"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanuna görə, hərbi qulluqçunun həyatı dövlət tərəfindən 11 000 manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir - yəni 110 manat. Şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir, həlak olan əsgərlə zabit ailəsi dövlət tərəfindən eyni məbləğdə kompensasiya alır. Hərbçi yaralandıqda, əlillik dərəcəsi aldıqda ona qanunamüvafiq sığorta haqqı ödənilir. Sığortalı həqiqi hərbi xidmət zamanı həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə sığorta məbləği 100 faiz; habelə xəstələnməsi nəticəsində xidmətdən buraxıldıqdan sonra üç il müddətində öldükdə 100 faiz; hərbi xidmətdə olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) 100 faiz; hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda:  I qrup əlilliyə görə 80 faiz, II qrup əlilliyə görə 60 faiz, III qrup əlilliyə görə 40 faiz; sığorta olunan həqiqi hərbi xidmətdə olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: ağır xəsarət aldıqda 25 faiz; yüngül xəsarət aldıqda 5 faiz ödənir. 

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, konkret olaraq, əgər hərbi qulluqçu 1-ci qrup əlil olarsa, 8 min manat, 2-ci qrup 6 600 manat, 3-cü qrup 4 400 manat alır. Xəsarət aldığı halda isə, hərbiyə yararsız tərxis olanda 2 700 manat verilir. Prokurorluq və daxili işlər orqanlarında çalışanlarda sığorta haqqı nisbətən yüksəkdir. Ölüm halında onlara 5 illik əməkhaqqı, yemək, paltar pulu hesablanır, bu isə 17-18 min manat civarındadır. Qeyd edək ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üçün 50 000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5 000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərərə görə yenə 5 000 manatdır. 3000 kub santimetr mühərrik üçün sığorta haqqı 110 manatdır. Bir hərbçidə olduğu kimi. Amma bir hərbçimizin həyatı üçün ödənilən sığorta məbləği bir avtomobilinkindən 5 dəfə azdır. Hətta əmlakın sığortası da əsgərimizin həyatından bahalıdır. Minimum 30 000 sığortalanmaya qarşı 25 000 manat ödənişdir. 

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi" Qaydalarının 3-cü maddəsi bütövlükdə şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqlarına həsr olunub. Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon, şəhər icra hakimiyyəti orqanları iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar; Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar; "Şəhid" Memorial kompleksini yaradırlar; Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunmasını təşkil edirlər; döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanları qoyurlar. 

Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) verilir. Şəhidin ailə üzvünə ailə başçısını itirməyə görə pensiya "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq təyin edilir; Qaydaların 1.2.2 (11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər) və 1.2.5 (Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular) bəndlərində göstərilənlərin öhdəsində olan hər bir ailə üzvünə pensiya minimum əmək haqqının 50 faizi ilə şəhidin orta aylıq əmək haqqının 50 faizinin cəmi kimi hesablanır; Qaydaların 1.2.1 (1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar) və 1.2.4 (Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və  itkin düşmüş mülki vətəndaşlar) bəndlərində göstərilənlərin öhdəsində olan ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya vəfat edənin orta aylıq əmək haqqı məbləğindən onun özünün və öhdəsində olan əmək qabiliyyətli ailə üzvünün payı çıxılmaqla təyin edilir; şəhidin uşaqlarına və əmək qabiliyyəti olmayan valideynlərinə pensiyalar, onların ailə başçısının öhdəsində olub-olmadıqlarından asılı olmayaraq təyin edilir; 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına qanunvericiliklə nəzərdə tutulmuş miqdarda sosial müavinət təyin edilir; Şəhidin ailə üzvlərinin gəlirindən vergi tutulması vergi qanunvericiliyi ilə nizama salınır; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Qaydalarda "şəhidin ailə üzvlərinə işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda üstünlük verilir, müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur" maddəsi çıxarılıb, "şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir" maddəsi də qüvvədən salınıb. 

Qonşu Türkiyədə şəhid ailələri və qazilərə tanınan 62 maddədən ibarət güzəştlər toplusu mövcuddur. Təkcə 13 maddə şəhid varislərinə verilən maddi haqlardır. Şəhid varislərinə nağd təzminat (subay/astsubay/uzman erbaş/erbaş er) 28 785 tl-dir. K.K.K.-lığı İlk Dəstək Yardımı 475 tl (erbaş/er), TSK Dayanışma Vakfı yardımı 7 575 tl və 19 695 tl (subay/astsubay/uzman erbaş), Birlik K.-lığınca edilən ölüm yardımı 575,7 tl (subay/astsubay/uzman erbaş), Tütün Beyiye mükafatı 1 212 tl təzminat (subay/astsubay/uzman erbaş/erbaş er), təqaüd mükafatı 32 292 tl təzminat (subay/astsubay/uzman erbaş), təqaüd (əməkli maaşı - subay/astsubay/uzman erbaşa xidmət əsasına görə) 446,9 tl, təhsil durumuna görə (erbaş/er) 452,3 tl, Oyak ölüm yardımı (subay/astsubay) 16 698 tl, Oyak pensiya mükafatı (subay/astsubay) xidmətdən asılı olaraq, toplu mənzil krediti 19 302 tl, Mehmetçik Vakfı yardımı (erbaş/er) 2 220 tl, kira haqqının dövlət tərəfindən ödənilməsi 10 il, T.C. Emekli Sandığı Ögr.Yrd. ilkokul 197 tl, ortaokul 293 tl, lise 391 tl, universitet 587 tl. Türkiyə, demək olar ki, hər gün şəhid verir. 

