Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam verib.
Unikal.org-un məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm Mərkəzi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi, Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "Məzun evi" Sosial Müəssisəsində çalışan rəhbər və digər işçilərin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq vəzifə maaşları 2016-cı il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə bu  təşkilatlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini müəyyən etmək tapşırılıb.