Prezidentdən nazirlərə növbəti tapşırıq
Prezidentdən nazirlərə növbəti tapşırıq

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda son 6 ayda ölkə iqtisadiyyatının inkişaf etdiyini və qarşıda duran vəzifələrin uğurla icra olunduğunu deyən Prezident İlham Əliyev bu ilin 6 ayında ÜDM-in 1,5, qeyri-neft sektorunun 11,3 faiz artdığını bildirib.
"Bu, dünya iqtisadiyyatında ən yüksək göstəricidir" deyən dövlət başçısı bundan sonrakı illərdə də əsas diqqətin bu sahənin inkişafına yönəldiləcəyini vurğulayıb. Bildirib ki, son 6 ayda sənaye istehsalının ümumi həcmi neft hasilatının aşağı düşməsi nəticəsində 3 faiz azalsa da, qeyri-neft sənayesinin inkişafı 8,3 faiz olub. Makroiqtisadi vəziyyət sabitdir, infilyasiya cəmi 2,2 faiz olub, əhalinin pul gəlirləri isə 14,2 faiz artıb. Kənd təsərrüfatında 10,4 faiz artım qeydə alınıb.
Prezident İlham Əliyev bu il şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırıldığını, operativ tədbirlər nəticəsində evlərini itirən insanlar üçün dövlət hesabına yeni mənzillərin tikildiyini deyib. Bundan əlavə, qeyd edib ki, Bakı və ətraf qəsəbələrdə dövlət proqramına uyğun olaraq böyük həcmli işlər gedir, infrastruktur layihələri icra olunur, sosial layihələr həyata keçirilir. Regional inkişaf proqramının icrası nəticəsində 6 ayda bölgələrdə 46 min yeni iş yeri yaradılıb ki, onlardan da 37 mini daimidir.
Prezident İlham Əliyev əmək bazarında ilk növbədə Azərbaycan vətəndaşlarının işlə təmin olunmasının vacibliyinə diqqət çəkərək miqrantların ölkədə fəaliyyətinin tənzimlənməsi və bu sahədə qayda-qanunun yaradılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini bildirib.
"Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir" deyən dövlət başçısı sovet dövründən qalan əmanətlərin qaytarılması və ünvanlı sosial yardımın verilməsi prosesinin davam etdiyini bildirin. Qeyd edin ki, bu, hökumətin yürütdüyü siyasətin sosial xarakterini gücləndirməyə xidmət edir.
"Bizim siyasi, iqtisadi gücümüz diqtə edir ki, Azərbaycan əhalisi daha da artsın" deyən dövlət başçısı ölkədə əhalinin sayı artıq 9,3 milyon nəfərə çatdığını söyləyib.
Prezident İlham Əliyev ölkəmizin beynəlxalq mövqelərinin gücləndiyini, tərəfdaşların sayının artdığını, xarici siyasətlə bağlı fəaliyyətin genişləndiyini də diqqətə çatdırıb.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz ədalətə və beynəlxalq prinsiplərə əsaslanır" deyən Prezident İlham Əliyev danışıqlar prosesində müəyyən durğunluğun olduğunu deyərək status-kvonun dəyişdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Sonra maliyyə naziri Samir Şərifov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
"Əminəm ki, ilin sonuna qədər iqtisadiyyatda müsbət meyillər daha da güclənəcək" deyən Prezident İlham Əliyev infilyasiyanın səviyyəsinin və manatın məzənnəsinin qorunub saxlanması, iqtisadi islahatların daha da sürətləndirilməsi, biznes iqliminin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Bildirib ki, dövlət orqanlarının bisnes strukturlarına əsassız müdaxilələrinə tamamilə son qoyulmalı, elektron sistemə keçid sürətlə aparılmalı, ölkədə yeni sənaye parklarının və iri fermer təsərrüfatlarının yaradılması, köhnəlmiş sənaye müəssisələrinin paytaxtın mərkəzindən kənara köçürülməsi istiqamətində mühüm tədbirlər görülməlidir.
Bundan əlavə, bəzi kənd və qəsəbələrdə əhalinin içməli su ilə daha yaxşı təmin olunması, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, Azərbaycanın və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev TANAP layihəsinin əhəmiyyətindən danışıb. Dövlət başçısı paytaxtda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təhsil müəssisələrinin tikintisi və yenidənqurulmasına dair tapşırıqlarını verərkən gələn ilin büdcəsinin sosial və investisiya yönümlü olacağını bildirib. Qeyd edib ki, indi Azərbaycanın strateji valyuta ehtiyatları 44 milyard dollardır və xarici dövlət borcu ÜDM-in 7 faizini təşkil edir.
Prezident İlham Əliyev bu ilin mayında ölkəmizdə keçirilən "Evrovizion" beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini və müsabiqə tarixində ən gözəl yarışmasının Bakıda baş tutduğunu bildirib. Dövlət başçısı müsabiqə ərəfəsində erməni lobbisinin və antimilli qüvvələrin iştirakı ilə dünyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı çirkin kampaniyanın təəssüf doğurduğunu vurğulayıb. "Biz güclüyük və bizim gücümüz xalqın dəstəyidir" deyə Prezident İlham Əliyev müşavirəyə yekun vurub.