Ombudsmandan Bakı merinin «kefinə soğan doğrayacaq» təklif!


 

 

Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması, həmçinin istər bu müəssisələrin, istərsə də orta məktəblərin birbaşa həmin nazirliyin büdcəsindən maliyyələşdirilməsi məqsədəmüvafiqdir. Bu barədə təklif "Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində yer alıb.


 

Məruzədə qeyd olunub ki, uşaq baxçalarında mövcud olan uşaq yerlərinin sayı müvafiq ərazidə, rayonda, şəhərdə yaşayan məktəbəqədər yaşlı uşaqların sayından olduqca azdır: "Eyni zamanda, I siniflərə şagirdlərin qəbulu zamanı 6 yaşlılara verilən məntiq testlərinin sualları çətin olmaqla, bu yaşda uşaqların əksər hissəsinin real təfəkkür və düşünmə tərzi ilə ciddi fərqlər təşkil edir. Bu da bir çox valideynləri məktəbə hazırlıq dövründə uşaqları xüsusi repetitorlara yönəldərək pul sərf etmək məcburiyyətində qoyur. Bunun əsas səbəbləri kimi məhz uşaqların intellektinin və düşüncə tərzinin düzgün formalaşmasında rol oynayacaq məktəbəqədər təhsil müəssisələrinin az olması, tərbiyəçi müəllimlərin peşəkarlıq tələblərinə cavab verməməsi və həmin müəssisələrin yerli icra hakimiyyətlərinin tabeliyində olmaqla təhsil və Təhsil Nazirliyi sistemindən uzaqlaşmasıdır".

 

Məruzədə vurğulanıb ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər: "Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi uşaqların sayı ilə bu təhsillə əhatə səviyyəsi arasında nəzərəçarpacaq fərqin aradan qaldırılmasına imkan verə bilər.

 

 

Qeyd edək ki, illik məruzə Milli Məclisin martın 4-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Onu da deyək ki, uşaq baxçalarının icra hakimiyyətlərindən alınıb Təhsil Nazirliyinin tərkibinə qaytarılması təklifi bir müddətdir səsləndirilir. Amma ilk dəfədir ki, bu Ombudsman səviyyəsində dilə gətirilir.

 

Yada salaq ki, 2011-ci ilədək nazirliyin balansında olan bu sahə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdi. Bu yerdəyişmənin uşağ baxçaları ilə bağlı problemlərin həllinə heç bir faydası olmadı, əksinə, neqativ hallar baş verdi, yeni bağçalar tikilmədi, uşaq müəssisələrində yer olmadı və bu da müxtəlif arzuolunmaz fikirlərə yol açdı.

 

İndi ölkəmizin təqribən 60% yaşayış məntəqəsində uşaq baxçası yoxdur. Bu, heç də ürəkaçan və yaxşı hal deyil. Mövcud uşaq müəssisələri isə tələbatı ödəmir.

 

Zaman-zaman uşaq baxçalarının "sahibi"nin dəyişməsi məsələsinin təkrar gündəmə gətirilməsi isə heç də təsadüfi deyil, hətta yerində olan məsələdir. Ekspertlərin fikrincə, uşaq baxçalarının Təhsil Nazirliyinin tabeliyində olmasının məntiqli olduğunu düşünür. Söhbət məktəbəqədər təhsil müsəssisələrinin təmiri, əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, ən önəmli məsələnin, təlim və tərbiyə prosesinin düzgün təşkil olunmasından gedir. Onların sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti strukturlarında təlim və tərbiyəni həyata keçə biləcək müxtəxəssis heyəti yox dərəcəsindədir. Yəni istər məktəbəqədər təhsil müəssisələri üçün kurikulumun, tərbiyəçi müəllimlərin hazırlanması, təkmilləşməsi və onların yetişdirilməsi üçün ali məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi kimi məsələləri yalnız və yalnız Təhsil Nazirliyi edə bilər. Yerli icra hakimiyyəti strukturlarının bu cür mürəkkəb prosesləri həyat keçirmək imkanları yoxdur.

İndi uşaq baxçalarının inşaası, təminatı və təmiri, eləcə də əhatə dairəsinin genişləndirilməsinə gəlincə, ekspertlər diqqətə çatdırırlar ki, bu məsələ sovetlər dövründən təcrübə var. Bu məsələ Təhsil Nazirliyinə verilsə, bunun öhdəsindən daha uğurla gələ bilər.

 

Bir sözlə, Ombudsmanın məlum təklifi cəmiyyətin böyük kəsimi tərəfindən də müsbət qarşılanır, ona görə də hesab etmək olar ki, həmin təklif çox keçmədən reallaşacaq. Bu isə xüsusilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun səlahiyyətlərinin azalması demək olacaq. Çətin ki, Bakı meri nəzarətindəki yüzlərlə belə müəssisənin əlindən alınmasından məmnun qalsın. Onun hətta bu təklifin reallaşmaması üçün əlindən gələni edəcəyi də kifayət qədər realdır.

Sənan Mirzə