Arif Hacılı: “2011-ci ildə aksiyaların dayandırılması yanlış idi”
Arif Hacılı: “2011-ci ildə aksiyaların dayandırılması yanlış idi”

“Görsəm ki, partiyanın mənafeləri mənim başqanlığa namizəd olmağımı tələb edir, namizədliyimi irəli sürəcəyəm”

Müsavat partiyası başqanının həbsdən çıxmış müavini Arif Hacılı müxalifətin mövcud vəziyyətini və 2013-cü ildə keçiriləcək prezident seçkisinə hazırlığını dəyərləndirərkən bildirib ki, “Seçkilərə hazırlıq elə bir işdir ki, “buna tam hazırıq” fikrini söyləyə bilmərik. Çünki hazırlıq prosesi seçki gününədək davam edir.

Ancaq hazırda konkret olaraq 2013-cü il prezident seçkiləri ilə bağlı seçki kampaniyasına hazırlıq hiss olunmur. Daha çox seçkiqabağı demokratik şəraitin yaradılması istiqamətində düşüncələr mövcuddur və İctimai Palatanın Koordinasiya Şurası da diqqətin bu istiqamətə yönəlməsinə üstünlük verir.
Ancaq bu məsələlərlə əlaqədar digər fəaliyyətin dayandırılmasını düzgün hesab etmirəm. Məsələn, 2011-ci ildə kütləvi aksiyaların dayandırılmasının əsas motivlərindən biri kimi o fikir səslənirdi ki, təşkilatlanma prosesi getməlidir və yalnız bundan sonra real mübarizəyə başlanılmalıdır. Bu cür yanaşmanı yanlış hesab edirəm. Çünki bu proses paralel getməlidir. Siyasi fəallıq fonunda təşkilatlanma işinin qurulması daha asandır. Siyasi fəallıq təşkilatlanmaya stimul verən amillərdən biridir. Yüz minlərlə üzvü olan Azərbaycan Xalq Cəbhəsi 1989-1990-cı illərdə məhz siyasi fəallıq fonunda çox sürətlə yaranaraq ümummilli təşkilata çevrilmişdi. Hesab edirəm ki, biz İctimai Palatanı ümummilli təşkilata çevirmək istəyiriksə, Azərbaycanda əsaslı siyasi dəyişikliklərə təkan verən, buna səbəb olan quruma çevirmək niyyətindəyiksə, bütün fəaliyyətimizi siyasi fəallıq fonunda aparmalıyıq”.
Hacılı müxalifətin vahid namizəd məsələsinə toxunarkən bildirib: “Əgər şəxsi və firqə maraqları ictimai maraqları üstələyəcəksə, İctimai Palata dağılacaq. Amma İctimai Palatanın özündə də, cəmiyyətdə də ümumi maraqların, ictimai maraqların üstün tutulmasına siyasi sifariş hazırda güclüdür. Ona görə də İctimai Palatanın gələcəyinə nikbin yanaşıram və düşünürəm ki, bu qurum bundan sonra da Azərbaycanda hansısa siyasi islahatların aparılmasına şərait yaratmaq üçün mübarizəsini davam etdirə biləcək. Əgər təşkilatdaxili demokratiya şəraiti mövcuddursa, müxtəlif fikirlilik, rəqabət şəraiti olmalıdır və buna təbii yanaşmaq lazımdır. Şər, böhtan, təhqir hallarına yol verilməsə, belə rəqabət şəraiti hətta xeyirlidir. Əbülfəz Elçibəyin AXCP-Müsavat münasibətlərinə bir yanaşması var idi. O, bu iki təşkilatı müttəfiq rəqiblər adlandırırdı. Təbii ki, rəqib olmağa ehtiyac olmadığını bildirənlər də olub. Ancaq reallıq bundan ibarətdir ki, həm Müsavat Partiyası, həm AXCP siyasi proseslərə daha aktiv müdaxilə etmək imkanları uğrunda mübarizə aparır və bu təbii ki, müəyyən daxili rəqabət şəraiti də yaradır. Ancaq ümummilli məsələlərdə, prinsipial siyasi məqamlarda, xüsusilə demokratik islahatların həyata keçirilməsinin zəruriliyi ilə bağlı məsələlərdə bu iki təşkilatın mövqeyi eynidir. Məncə biz əgər hansısa nəticələrə nail olmaq istəyiriksə və bunu birlikdə həyata keçirmək niyyətindəyiksə, bizi ayıran cəhətlərdən yox, bizi birləşdirən cəhətlərdən danışmalıyıq”.
Bununla belə, o, iddia edir ki, “Müsavat Partiyasının prezident seçkisində hökmən namizədi olacaq. Ancaq Müsavat Partiyasının namizədi partiyanın üzvü olacaq, yoxsa kənar şəxs olacaq, bu məsələ yəqin ki, seçki prosesində müəyyənləşəcək. Yəni Müsavat Partiyası elə təşkilat deyil ki, öz namizədi olmadan seçkilərdə iştirak etsin. Vahid namizəd məsələsində partiyamızın bu barədə konkret qərarı yoxdur. Amma mən Arif Hacılı olaraq hesab edirəm ki, demokratik düşərgə seçkilərdə vahid namizədlə iştirak etsə, bu, seçkilərdə uğur qazanmağa yardımçı olan əsas amillərdən biri olar”.
AXCP ilə münasibətlərə gəlincə isə o hesab edir ki, “AXCP üzvlərinin namizədinin Əli Kərimli olması tam təbiidir. Əksinə, belə olmasaydı, qeyri-adi və qeyri-təbii olardı. Yaxud da mənim və partiyamızın üzvlərinin namizədinin Müsavat Partiyasının başqanı İsa Qəmbər olması tam təbiidir. Məsələn, mənə irad tuturlar ki, nəyə görə Arif Hacılı həbsxanadan çıxandan sonra prezidentliyə namizədinin İsa Qəmbər olduğunu bəyan etdi. Mənə verilən suala uyğun olaraq bu fikri səsləndirmişəm. Prezidentliyə namizədimin İsa Qəmbər olduğunu bildirməməyim, bu suala cavabdan yayınmağım suallar yarada bilər. Ancaq prezidentliyə namizədimin İsa Qəmbər olması o qədər təbiidir ki, buna təəccüblənən insanlar ya sadəlövhdürlər, ya da qərəzlidirlər. Ancaq AXCP üzvlərinin prezidentliyə namizədinin Əli Kərimli olması, Müsavat Partiyası üzvlərinin İsa Qəmbər olması heç də o demək deyil ki, biz seçkilərdə vahid namizədlə iştirak edə bilmərik. Hazırda müəyyən müzakirələr, söhbətlər gedir və bu məsələyə yanaşarkən ilk növbədə cəmiyyətin maraqları barədə düşünürəm. Hesab edirəm ki, İsa Qəmbər də bu məsələlərdə Azərbaycan cəmiyyətinin maraqlarını əsas götürərək düşünən siyasətçilərdən biridir və əgər seçki kampaniyası dövründə başqa bir namizədlə seçkilərdə iştirak etmək Azərbaycan cəmiyyətinin, demokratik düşərgənin maraqlarına cavab verəcəksə, bu məsələ müzakirə oluna bilər. Məncə, AXCP-də də bu cür düşünən insanlar çoxdur və cəmiyyətin maraqları tələb etdiyi halda onlar da Əli Kərimlinin deyil, başqa bir namizədin prezident seçkisində müdafiə olunması barədə qərar qəbul edə bilərlər.

Natiq