Misir Mərdanovun nazirliyinin oğurladığı talelər
Misir Mərdanovun nazirliyinin oğurladığı talelər
Təhsil başbilənlərini daha kim tənqid etməlidir ki, bu sahəyə necə zərbə vurduqlarını anlasınlar?!

Təhsil naziri Misir Mərdanovun başının üzərində "qara buludlar" sıxlaşmaqdadır. Ölkə prezidentinin məktəb tikintisində və bağçalarda baş alıb gedən əyintilər haqqında sərt açıqlamaları, TQDK-nın tələbə köçürmələri və dərsliklərlə bağlı rəsmi məlumatları, Orxan Kərimov məsələsi, Bakı Şəhər Təhsil İdarəsindəki talançılqlar barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaydığı bəyanat vəziyyətin son dərəcədə kritik olduğunu göstərir.
Üstəlik də TQDK sədri Məleykə Abbaszadənin APA-ya verdiyi son müsahibə.
Bütün bunları tufan öncəsi şaqqıldayan ildırım kimi də qəbul etmək olar. Sadəcə olaraq ildırımın hara düşəcəyi və onun "fəsadlarının" nə olacağı maraq doğurur…
Qəribədir, bu müsahibəyədək Misir Mərdanov çox sakit görünür, istənilən halda heç nə olmamış kimi, müvazinatını saxlamağa çalışırdı. Bəzən adama elə gəlirdi ki, bir belə tənqid, fakt, sübut onun üçün heç milçək vızıltısı da deyil. Əslində onun davranışı içtimai rəyi vecinə almayan məmur mənəm-mənəmliyinin "xrestomatik" bir nümunəsi idi. Nəhayət ki, müvazinat pozuldu, özü də indiyədək Azərbaycanın dövlət idarəçiliyində görünməmiş formada. Zarafat deyil, nazir səviyyəli bir məmur komissiya sədri səviyyəsində olan başqa bir məmuru az qala müxalifətə işləməkdə suçlayır.
Buyurun, nazirliyin bəyanatındakı bir cümləni diqqətlə oxuyun: "Son aylar müxalifət mətbuatının əsas qəhrəmanına çevrilmiş iqtidar nümayəndəsi Məleykə Abbaszadənin Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı verdiyi müsahibələrindəki məlumatlar araşdırılaraq onların əsassız, qərəzli və böhtan olduğu müəyyən edilmişdir".
Qəribədir, TQDK sədri statistik məlumatları bir-bir sadalayır, fakt ortaya qoyur, Mərdanovun komandası isə köhnə mərəzinə uyğun olaraq onu qərəzkar və böhtançı adlandırır. Bu bəyanatdan sonra adamın ağlına istər-istəməz bir sual gəlir: Təhsil Nazirliyinin fəaliyyətini prezident, Prezident Administrasiyasının rəhbəri, prokurorluq, deputatlar, xalq yazıçıları, ekspertlər, vətəndaşlar… tənqid edir, daha kimlər tənqid eləməlidir ki, bu komanda gördüyü işin zibil olduğunu anlasın?! Bəlkə bunlarda da anlamazlıq istedadı var?..
Dünənki "Yeni Müsavat"da tanınmış təhsil eksperti Əlövsət Osmanlı məsələ ilə bağlı maraqlı bir fakt da açıqlayıb. Sən demə, bu il 11-ci sinfi bitirən şagirdlərin sayı 1-ci sinfə gedəndə nə az, nə çox, düz 133 min nəfər olubmuş. Amma TQDK-nın statistikasından məlum olur ki, bu il buraxılış imtahanlarında 78 min şagird iştirak edib, onların da 70 mini (53 faizi) attestat alıb. Deməli, Mərdanovun rəhbərlik etdiyi təlim-tərbiyə sistemi 11 il ərzində 63 min Azərbaycan gəncini heç olmasa, attestat alacaq səviyyəyə qədər də yetişdirə bilməyib. Sovet dönəminin terminologiyası ilə desək, nazirliyin buraxdığı məhsulun 47 faizi heç "texniki nəzarət"dən də keçməyib, özü də dünyada misli bərabəri olmayan yüngül şərtlər daxilində - yalnız ana dili və riyaziyyatdan sadələşdirilmiş imtahan verməklə. Elə ona görə də ekspert Əlösət Osmanlı haqlı olaraq soruşur: "Bu, Azərbaycanda təhsilin olmamasının göstəricisi deyilmi?".
Amma görünən odur ki, bu, təkcə təhsilin olmamasının yox, həm də çox şeylərin olmamasının göstəricisir. O şeylərdən bəziləri olsaydı, Azərbaycan təhsilini ağlar günə qoyan Mərdanov və komandası nazirlikdə yox, tamamilə fərqli məkanda oturardı...
"Olsaydı", dediyimiz şeylərdən biri də ziyalı ləyaqəti anlayışıdır. Ölkənin elmi ictimaiyyətinin gözləri qarşısında Təhsil Nazirliyinin üç vəzifəli şəxsi - nazirliyin şöbə müdiri, ADPU-nun dekanı və lisey direktoru heç bir abır-həya hissi keçirmədən başqalarının əsərlərini oğurlayıb öz adlarına çap etdirir, sistemdə at oynadırlar, amma Mərdanovdan, onun dilmancı Bayram Hüseynzadədən səs çıxmır ki, çıxmır. Siz heç eşitmisinizmi ki, cinayət başında yaxalanmış hansısa oğru qəhrəmanlıq edibmiş kimi döşünü şəstlə qabağa verib "mən hər şeyi yox, olanların yarısını oğurlamışam!" - desin? Əslində bu, həm də Azərbaycanın təhsil sisteminə daraşmış bəzi gəmiricilərin həyat fəlsəfəsidir: "Biz hər şeyi yox, olanların yarısını oğurlamışıq!".
Oğurlanan həm də 63 min azərbaycanlı gəncin taleyidir...
Nadir İsrafilov,
təhsil eksperti