Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılan Mahmud Quliyev danışıb.
 
 
Unikal.org-a açıqlama verən sabiq başçı prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib:"Prezident etimad göstərdi, vəzifəyə qoydu. 16 il işləmişəm, prezidentə minnətdaram. İndi də işimdə nöqsanlar olduğu üçün prezident vəzifədən çıxarılmağımla bağlı qərar verib. Çox düzgün qərardır".
M.Quliyev işdən çıxarıldıqdan sonra Prezident Administrasiyasından verilən açıqlamaya da münasibət bildirib:"Nə deyiblərsə düzdür. Yəqin etimadı itirmişəm, nəsə iradlar var. Onsuzda işdən çıxan adam haqqında yaxşı demirlər ki? Nə deyib çıxaracaqdılar ki?İşdən çıxan adama yaxşı deyərlər ki?".
 
M.Quliyev  aznews.az-a "bundan sonra nə işlə məşğul olacaqsınız" sualına isə belə cavab verib: "Mən pensioner adamam. Gedib ailə quracağam".
 
Qeyd edək ki, Mahmud Quliyev 22 iyul 1952-ci ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinə anadan olub. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2000-ci il tarixli 593 nömrəli Sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2000-ci ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Xatırladaq ki, Mahmud Quliyev bir müddət əvvəl vətəndaşları təhqir etməsi və söyməsilə gündəmə gəlmişdi. Dünən isə Prezident İlham Əliyev Mahmud Quliyevin və Laçın rayon İcra Hakmiyyətini başçısı Akif Səlimovun işdən azad olunması ilə bağlı sərəncam imzalayıb. Daha sonra isə Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev onların işdən azad olunması ilə bağlı verilən qərarı şərh edib: "Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər".