Demək istədiyim budur, biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, heç bir hökumətin hər hansı şirkətin Azərbaycana sərmayə qoyuluşu ilə bağlı zəruri şəraitin yaradılması üçün ölkə Prezidentinə müraciət etməsinə ehtiyac olmasın.
Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul zamanı bildirib. Prezident deyib:
"Biz yaxşı balans yaratmalıyıq ki, yerli istehsalçılar nəticədə inhisarçılara çevrilməsin. Təbii ki, rəqabətin gücləndirilməsi baxımından idxal vacibdir. Lakin diqqət yetirməli olacağımız məsələ yerli istehsalın qorunması ilə yanaşı, digərləri üçün imkanların yaradılmasından ibarət olacaqdır.

Bizim hədəfimiz budur - "Holcim" və digərləri bunu özləri edə bilsin. Qayda, qanun və prosedurlar olsun ki, onlar gəlib asan şəkildə, bürokratiyasız sərmayə qoya bilsinlər. Arada bir çox şəxsin razılığa gəlib-gəlməməsinə, Prezidentə zəng etməyə ehtiyac qalmasın.
Mənim arzum belə bir şəraiti görməkdir və düşünürəm ki, sizin köməyinizlə bu, baş verəcək. Bu, baş verən kimi, biznes inkişaf edəcək və sərmayə qoyulacaqdır. Bu da yaxşı mexanizmdir, səmərəlidir. Əks təqdirdə, həmişə Prezident, Baş nazir və ya nazirlərdən kömək göstərmək xahiş ediləcək. Ancaq mən ümid edirəm ki, gələcəkdə bu, daha da avtonom şəkildə həyata keçiriləcəkdir".