Şəhid yaxınları və qazilərə tanınan haqlar da dediyimiz kimi çoxdur. Məşğulluq haqqı, işə qəbulda öncəlik, təyinatda birincilik, ödənişsiz və ya güzəştli səyahət kartları, faizsiz mənzil krediti, dövlət mənzillərindən yararlanma və kirayə yardımı, ailə üzvlərinin əsgərlikdən azad olma və ya yaxın bir yerdə hərbi xidmət keçməsi, tibb müəssisələrindən yararlanma, özəl uşaq bağçaları və gündüz baxım evlərindən yararlanma, TSK reabilitasiya və baxım mərkəzlərindən istifadə, məktəblərdə yatılı oxuma və ya gimnaziyalarda ödənişsiz təhsil, onlara edilən sosial yardımlar, hərbi məktəblərə qəbulda əlavə kontingent uyğulaması, elektrik, su pulunun ödənişində endirim, vergi endirimi, məskən vergisindən azad edilmə, qocalar evi xidməti, orduya məxsus evlərdən yararlanma, şəhid övladlarının özəl təhsil müəssisələrindən ödənişsiz yararlanması, sosial qurumlardan faydalanma, şəhid uşaqlarına ödənən aylıqlar və evlənmələri üçün maddi yardım, xüsusi damğalı pasport, muzey və tarixi yerlərdən, dövlət teatrlarından ödənişsiz istifadə, qazi övladlarının hərbi məktəblərə alınmasında öncəlik, Sosial Güvənlik Qurumunun hər il bir dəfə etdiyi maddi yardım və s. çeşidli maddi dəstək mövcuddur. Türkiyədə əsgər maaşları da fəna deyil. Uzman erbaş - uzman çavuş 1850-2750 tl, astsubay 2650-3320 tl, başçavuş 2879-3650 tl, kıdemli başçavuş 3351-3950 tl, asteymen 2700-2900 tl, teymen 2750-3100 tl maaş alır. 

Müharibədən yenicə çıxmış Ukrayna təcrübəsi də maraqlıdır. Ukraynada bir hərbçi həlak olarsa, onun ailəsinə 609 000 Ukrayna qrivnası verilir ki, bu da 35 931 manata bərabərdir. Əvvəllər birdəfəlik müavinət əmək qabiliyyətlilər üçün yaşayış minimumunun 500 misli qədər idi. Amma 2014-cü ildən yeni qayda tətbiq olunur. Yardımın məbləği hərbçinin rütbəsi və hərbi xidmətdə olduğu müddətdən asılı olmayaraq eynidir. Dəfn üçün ödənən pul 500 qrivnadır. Burada təəccüblü pulun az olması deyil, maraqlıdır ki, Ukraynada dəfn bu qiymətə başa gəlir. Ailə başçısını itirmiş əmək qabiliyyəti olmayan hər ailə üzvü 2014-cü ildə qəbul olunan qanuna əsasən, 1898 qrivna pensiya alır. Həlak olan hərbçilərin ailələri mənzillə növbədənkənar təmin olunmaq və mənzilhaqqı ödənişində 50 faizlik güzəşt hüququna sahibdirlər. Həmçinin pulsuz dərman və tibbi ləvazimatlar almaq, pulsuz protezlə təmin olunmada birincilik, sanatoriya-kurortlarda ödənişsiz müalicə, ya da həmin vəsaitin hesaba ödənməsi, kommunal ödənişlərdə orta göstəricilərdən artıq olduqda 50 faizlik güzəşt, nəqliyyatda havayı gediş, iş yerlərində ştat ixtisarı zamanı üstünlük, həmçinin müəssisənin ləğvi halında yeni işlə təminatda öncəlik, iki ildə bir, dəmir yolu, su və hava yolu ilə pulsuz gediş-gəliş, hökumət və yerli büdcə hesabına hazırlığı həyata keçirilən dövlət ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul imtiyazlar sırasındadır. Ölən hərbçilərin ailə üzvləri başqa imtiyazlara da sahibdirlər, eləcə də vergi ödənişi, yığımlar və rüsumlarla bağlı güzəştlər alırlar. 

Ermənistanda 2012-ci ildə gedən xəbərlərdə xidmət zamanı ölən hərbçilərin ailələrinə 30 min dram verilir. Bu, 4229.87 rubl və ya 94 manat 75 qəpikdir.