İsmət Abbasov kimin “yumurta biznesi”nə qarşıdır?
İsmət Abbasov kimin “yumurta biznesi”nə qarşıdır?

İdxal olunan yumurta ətrafında qalmaqal qopub

Ötən il Kənd Təsərrüfatı Nazirliyi maraqlı bir açıqlama vermişdi. Həmin açıqlamada bildirilirdi ki, Azərbaycan özünün yumurtaya olan tələbatını tamamilə ödəyir, ona görə də ölkəyə kənardan yumurta gətirilməsinə ehtiyac yoxdur.

Hərçənd bu açıqlam ucbatından kənd təsərrüfatı naziri İsmət Abbasov və rəhbərlik etdiyi nazirlik kəskin tənqidlərə tuş gəlmişdi. O vaxt media haqlı olaraq soruşurdu ki, əgər doğrudan da, Azərbaycan daxili yumurta istehsalı ilə yerli tələbatını ödəyirsə niyə o zaman ölkədə bu məhsulun qiyməti kəskin həddə qədər bahalaşıb? Abbasovun nazirliyi həmin günlərdə buna da ənənəvi cavab tapmışdı: “Bu, süni bahalaşmadır”.
Amma sonradan belə məlum oldu ki, əslində situasiya fərqlidir. Belə ki, xaricdən ölkəyə kifayət qədər yumurta idxal edilir və bahalaşmanı da məhz yumurta idxalını nəzarətdə saxlayan hansısa biznes çevrəsi edir. Məqsəd yerli məhsul hesabına daxili tələbatın ödənmədiyi görüntüsü yaratmaq, yumurta idxalının zərurətə çevrildiyi düşüncəsini möhkəmləndirmək, xaricdən gətirilən yumurtanın yerli məhsuldan daha aşağı qiymətə bazara çıxarılmasını təmin etmək, tədricən yerli yumurta istehsalçılarını bazardan tamamilə sıxışdıraraq inhisarçılıq yaratmaqdır. Bu barədə hələ ötən il “Unikal” olaraq öz mənbələrimiz əsasında yazmış və araşdırmalarımıza rəğmən bunda hansı “gizli əl”in maraqlı olduğunu müəyyənləşdirə bilmədiyimizi qeyd etmişdik.
Yenə də bu istiqamətdə hər hansı konkret ünvan göstərmək mümkün deyil, məlum olan isə odur ki, “yumurta idxalı biznesi”ni genişləndirmək istəyən çevrələr arzularına çatıblar. Belə ki, Azərbaycanın daxili bazarlarında artıq xaricdən gətirilən yumurtanın həcmi zaman keçdikcə daha da artır.
Artdıqca da bu istiqamətdə narazılıqlar, narahatlıqlar alovlanmağa başlayır. Məhz belə bir vaxtda dünən yayılan bir açıqlama diqqət çəkməyə bilməzdi. Gəlin əvvəlcə həmin açıqlamaya diqqət edək.
“Hazırda ölkənin quşçuluq təsərrüfatlarında kifayət qədər yumurta istehsal olunmasına baxmayaraq Azərbaycana Ukrayna, Belarusiya kimi ölkələrdən salmaniol təhlükəsi olan yumurtalar gətirlir” - deyə dünən Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev məlumat verib. Onun sözlərinə görə, adı çəkilən ölkələrdə yumurtadan zəhərlənmə faktları gündəmdədir.
Cəmiyyət sədri əlavə edib ki, amma bizim iş adamları heç bir yoxlama aparılmadan bu ölkələrdən yumurta idxal edir: “Biz uzun müddətdir ki, yumurta ixracı üçün şərait yaratmağa çalışırıq. İndiyə kimi müvafiq qurumlar 100-dən çox ölkənin Azərbaycandakı səfirliklərinə müraciət edib. İndi İraq Azərbaycandan yumurta idxal etmək istəyir. Bunun üçün baytarlıq üzrə ekspertlər ölkəmizə göndərilib. Onlar quşçuluq təsərrüfatlarında müxtəlif yoxlamalar aparırlar. Yalnız bundan sonra idxalla bağlı qərarlarını verəcəklər”.
Vəliyev onu da bildirib ki, xaricdən Azərbaycana yumurta gətirilir. Amma yumurtanın idxal olunduğu məkanlarda heç bir yoxlama aparılmır. Bizim ekspertlərə həmin ölkədə epizootik vəziyyətin sabit olduğu bildirilir ki, mütəxəssislər də bu məlumatla kifayətlənirlər. Cəmiyyət sədrinin sözlərinə görə, elə xəstəliklər var ki, onlar gizlədilir və ixraca mane olmasın deyə, bu barədə məlumat verilmr. Ona görə də bu problem yerində mütləq araşdırılmalıdır.
Bəzi iddialara görə, sözügedən açıqlama əslində təsadüfən verilməyib və yumurta istehsalçıları ilə yumurta idxalçıları arasında intriqanın görsənişidir. Bu məsələdə kənd təsərrüfatı naziri İsmət Abbasovun birinciləri müdafiə etdiyi, amma ikincilərin kifayət qədər güclü himayədarlarının olması səbəbindən mövqeyini açıq şəkildə ifadə etməkdən çəkindiyi vurğulanır. Kənd təsərrüfatı nazirinin onsuz da hökumət içərisində dayaqları kifayət qədər sarsılıb, onun yumurta idxalçılarına qarşı müharibə elan edərək başqa bir cəbhədən də şimşəkləri üzərinə çəkmək istəmədiyi qeyd edilir.
Odur ki, İsmət Abbasov hələlik yumurta bazarında inhisarçı mövqeyə sahib olarmaq istəyən idxalçı qrupu özünə yaxın qurumların əli ilə “vurmaq”, onlara bir növ xəbərdarlıq atəşi açmaq istəyindədir. Amma mümkündür ki, proseslərin sonrakı inkişaf kənd təsərrüfatı nazirinin də bu məsələdə açıq mövqe ortaya qoyması, birbaşa özünün bu məsələdə fəallıq etməsi ilə nəticələnsin. Hər bir halda İsmət Abasovun yerli yumurta istehsalçılarını yumurta idxalçılarının ayağına verməyəcəyi deyilir.
Bunun onun onsuz da zəifləyən hökumətiçi mövqeyinə hansı mənfi (və ya, tam əksinə - müsbət!) dividentlər gətirəcəyi isə ən sonda məlum olacaq.
Murad Can