkəsinin sahibi ilə «Bank Standart» rəhbərliyi arasında məhkəmə çəkişməsi gedir. İşə hazırda Ali Məhkəmədə baxılır. Bəs məsələnin kökündə nə dayanır? 

Unikal.org  xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, "Çuda Peçka"ya əslində sabiq iqtisadi inkişaf naziri Heydər Babayev sahiblənmək istəyir. Nəzərə alsaq ki, "Bank Standart"ın səhmlələrinin böyük hissəsinin sabiq nazirə məxsus olduğu bildirilir, onda iddianın kifayət qədər ciddi əsaslara söykəndiyini demək olar.

Sabiq nazirin «Çudo Peçka» sevdası necə yarandı?

Araşdırma zamanı məlum olur ki, 2002-ci ildə Cəlilov Çingiz Asim oğlu tərəfindən yaradılan «Çudo Peçka» MMC uzun müddət «Bank Standart» QSC ilə əməkdaşlıq edib və onların arasında kredit münasibətləri mövcud olub. 2011-ci ilin əvvəlində isə bu kredit münasibətləri tərəflər arasında daha böyüyüb, hətta iş birliyi yaranıb. Belə ki, «Bank Standart» QSC-nin idarə heyətinin sədri Səlim Kriman, «Çudo Peçka» MMC və bu ad altında fəaliyyət göstərən mağazalar şəbəkəsinin «Bank Standart» QSC-nin idarəçiliyinə verməsini, həmçinin «Çudo Peçka» MMC-nin təsis payından 10 faizi isə şəxsən ona güzəşt edilməsini Çingiz Cəlilova təklif edib. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, bunun müqabilində, Səlim Kriman müəssisənin Banka olan kreditinin silinəcəyini, mağazalar şəbəkəsinin inkişaf etdiriləcəyini və hər ay Ç.Cəlilova müəssisədən əldə edilən gəlirlə yanaşı, ayrıca olaraq 30.000 AZN ödəyəcəyini söz verib. Bu təklifi müsbət qiymətləndirən Ç.Cəlilov Səlim Krimanla razılaşıb. Bununla bağlı tərəflər arasında rəsmi müqavilə də var. Tərəflər arasında həmçinin «Çudo Peçka» MMC-nin təsis payından 10 faizinin Səlim Krimanın adına olan Koykos adalarında qeydiyyatdan keçməsi göstərilən «KEA Holdings Limited» adlı ofşor şirkətə əvəzsiz olaraq güzəşt edilməsi, həmçinin «Çudo Peçka» MMC-nin «Bank Standart» QSC-nin yaratdığı və onun iradəsi ilə hərəkət edən «Bakery Operating Company» MMC-yə kənar idarəçiliyə verilməsi barədə müqavilələr bağlanılıb. Beləliklə, «Bank Standart» QSC-nin idarə heyətinin sədri Səlim Kriman "Çudo Peçka» MMC-nin təsis payından 10 faiz əldə etməklə yanaşı (qalan 90% indiyə qədər Cəlilovlara məxusdur), Çudo Peçka» MMC-ni idarə etməyə başlayıb.

20 milyonun yaratdığı "qaynarlıq"

Göstərilən müqavilələr bağlanıldıqdan 1 il sonra, yəni 2012-ci ilin fevral ayında Səlim Kriman «Çudo Peçka» MMC-ni inkişaf etdirmək məqsədi ilə böyük məbləğlərdə pula ehtiyac olduğunu bildirərək, Cəlilov Çingiz və onun yaxın qohumları - doğma qardaşı və iki oğluna kredit müqavilələrinə imza etdirməklə, Bank Standartdan 20 milyona yaxın vəsait ayrılmasına nail olub. Cəlilovların həmin dövrdə pul vəsaitlərinin «Çudo Peçka» MMC-nin fəaliyyətinə sərf olunmasına şübhələri olmayıb. Lakin, 2014-cü ildə məlum olub ki, «Bank Standart» QSC onları məhkəməyə verib və məhkəmədə iştirakları olmadan əleyhlərinə qətnamə də qəbul edilib. Qərarda külli miqdarda pul vəsaitlərinin onlardan tutulacağı göstərilib. Bir qədər sonra isə Səlim Krimanın işdən kənarlaşdırıldığı məlum olub. Bu isə bankdan götürülən 20 milyonun Cəlilovlar tərəfindən ödənilməli olacağı deməkdir.

Məhkəmə çəkişmələri

Bundan sonra Cəlilovlar məhkəməyə müraciət edir. Uzun məhkəmə çəkişmələrindən sonra - 2015-ci ilin avqust ayında Cəlilov Çingiz Asim oğlunun Bank hesabından kredit kimi ayrılmış pul vəsaitləri ilə əlaqədar aparılmış bank əməliyyatları barədə çıxarış təqdim olunub. Bu zaman bilinib ki, Cəlilov Çingiz Asim oğlunun hesabında olmuş külli miqdarda, milyonlarla pul vəsaitləri «Çudo Peçka» MMC-yə deyil, çoxlu sayda ayrı-ayrı şəxslərin adlarına olan hesablara köçürülüb. Bununla əlaqədar, Cəlilovlar onların bank hesablarında olan kredit kimi ayrılmış pul vəsaitlərinin kimlərin hesabına və hansı məqsədlərlə köçürülməsinin aydınlaşdırılması üçün banka rəsmi müraciət ediblər. Lakin bank bununla bağlı sənədlər təqdim etməkdən imtina etdiyi üçün sonuncular iddia ərizələri ilə məhkəmələrə müraciət ediblər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cəlilovların iddiası təmin olunur, sonuncuların bank hesablarından külli miqdarda pulları kimlərin və hansı məqsədlərlə başqa şəxslərin hesablarına köçürmələri barədə sənədlərin təqdim edilməsi tələb edilir. «Bank Standart» QSC bu sənədləri təqdim etməmək üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edir və birinci məhkəmə instansiyasının qərarına nail ola bilir. Hazırda həmin işdən Ali Məhkəməsinə kassasiya şikayəti verilib. 

Davamı olacaq...