Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də hərbi əməliyyatların başlanmasının təşəbbüskarı ermənilər olsa da, məruz qaldığı ağır itkilər Ermənistanda təşviş və təlaş yaradıb. Azərbaycan ordusunun erməni işğalçılarının hücumunun qarşısını alması, sonra da hərbi arsenalının ən müxtəlif vasitələrindən və silahlarından istifadə edərək əks-hücuma keçməsi Ermənistan ordusunun döyüş hazırlığı səviyyəsi ilə yanaşı, hərbi-texniki təminat baxımından ordumuzla müqayisədə çox geridə olduğunu göstərdi.

Azərbaycan ordusunun dronlardan, yəni uçan pilotsuz döyüş aparatlarından (UPDA) çox effektiv istifadə etməsi isə erməniləri pərişan edib.
Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, əsgərlərimiz İsrail istehsalı olan İAİ Harop dronu vasitəsilə Ermənistanın Sünik vilayətindən olan könüllüləri Ağdərəyə aparan avtobusu vurub.
Bu zərbə nəticəsində 6 işğalçı cəhənnəmə vasil olub.
 
 
Erməniləri səmadan vuran "kamikadze"

Erməniləri qorxuya salan "Harop" dronunu İsrailin "Taasiya avirit" konserninin bölməsi olan MABAT zavodu istehsal edir.
İlk sınaq uçuşunu 2003-cü ilin payızında Neqev səhrasında etmiş İAİ "Harop" dronunun rəsmi təqdimatı 2009-cu ildə keçirilmiş "Aero-İndia" hərbi-sənaye sərgisində olub.
 
Radar və 360 dərəcəli dönmə bucağına malik rəqəmsal kameraya malik bu uçan pilotsuz döyüş aparatının (UPDA) özəlliyi onun hədəfi aşkarladıqda təyyarə-mərmiyə çevrilməsidir. Müəyyələşdirilmiş rayonda 6 saat uça bilən "Harop" hədəfi nişan alanda komanda dəyişdirilərsə, ya bazaya qayıdır, ya da uçuşu davam etdirir.
185 km/saat sürətlə uçan "Harop" səmaya konteyner tipli buraxılış qurğusu vasitəsilə qaldırılır. 23 kq ağırlığındakı bu UPDA düşmənin hava hücumundan müdafiə sistemlərini, o cümlədən S-300 raket qurğularını da məhv etmək gücünə malikdir. "Harop" UPDA-sı hava-yer" tipli bir neçə raketlə də təchiz oluna bilər.

"İsrail Azərbaycanı dəstəkləyir, bundan sonra da belə olacaq"

İsrailin ən məşhur yazarlarından biri, siyasi analitik İsrael Brukun The Jerusalem Post qəzetində dərc olunmuş "Azərbaycan hücuma məruz qalıb: İsrailin dostunun dəstəyimizə ehtiyacı var" (Azerbaijan under siege: A friend of Israel in need of our support) məqaləsində rəsmi Təl-Əvivin ermənilərin isteriyasına rəğmən, bundan sonra da Bakını dəstəkləyəcəyi, hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcəyi vurğulanır.
 
 
 
"Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də hərbi əməliyyatların qəflətən başlanması birmənalı olaraq Ermənistanın təxribatıdır və bu təxribat Azərbaycan prezidentinin ABŞ-a uğurlu səfərinin Ermənistanda yaratdığı qıcıqla bağlıdır. Azərbaycan prezidentini Vaşinqtonda çox səmimi qəbul etdilər. Dövlət katibi Con Kerri Birləşmiş Ştatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tam dəstəkləndiyini dedi. Rusiyanın dünyada böyüklüyünə görə ikinci hərbi bazasının yerləşdirildiyi Ermənistan isə silahlı təxribata əl atmaq qərarına gəldi. Ermənistanın təxribatı Yerevanın öz vətəndaşları ilə yanaşı, Ermənistanda yaşayan yəhudi icmasını da zərbə altına qoydu. Ermənistandakı yəhudilər Ermənistan rəhbərliyinin və erməni lobbisinin Azərbaycanı gözdən salınmasına yönəlmiş kampanyiasının girovlarına döndülər. Dünyəvi dövlət olan Azərbaycan ABŞ və İsrailin müttəfiqidir, terrorizm  və ekstremizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edir. Ermənistan isə çoxüzlü, məkrli ölkə, cəmiyyəti və kütləvi informasiya vasitələrini terrora məruz qoyan ölkədir.  Dağlıq Qarabağ münaqişəsini Ermənistan "xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında toqquşma" kimi yanlış təqdim edir, Qərb mediasında da bu yalanlara aldananlar olur.  Ermənistanın işğalçı siyasəti və Azərbaycanın Qarabağ bölgəsinə qarşı yürütdüyü terror radikal millətçilik, qanunsuz ərazi iddialarına əsaslanan savaşın klassik nümunəsidir. Ermənistan işğalçıdır və bunu hamı bilməlidir. İşğalçı və işğala məruz qalan var. İsrail rəhbərliyi bu münaqişə ilə bağlı dürüst mövqe tutmalı, terrorçuları pisləməli, müttəfiqləri dəstəkləməlidir. Azərbaycan kimi dostlara indi daha çox ehiyacımız var. Belə dostları əsla itirə bilmərik".
 
