"Türkiyə ordusunun Başiqa düşərgəsindəki tankları İŞİD-ə qarşı quru əməliyyatı aparır."
Unikal.org anspress-ə istinadən bildirir ki, bu iddianı İngiltərənin nüfuzlu "Daily Telegraph" qəzeti irəli sürüb. Qəzet peşmərgələrə və yerli şahidlərə istinad etdiyi xəbərdə Başiqa düşərgəsində olan Türkiyə ordusuna mənsub mindən çox əsgərin İŞİD-ə qarşı gizli quru əməliyyatı apardığını yazıb. Peşmərgə komandiri Bəhram Yasin Türkiyə quru qoşunlarının Başiqadan İŞİD qruplaşmasını bombardıman etdiyini bildirib.  
"Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərlik etdiyi koalisiya qüvvələri kifayət qədər işlərini görsəydilər türklərin gəlməsinə ehtiyac olmazdı." - deyə Yasin qeyd edib.
Şahidlər Başiqanın ətrafında tanklar dolaşdığını, İŞİD silahlılarını vurduğunu, bu tankların Türkiyə ordusunun istifadə etdiyi M60T tankları olduğunu bildiriblər.  
Daha bir peşmərgə Cəbər Yavər Başiqada hələ də min ilə 2 min arasında türk hərbçi olduğunu bildirib. Bu hərbçilərin Bağdadla əldə oluan razılaşmaya əsasən Başiqaya göndərildiyini deyən Yavər Türkiyə ordusu ilə heç bir münasibətləri olmadığını açıqlayıb. Cəbər Yavər onların Başiqaya gəlməsi istiqamətində hər hansı bir tələbləri olmadığını da bildirib.
"Türkiyə Silahlı Qüvvələri" 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhəddinə yaxın Başiqa bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyi yerləşdirib. Daha əvvəl 80-90 olan bölgədəki türk əsgəri sayının ötən ilin dekabrında rəsmi olaraq 138-ə çatdırıldığı bildirilmişdi. Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olmuş, zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilmişdi.
Türkiyə Silahlı Qüvvələrinin Şimali İraq Mosul əyalətinin Başiqa şəhərində İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsidə peşmərgələrə silahlı təlim keçməsini rəsmi Bağdad hiddətlə qarşılamışdı.
2015-ci il dekabrın 24-də Misirdə keçirilən "Ərəb Liqası"nın iclasında Türkiyənin Başiqa əməliyyatlarını İraqın suverenliyinin pozulması kimi qiymətləndirilmişdi. Liqanın baş katibi Nəbil əl Ərəbi isə Türkiyənin BMT-nin prinsiplərini kobud şəkildə pozduğunu vurğulamışdı.

İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri Ankara ilə münasibətlərin bərpa olunması üçün Türkiyə qoşunlarının geri çəkilməsini vacib şərt kimi göstərmişdi.