Gürcüstan azərbaycanlılarının miqrasiya problemi necə həll edilməlidir?
Gürcüstan azərbaycanlılarının
miqrasiya problemi
necə həll edilməlidir?

Qafqaz Araşdırmaları Mərkəzi QHT-nin rəhbəri Kamran Ramazanlı hesab edir ki, Gürcüstan azərbaycanlıları ilə bağlı bugünki siyasət yanlışdır. Onun sözlərinə görə, əcnəbilər və qonşu ölkədən olan etnik azərbaycanlılar barəsində fərqli miqrasiya siyasəti yürüdülməlidir. O, Gürcüstan azərbaycanlılarını dörd hissəyə böldü: Azərbaycanda təhsil alan tələbələr, əmək miqrantları, 1989-91-ci illərdə Qamsaxurdiyanın idarəçiliyi dövründə Gürcüstandan deportasiya olunmuş şəxslər və qarışıq ailələr (ailənin bir üzvü Gürcüstan, digər üzvü Azərbaycan vətəndaşı, belə ailələrin sayı 50 minə yaxındır).
Ramazanlı qeyd edib ki, mətbuat konfransının keçirilməsinin səbəblərindən biri son 15 gündə miqrasiya proseslərinin gərginləşməsidir. Belə ki, 12 nəfər miqrasiya rejimini pozduğuna görə Azərbaycandan deportasiya olunub. Bundan başqa, eyni səbəbdən əmək miqrantları kütləvi şəkildə cərimə olunur.
Ramazanlının sözlərinə görə, 300-400 manatlıq bu cəriməni əmək miqrantının özü yox, işə götürən ödəməlidir. Təkcə dünən 25 nəfər cərimə olunub, deyə o bildirib. Bundan başqa, ailə üzvlərinə qarşı da miqrasiya qaydaları tətbiq olunur. Ailə başçısı Gürcüstan vətəndaşıdırsa, Azərbaycanı tərk etməli, yenidən ölkəyə girərək qeydiyyatdan keçməlidir. Bu, ailələrin maliyyə vəziyyətinə ciddi təsir göstərir. Miqrasiya xidməti mətbuatda tənqidlərə reaksiya vermir, deyə Ramazanlı bildirib.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev ölkənin miqrasiya siyasətinin, habelə bu sahədə qanunların tamamilə normal olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti etnik azərbaycanlıların Gürcüstanda doğma yerləri tərk etməsini istəmir. Eyni zamanda, problemlər də var. Belə ki, təmsil etdiyi quruma Azərbaycanda sənədsiz yaşayan beş mindən çox Gürcüstan azərbaycanlısı müraciət edib (əksəriyyətində ümumiyyətlə sovet pasportları var).
Əliyevin sözlərinə görə, dövlət Gürcüstan azərbaycanlılarına münasibətdə amnistiya tətbiq etməlidir, Gürcüstanda, İsraildə, Ermənistanda və bir sıra digər ölkələrdə olduğu kimi (Görünür, söhbət həmvətənlərə münasibətdə miqrasiya siyasətinin sadələşdirildiyi "Həmvətənlər haqqında" qanunda gedir).
O, yeddi ildən artıq Azərbaycanda yaşadığı halda vətəndaşlıq ala bilməyən, habelə müvafiq sənədləri olmayan Gürcüstan azərbaycanlıları haqqında vahid məlumat bazası yaratmağı təklif edib.
O, bu şəxslərin hüquqlarını məhkəmə yolu ilə müdafiə etməsini təklif edib. Hazırda 70 il məhkəmədədir və artıq müsbət qərarlar var, deyə Əlövsət Əliyev bildirib.