 
 
Erməni diplomatın çılğınlığı

Ermənistanın Misirdə və İsraildə səfiri olan Armen Melkonyan İsrail XİN-in Avrasiya bölməsinin rəhbəri Den Orianla görüşərək Təl-Əvivin Azərbaycana silah və hərbi texnika satmasının yolverilməz olduğunu deyib.
Haaretz-in məlumatına görə, D.Orian erməni səfiri dinləyib, sonra isə İsraillə Azərbaycanın dost və müttəfiq ölkələr olduğunu deyib.
Bu isə A.Melkonyanı çılğına döndərib, Yerevanda kəskin narazılıq yaradıb.
Lakin İsrail ermənilərin narazılığını eyninə almaq niyyətində deyil.
MABAT konserninin nümayəndələrindən biri deyib: "Azərbaycan inanılmış, etibarlı və dəyərli tərəfdaşımızdır. Azərbaycana hərbi texnika satmağımız ermənilərdə narazılıq yaradırsa, qoy istədikləri quruma, təşkilata şikayətlənsinlər. Belə narazılıqlara fikir verən deyilik".
İsrail hərbçiləri də ermənilərin çılğınlıqlarını qulaqardına vururlar. Daha doğrusu, onlar İsrail hərbi-sənaye kompleksinin istehsalı olan "məhsullar"ın Dağlıq Qarabağdakı "dördgünlük savaş"da özlərini çox effektiv göstərmələrindən razıdırlar.

 
Ermənilərdə də var, amma

Ermənistanın silahlı qüvvələrində yerli istehsal olan "Krunk" və "Baze" adlı UPDA-lar, yəni dronlar var.
"Krunk 25-1" 20 kq yük daşıyır, 140 km/saat sürətlə uçur. Yeni versiya sayılan "Krunk 25-2" isə 15 kq döyüş yükü daşıyır, 140 km/saat sürətlə uçur, 3500 metr yüksəkliyə qalxır.
 
Ermənilərin üçüncü UPDA-sı olan "Baze" mini-dron sayılır. 5,5 kq çəkisi olan "Baze" cəmi 1,5 kq yük daşıyaraq 100 km/saat sürətlə uça bilir. Səmada 1 saat qala bilən "Baze"nin fəaliyyət radiusu 30 kilometrdir.

Ermənilərin başqa qorxusu da var

Ermənistanın Müdafiə Nazirliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin terrorçularının "qorxulu röya"sına çevrilmiş digər dronlar da var.
Azərbaycan ordusunun malik olduğu taktiki UPDA "ThunderB" 180 kq ağırlıqdadır, səmada 24 saat qala bilir və 150 km radiusda fəaliyyət göstərir.
 
 Bundan başqa, Azərbaycan Silahlı Qüvvələri "Orbiter 2M", "Hermes 450", "Heron-1" və "Aerostar" kimi çox effektiv UPDA-lara malikdir.

 
Düşmən uduzdu

Hərbi ekspertlərin fikrincə, "dördgünlük savaş" Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki baxımdan Ermənistan ordusunu üstələməsi aşkar faktdırsa, ermənilərin Dağlıq Qarabağ münaqişəsi zonasındakı "dron savaşı"nda uduzmaları da danılmaz həqiqətdir.
Azərbaycan ordusu ən müasir savaş taktikalarından yararlanır, düşməni uzaq məsafədən dəqiq zərbələrlə vurur və bu istiqamətdə UPDA-lardan, yəni dronlardan da istifadə edir.
 
 
Ermənilər hələlik yalnız "Harop" kimi "orta" dronların gücünü gördülər. "Hermes" və ya "Aerostar" təki dronların zərbələri isə qat-qat ağır, dağıdıcıdır.
Ermənistan rəhbərliyi Dağlıq Qarabağa yolladığı işğalçı qüvvələrinin tərkibindəki hərbçilərinə ürək-dirək verməyə çalışsa da, onlarda Azərbaycanın dronları qarşısında artıq əməlli xof yaranıb. (Milli.az)