İlk baxışdan ürək oxşayan, şirin bir məhəbbət hekayəsinə bənzəyə bilər. Bir vaxtlar eyni həyətdə, elə quruca torpağın üstündə oynayıb gün keçirən iki uşaq sonradan bir-biriylə ailə qurur. Ancaq...

Ancaq məsələ ondadır ki, Əli ilə ailə quranda, Leylanın - 10, Əlininsə 15 yaşı varmış.

"Gecəydi, mən yatmışdım. Birdən qapının zəngi çalındı, gələn qonşularımız idi. Barmağıma üzük taxdılar və beləcə, ərə verildim".

Unikal.org azadliq.org-a istinadən bildirir ki, gizliliyi üçün adını "Leyla" kimi tanıtdığımız gənc qız o günü belə xatırlayır.

İndi Leylanın 22 yaşı var. O bu qısa ömür yolunun yarıdan çoxunu ailə qayğısına həsr edib. Bu baxımdan, tək deyil. İranda bənzər taleyi yaşamış on minlərlə qızcığaz var. Bu ölkədə qanun icazə verir ki, qız uşağı valideynin razılığıyla - 13 yaşında, hakimin icazəsi olduğu haldasa daha erkən ailə qursun. Oğlanlara yaş məhdudiyyəti 15-dir.

İran Vətəndaş Aktlarının Qeydiyyatı İdarəsi-nin məlumatına görə, ötən il ölkədə 37 min erkən nikah qeydə alınıb. Reallıqda bu rəqəm daha da yüksəkdir. Çünki ailələrin çoxu belə nikahları qeydə aldırmır.

Leyla deyir ki, onun yaşadığı Şərqi Azərbaycan vilayətindəki kənddə qız uşaqlarının çoxu 10 yaşından ərə verilir.

Toy gününü çox az xatırlayır, 10 yaşı olduğundan, çalınan toyu, təbii olaraq, növbəti bayram şənliklərindən birinə bənzədib. Şənlik bitincə də tək istəyi evlərinə, anasının yanına dönmək olub:

"Əliyə demək istəyirdim ki, bugünlük oyun bitdi. Sabah evimizə gedib anamın paltar tikməsinə kömək etməliyəm".

Halbuki onun üçün kabus yenicə başlayırdı. Əli toy missiyasını başa çatdırmaqda qərarlı idi. 10 yaşı olan Leyla cinsi yetişkənlik həddinə çatmadığından, onun əri ilə ilk intim əlaqəsi yaddaşında işgəncə kimi qalıb.

"İndinin özündə də bu barədə danışanda əllərim əsir. Təsəvvür edə bilməzsiniz, bu, mənim üçün nə qədər çətin idi", - titrək səslə deyir Leyla.

Halı pisləşdiyindən, ertəsi gün həkim çağırıblar. Ancaq həkim ona ürək-dirək verməyi yetərli sayıb və deyib ki, "fikir vermə, hərdən belə şeylər olur".

BMT-nin məlumatına görə, İranda belə hallar hərdən yox, çox tez-tez olur. Bu üzdən, qurum həyəcan təbili çalır.

9 yaşında da ərə verirlər

Təşkilatın Uşaq Hüquqları Komitəsi rəsmi Tehranı qız uşaqlarının hətta 9 yaşında ərə getməsinə icazə və ya imkan verən qanunlarda təcili dəyişiklik etməyə çağırıb.

İranlı sosioloq Mostafa Eghlima əmindir ki, sosial inkişaf səviyyəsi və ölkənin inzibati strukturunda əyalətlərin say üstünlüyü uşaq evliliklərində böyük rol oynayır:

"Kənd və ya qəsəbələrdə yaşayanlar kasıb insanlardır. Onlardan ötrü qızlarının 8 və ya 9 yaşında ailə qurması çox da önəmli deyil. Əsas odur ki, kiməsə ərə verib artıq yük kimi başlarından edirlər".

Mostafa Eghlima belə uşaq evliliklərində ərin də azyaşlı - 15-16 yaşında olduğunu vurğulayır.

Belçikalı uşaq psixoloqu Mojgan Kahen-in sözlərinə görə, uşaq yaşında zorla ərə verilən qızcığazlar sonradan psixoloji problemlər yaşayır və həmişə qorxu hiss edirlər.